www.science.az
08.05.2020 13:43

Akademik Musa Rüstəmovun 90 yaşı tamam olur

Bu gün görkəmli alim, “Şöhrət” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, akademik Musa Rüstəmovun anadan olmasının 90, elmi fəaliyyətinin 65 illiyi tamam olur.

Akademik Musa Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsini bitirərək, Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda elmi fəaliyyətə başlayıb. Alim 1959-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1988-2011-ci illərdə həmin institutun direktoru olub. Hazırda bu elmi müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri vəzifəsində çalışır.

O, 1961-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cı ildə isə həqiqi üzvü seçilib.

Musa Rüstəmov neft emalının dərinləşməsi üçün heterogen katalitik proseslərin yaradılması sahəsində görkəmli alimdir. Onun rəhbərliyi altında yeni nəsil katalitik krekinq prosesi sistemi (Q-43-107) yaradılıb. Bu yüksək səmərəli sistem keçmiş SSRİ-nin bir sıra zavodlarında və “Azərneftyanacaq” İB-də (indiki Heydər Əliyev adına NEZ) tətbiq olunub.

Alimin rəhbərliyi altında respublikamızda hidrogen energetikası sahəsində ilk tədqiqat işləri aparılıb, enerji daşıyıcılarının respublikamızda gələcək istifadəsi konsepsiyası, Azərbaycan neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanıb. M.Rüstəmovun apardığı çoxcəhətli elmi tədqiqatların nəticələri 800-dən artıq elmi əsərdə, o cümlədən 4 monoqrafiya, 137 müəlliflik şəhadətnaməsi və patentdə əksini tapıb.

Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən akademik M.Rüstəmovun rəhbərliyi ilə 15 elmlər doktoru və 51 fəlsəfə doktoru hazırlanıb.

O, Şərqi Avropa ölkələri akademiyalarının neft kimyası problemi üzrə birgə işlənilən katalitik və destruktiv izomerləşmə mövzusunun rəhbəri, Ümumdünya Hidrogen Energetikası üzrə Assosiasiyasının üzvü və 1976-1982-ci illərdə keçmiş SSRİ EA Rəyasət Heyətinin Hidrogen energetikası üzrə komissiyasının üzvü olub.

Akademik M.Rüstəmov AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən “Neft kimyası” və “Yanacağın kimyası və texnologiyası” üzrə elmlər və fəlsəfə doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın üzvü, eləcə də “Neft kimyası və neft emalı prosesləri” adlı jurnalın baş redak­toru, “Azərbaycan kimya jurnalı”nın isə redaksiya heyətinin üzvüdür. 

Alim əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR Əməkdar elm xadimi”, 1982-ci ildə isə “Azərbaycan SSR Dövlət Mükafatı Laureatı” adlarına layiq görülüb, 2004-cü  ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, həmçinin 2002-ci ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülüb.

Görkəmli alim Musa Rüstəmovu 90 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.