Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dünyanın fəlsəfi fikir mühitində parlaq imza: Səlahəddin Xəlilov
05.11.2014 00:00
  • A-
  • A
  • A+

Dünyanın fəlsəfi fikir mühitində parlaq imza: Səlahəddin Xəlilov

Möhbəddin Səməd

 

Mən Azərbaycanın böyük alimləri və sənət adamları haqqında çox araşdırmalar aparmışam. Həmişə də belə bir qənaət hasil olub ki, bizim alimlər məhz xarici ölkələrdə, əsl elmi mühitə düşəndə daha yüksək elmi nəticələr göstərirlər. Əlbəttə, Lütfi Zadə də, Kərim Kərimov da vətəndən uzaqda yaşayıb-yaratdıqlarına baxmayaraq, bizim milli iftixar mənbəyimizdirlər. Lakin hər halda onların yaradıcılığından, fəaliyyətindən daha çox başqaları bəhrələnib. Ona görə də, məni həmişə belə bir sual narahat edib: bizim istedadlı adamlar öz ölkəmizdə yazıb-yaratmaqla beynəlxalq miqyasda özünü təsdiq edə bilərlərmi? Bu, əlbəttə, çox çətindir. Xüsusən, ictimai elmlər və milli fəlsəfi fikir sahəsində əlavə çətinliklər mövcuddur.

Son yüzilliklər ərzində dünya fəlsəfi fikri əsasən Qərb filosofları tərəfindən formalaşdırılır və bizim bu prosesdə iştirakımız yox dərəcəsindədir. Belə vəziyyət təbii ki, bizi qane edə bilməz. Digər tərəfdən, xaricdə yaşayıb milli fəlsəfə yaratmaq da mümkün deyil. Deməli, nicat harda isə daxildə axtarılmalıdır.

Otuz ildən artıqdır ki, istedadına əmin olduğum, gələcəyinə böyük ümid bəslədiyim bir nəfərin yaradıcılığını izləyirəm. 1979-cu ildə elmimizin gələcəyi ilə əlaqədar Azərbaycanın tanınmış alimlərindən müsahibələr götürürdüm. Onların sırasına o vaxt Sovet İttifaqında ən gənc fəlsəfə elmləri namizədi olan Səlahəddin Xəlilovu da daxil etmişdim. “Hiss, intellekt, fəhm” mövzusunda olan bu müsahibə sonralar kitabda (“Dialoqlar”, Bakı, “Azərnəşr”, 1982) da çap olundu. Keçən müddət ərzində mən Azərbaycanı dünyada təmsil edən böyük şəxsiyyətlərimiz: Toğrul Nərimanbəyov, Lütfi Zadə, Kərim Kərimov, Əli Cavan və s. haqqında çoxlu məqalələr və bir neçə kitab yazdım. Amma “gənc dostumu” da unutmadım, ümidimi itirmədim. Axı, fəlsəfə riyaziyyat deyil, bəhrəsi çox gec yetişir. Belə düşünürəm ki, bu gün artıq onun haqqında yazmaq vaxtı çatmışdır.

AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun elmi yaradıcılığı da, ictimai fəaliyyəti də çox zəngin və hərtərəflidir. Bu barədə oxucuların az-çox məlumatı olduğundan, bu məqalədə onun ancaq beynəlxalq miqyasdakı elmi fəaliyyətini işıqlandırmağa çalışacağam. 12 kitab, 140 elmi məqalə – bunlar onun ancaq xaricdə nəşr olunan əsərləridir. Bundan əlavə, S.Xəlilovun neçə-neçə beynəlxalq elmi konfranslarda məruzələri, nüfuzlu elmi təşkilatlarda, elmi jurnalların redaksiya şuralarında və beynəlxalq elmi ekspertiza sistemində səmərəli fəaliyyəti də iftixar hissi doğurur.

Türkiyədə də, İranda da, ərəb ölkələrində də tədqiqatçılar əsasən iki qütbə ayrılırlar: onlar üzünü ya fəlsəfə tarixinə tutur, İslam dünyasının parlaq dövründə – orta əsrlərdə əldə olunmuş fəlsəfi nailiyyətləri “üzə çıxarmaqla”, yəni Şərq maarifçiliyi ilə, ya da Qərb fəlsəfəsinin klassik nümunələrini öyrənmək, öz dilinə tərcümə etmək, ən yaxşı halda onların şərhini verməklə, yəni Qərb maarifçiliyi ilə məşğul olurlar.

Məhz belə bir şəraitdə Səlahəddin Xəlilovun Şərq və Qərbin vəhdətindən çıxış edərək yeni sintetik fəlsəfi təlim yaratmaq istiqamətində gördüyü işlər tək Aərbaycan üçün deyil, bütün Türk dünyası və hətta İslam Şərqi üçün də çox önəmli bir hadisədir. S. Xəlilovun yaradıcılığında Şərq və Qərb düşüncə tərzləri ilə bərabər, fərqli dini baxışlar, fərqli mədəniyyətlər də vahid fəlsəfi təməl üzərində nəzərdən keçirildiyindən, onun irəli sürdüyü yeni ideyalar və təlim də universal xarakter daşıyır; müxtəlif nəzəriyyələrlə yanaşı, müxtəlif dəyərlər də ortaq məxrəcə gətirilmiş olur. Onun elmşünaslıq və elm fəlsəfəsi sahəsindəki tədqiqatları da beynəlxalq elmi ictimaiyyət tərəfindən orijinal tədqiqatlar kimi dəyərləndirilir.

Fenomenologiyanın və ekzistensializmin milli fəlsəfi fikir tariximizlə əlaqələndirilməsi və bunun sayəsində həmin təlimlərin yeni istiqamətlərinin ortaya çıxarılması da professor S.Xəlilovun rəhbərliyi ilə fəaliyyət göstərən yaradıcı qrupun mühüm elmi uğurları sırasındadır. Görkəmli filosofun irəli sürdüyü konsepsiya özünün yeni elmi istiqaməti ilə seçilir və bir çox ölkələrin fəlsəfə qurumları tərəfindən yüksək qiymətləndirilməkdədir.

Nəticədə bu gün artıq beynəlxalq fəlsəfi fikir coğrafiyasına ölkəmizin də adı həkk olunmuşdur. İndi dünyanın mötəbər fəlsəfə forumlarında tanınmış Qərb filosofları ilə yanaşı, Azərbaycan filosofunın da yaradıcılığına müraciət olunur. Professor S.Xəlilovun son kitablarının Moskva, Paris, Ankara, Afina və s. elm mərkəzlərində keçirilən təqdimat mərasimləri onun ideyası əsasında formalaşan yeni fəlsəfi təlimin dünya elmi-fəlsəfi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını göstərir.

S.Xəlilovun əldə etdiyi uğurlar birdən-birə baş tutmamışdır; hər uğurun öz tarixçəsi var. Hələ sovet dövründə gənc filosofun məqalələri mərkəzi jurnallarda (“Voprosı filosofii”, 1988, №5, “Filosofskie nauki”, 1987, №12) dərc olunmuş, kitabı Ümumittifaq Bilik Cəmiyyətinin mükafatına layiq görülmüşdü. Sonralar Moskvada çıxan kitablarına görkəmli rus alimlərinin yazdıqları rəylər göstərdi ki, onun tədqiqatları Rusiya fəlsəfi mühitində indi də böyük maraqla izlənir. S.Xəlilovun elmi-texniki tərəqqinin əsaslarına dair monoqrafiyasına (Osnovaniə nauçno-texniçeskoqo proqressa. Loqiko-metodoloqiçeskiy analiz. M.,”Gkonomika i informatika”, 1997) və elmşünaslıq sahəsindəki digər tədqiqatlarına akademik A.D.Ursul, prof. İ.A. Mayzel, prof. Y.B.Tatarinov, prof. Q.S.Qudojnik və başqalarının verdikləri yüksək qiymət onun bütün postsovet məkanında kifayət qədər tanınmış elmşünas alim kimi etiraf olunmasına dəlalət edirdi. Məhəbbət fəlsəfəsinə (“Löbovğ i intellekt. M., “Maska”, 2009) və romantik poeziya məsələlərinə (Romantiçeskaə pogziə v kontekste vostoçno-zapadnoy problematiki. M., “Vesğ Mir”, 2009) dair monoqrafiyaları və Azərbaycan hikmətlərinin təbliğinə həsr olunmuş kitabı (“Kniqa aforizmov”. M., Alğfa-M, 2012) haqqında prof. S.V.Belozertsevin və prof. A.N.Çumakovun yazdıqları geniş rəylər də filosofun yaradıcılığına Rusiyada göstərilən böyük diqqətin təzahürləridir. Rusiya Fəlsəfə Cəmiyyətinin Xəbərlərində (Vestnik RFO, 2010, № 1; 2011, №4 və s.) və digər nüfuzlu elmi jurnallarda (“Soüioloqiə nauki i texnoloqii”, Sankt-Peterburq, 2011, №3; “Qumanitarnıe nauki”, Mockva, 2012, №3 və s.) onun əsərləri barədə məqalələr, rəylər dərc olunur. Onun MDB məkanında (Moskva, Sankt-Peterburq, Minsk, Yekaterinburq, Kazan, Ufa, Kemerovo, Qurzuf, Obninsk) keçirilən elmi forumlarda çıxışları da həmişə böyük maraqla qarşılanmışdır. Öz yeni elmi yanaşmaları ilə diqqəti cəlb edən S.Xəlilov 1997-ci ildə ekologiya üzrə Rusiya alimləri ilə birgə tədqiqatlarına görə Rusiya Ekologiya Akademiyasının üzvü seçilmişdir...

 

www.525.az

  • Paylaş: