Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.04.2020 15:00
  • A-
  • A
  • A+

"Horizon 2020": Tibbi araşdırmalar” mövzusunda vebinar keçirilib

"Horizon 2020": Tibbi araşdırmalar” mövzusunda vebinar keçirilib

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən “Pandemiya şəraitində "Horizon 2020": Tibbi araşdırmalar” mövzusunda vebinar keçirilib. Vebinar idarənin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevanın moderatorluğu ilə baş tutub.

Əvvəlcə E.Əlirzayeva "Horizon 2020" proqramının imkanları, Azərbaycan alimlərinin bu layihələrdə iştirakı və "Horizon 2020" üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) şəbəkəsi haqqında məlumat verib.

Tədbirdə müvafiq istiqamətlər üzrə MƏŞ şəbəkəsi üzvlərinin məruzələri dinlənilib.

Hüquq və maliyyə aspektləri üzrə MƏŞ, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev “Müxtəlif ölkələrin tədqiqatçıları üçün Avropa elmi-tədqiqat çərçivə proqramlarında iştirak imkanları” adlı məruzəsində iştirakçıları "Horizon 2020" proqramının maliyyə imkanları, layihələrin hazırlanması və təqdimatına qoyulan tələblərlə tanış edib.

Sonra Ərzaq təhlükəsizliyi, Davamlı kənd təsərrüfatı, Bioiqtisadiyyat və Biotexnologiya üzrə MƏŞ, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və Planlaşdırma şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov “COVID-19 və elmi əməkdaşlıq layihələri üçün imkanlar” mövzusunda məruzəsini təqdim edib. O, pandemiya ilə əlaqəli Avropa ölkələri tərəfindən həyata keçirilən layihələr, tibb və qida təhlikəsizliyi üzrə çağırışlar və bu imkanlardan istifadəyə dair statistik analizin nəticələrini diqqətə çatdırıb.

Tədbirdə Səhiyyə, demoqrafik dəyişiklilər və rifah üzrə MƏŞ, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova “Horizon 2020" çərçivəsində “Səhiyyə, demoqrafik dəyişiklik və rifah” sahəsində layihə imkanları” adlı məruzə ilə çıxış edib. Alim tibb və ona yaxın sahələr üzrə mövcud çağırışların araşdırılması, müraciət və layihələrin hazırlanması qaydaları, həmçinin bu istiqamətdə hazırda Azərbaycan alimləri tərəfindən əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Daha sonra Avroatom üzrə MƏŞ, Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Bölməsinin rəhbəri Fuad Novruzov “Ağciyərlərin COVID-19 bənzəri iltihabında Pozitron Emissiya Tomoqrafiya və kompüter tomoqrafiyasının əhəmiyyəti” adlı məruzəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatorluğu ilə 50-dən çox təşkilat tərəfindən birgə həyata keçirilən layihənin mahiyyəti və perspektivləri ilə iştirakçıları tanış edib. O, Azərbaycan mütəxəssislərini bu layihəyə qoşulmağa səsləyib.

İclasda “Azərbaycanda elmin inkişafı üçün COST proqramı çərçivəsində imkanlar” mövzusunda məruzə ilə çıxış edən Avropa Tədqiqat Mərkəzi və COST üzrə MƏŞ, Azərbaycan Milli Antidoping Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov COST proqramının imkanları, təqdimat qaydaları və hazırda Azərbaycan alimlərinin həyata keçirdiyi 7 uğurlu layihə barədə danışıb.

Təlim və Karyeranın İnkişafı üzrə Mari Sklodovska-Küri Təqaüd proqramı üzrə MƏŞ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov “EURAXESS: COVID-19 üzrə Mari Sklodovska-Küri proqramı çərçivəsində layihə imkanları” adlı məruzəsində Avropa ölkələri tərəfindən COVID-19 üzrə elan edilmiş fərdi qrantlar, onların imkanları və təqdimat qaydaları haqqında məlumat verib.

Tədbirdə, həmçinin Azərbaycan Tibb Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış edərək COST üzrə 2 yeni layihə və onların əhəmiyyəti barədə danışıb, iştirakçıları "Horizon 2020"nin imkanlarından istifadəyə təşviq edib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov da təmsil etdiyi təşkilatın COST üzrə qoşulduğu yeni layihə haqqında məlumat verib. O, COVID-19 üzrə ətraflı tədqiqatların aparılması üçün Azərbaycanın tibb, biologiya və digər sahələr üzrə alim və mütəxəssislərini birgə fəaliyyətə səsləyib.

Vebinarda Azərbaycan Tibb Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mərkəzi Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Həkimlər və Təbib Tələbələr İctimai Birliyi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Milli İdman Tibb və Reabilitasiya İnstitutu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, HB Güven Klinikası, Turan klinikası, Bakı Dövlət Universiteti, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və AMEA-nın müvafiq institutlarında 60-dan çox alim və mütəxəssis iştirak edib. Tədbirə, həmçinin Almaniya və Fransada müvafiq sahələr üzrə təhsil alan doktorantlar da qatılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: