Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Türk dünyasının Astanasında beynəlxalq elmi konfrans
05.11.2014 00:00
  • A-
  • A
  • A+

Türk dünyasının Astanasında beynəlxalq elmi konfrans

Bu günlərdə Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Türk dünyası: Böyük şəxsiyyətlərin irsi” mövzusunda elmi konfrans keçirilib. Beynəlxalq forum Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2013-cü ildə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin III sammitində irəli sürdüyü təşəbbüs əsasında gerçəkləşib. Tədbirdə Azərbaycan, Türkiyə, Polşa, Rusiya, ABŞ, Yaponiya, Mon¬qo¬lıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş alim və ictimai xadimlər iştirak ediblər.

Konfransın gündəliyinə böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 150, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illikləi, türk dünyasının birlik rəmzinə çevrilmiş İsmayıl bəy Qaspıralının vəfat etməsinin 100 illiyi və eləcə də qazax xalqının görkəmli ictimai-siyasi xadimləri Turar Rıskılovun və Sultan bəy Kojanovun 120 illik yubileyləri münasibətilə mövzular daxil edilmişdi.

Konfransda ölkəmizi AMEA-nın vitse-prezident, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli təmsil edib.

Beynəlxalq Türk Akademiyasının prezidenti, tarix elmləri doktoru, professor Darxan Kıdırəli tədbiri açaraq konfrans nümayəndələrini salamlamış, akademiyanın yaranması tarixinə toxunaraq 2009-cu il 3 oktyabrda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında bu istiqamətdə qəbul edilən Naxçıvan Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsindən danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Böyük mütəfəkkir Əli bəy Hüseynzadə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 21 yanvar 2014-cü ildə ədəbi-tarixi Sərəncam imzaladığını və ölkədə bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb: “Əli bəy Hüseynzadə Azərbaycan ədəbi-ictimai fikrinin Türk dünyasına bəxş elədiyi görkəmli ədəbi simalardan biridir. Mütəfəkkirin fəlsəfi baxışlarını, ictimai-siyasi görüşlərini, həm də ədəbiyyat düşüncəsini mükəmməl şəkildə ifadə edən ”Siyasəti–fürusət” (“At oynatmaq siyasəti”) əsəri Azərbaycan ictimai fikri tarixində, bütövlükdə türk dünyasında böyük Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilə müqayisə oluna bilinən möhtəşəm sənət əsəridir.”

Akademik İsa Həbibbəyli məruzəsində Cəlil Məmmədquluzadə və Əlibəy Hüseynzadə, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları məsələsinə də aydınlıq gətirib, adları çəkilən böyük şəxsiyyətləri Azərbaycanın türk dünyasına bəxş etdiyi qoşa zirvələr kimi təqdim edib.

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-ictimai fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Ölkə Prezidenti cənab İlham Əliyevin ədəbi-ictimai fikir tariximizdə layiqli yer tutan, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsul¬zadənin 130 illik yubileyinin keçirilməsi ilə əlaqədar 22 noyabr 2013-cü il tarixli Sərəncamını diqqətə çatdıran məruzəçi “qələm, kəlam və məfkurə ustadı”nın ədəbi-ictimai fəaliyyətinin Bakı, həm də mühacirət dövrünü yüksək dəyərləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: