Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutunda fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsi mövzusunda tədbir keçirilib
05.11.2014 00:00
  • A-
  • A
  • A+

Folklor İnstitutunda fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsi mövzusunda tədbir keçirilib

Oktyabrın 31-də AMEA Folklor İnstitutunda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi mövzusunda tədbir keçirilib.

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov (Kazımoğlu) əhalinin maarifləndirilməsində, eləcə də fövqəladə hadisələrin qarşısının vaxtında alınmasında Fövqəladə Hallar Nazirliyinin gördüyü işləri yüksək dəyərləndirib. O, nazirliyin təşkil etdiyi təlim kursunda iştirakı ilə bağlı zəngin təəssüratını bölüşüb. Eləcə M.İmanov institutda bu sahədə görülən işlər haqqında danışıb, bildirib ki, nazirliyin fəaliyyəti həyatımızın hər bir sahəsində bizə daha da məsuliyyətlə davranmağa kömək edir.

İnstitutun mülki müdafiə qərargahının rəisi Elşad Quliyev mülki müdafiə məşqinin planı ilə iştirakçıları tanış edib. O, fövqəladə hadisələr (yanğın, zəlzələ və s.) zamanı görüləcək işlər haqqında danışıb, bildirib ki, bununla bağlı institut əməkdaşları arasında maarifləndirmə söhbətləri aparılıb.

Budəfəki məşqin məqsədi rəhbər heyət tərəfindən mülki müdafiə planının öyrənilməsi və dəqiqləşdirilməsi, fövqəladə hallarda davamlı idarəetmənin təkmilləşdirilməsi, mülki müdafiə tədbirlərini yerinə yetirərkən əməkdaşlara rəhbərlik edilməsində rəhbər, komandir, rəis heyətinin hazırlığının artırılması olub.

Səbayel rayon mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov fövqəladə vəziyyətlərdəki davranış qaydaları haqqında ətraflı danışıb, dünyada gedən qlobal proseslər fonunda baş verən fövqəladə hadisələrə diqqət çəkib, Azərbaycanda fövqəladə hadisələrin qarşısının alınmasında görülən işlərdən, əhalinin ardıcıl maarifləndirilməsindən danışıb. O, institutda bu sahədə görülən işlərin qənaətbəxş olduğunu bildirib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə həsr olunmuş filmə baxış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: