Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Maisə Rəhimova – 75
18.05.2020 12:24
  • A-
  • A
  • A+

Maisə Rəhimova – 75

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arxeoloji qazıntılarla Azərbaycanın qədim və orta əsrlər dövrlərinin tarixinin, etnoloji araşdırmalarla qədim və müasir adət-ənənələrinin, antropologiyasının, maddi və mənəvi mədəniyyətinin öyrənilməsi istiqamətində tədqiqatlar aparır. Belə çoxşaxəli, ağır çöl və laborator şəraitdə elmi işlər aparan tədqiqat institutuna rəhbərlik etmək, bölgələrdə arxeoloji qazıntılar aparan ekspedisiyaların fəaliyyətinə nəzarət etmək çətin və məsuliyyətli bir vəzifədir. Son on beş ildə bu İnstituta t.e.d., professor Maisə Rəhimova uğurla rəhbərlik etmişdir.

Maisə Nurbala qızı Rəhimova 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirmiş və həmin il Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 1967-1971-ci illərdə Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. 1971-ci ildə Azərbaycan EA Rəyasət Heyəti yanında təbiətşünaslıq və texnika tarixi üzrə Elmi Şuranın elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1974-cü ildə Moskva şəhərində SSRİ EA Təbiətşünaslıq və Texnika İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsini almışdır.

1973-cü ildən 1978-ci ilə qədər Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunun “Arxeoloji texnologiya” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-ci ildə həmin sektorun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1984-cü ildə SSRİ AAK-ın qərarı ilə M.N.Rəhimovaya 07.00.10 “Elm və texnika” ixtisası üzrə “böyük elmi işçi” elmi adı verilmişdir.

1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, 2005-ci ildən elmi işlər üzrə direktor müavini, 2006-cı ildən isə direktoru vəzifəsində çalışır. 2005-ci ildə “Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

M.N.Rəhimovanın elmi-tədqiqat fəaliyyəti arxeoloji qazıntılar zamanı aşkar edilmiş metal nümunələri, onların analizləri əsasında Azərbaycanın qədim metallurgiya tarixinin tədqiqindən ibarətdir. Onun bu istiqamətdəki araşdırmaları təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın bir sıra elmi dairələrində yüksək səviyyədə qiymətləndirilmişdir. Metalın qədim tarixi ilə yanaşı, M.N.Rəhimova Azərbaycan və Qafqaz arxeologiyasının bir sıra mühüm problemlərinə dair sanballı elmi əsərlərin müəllifdir. Qeyd edilən elmi problemlər üzrə onun 3 monoqrafiyası, 1 kitabı, 100-ə yaxın elmi məqaləsi nəşr olunmuşdur. 20-dən artıq elmi məqaləsi İspaniya, Macarıstan, Polşa, Rusiya, Gürcüstan və s. kimi xarici ölkələrdə çap edilmişdir. M.N.Rəhimova Azərbaycan elmini beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etmişdir. O, ABŞ, Türkiyə, Almaniya, İsveçrə, Pakistan, Macarıstan, Fransa, Polşa, Rusiya, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan arxeologiyasının müxtəlif problemlərinə həsr olunmuş mövzularla çıxış etmişdir.

M.N.Rəhimovanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində  Arxeologiya və Etnoqrafiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirmişdir. Türkiyə, Fransa, ABŞ, Almaniya, Yaponiya, Cənubi Koreya, İtaliya, Rusiya, Gürcüstan və s. ölkələrdən olan mütəxəssislərin iştirakı ilə Respublikamızın müxtəlif bölgələrində beynəlxalq tərkibli ekspedisiyalar çalışmışdır.

M.N.Rəhimovanın təşəbbüsü və təşkilatçılığı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu bir sıra uğurlu beynəlxalq elmi konfranslar keçirmişdir.

Bunlardan Azıx mağara düşərgəsinin kəşf olunmasının 50 illiyinə həsr olunmuş “Qarabağ daş dövründə” mövzusunda 2010-cu ildə keçirilmiş beynəlxalq elmi konfransı, Azərbaycanda Kültəpə abidəsinin kəşfinin 60 illiyinə həsr olunmuş “Qafqazın erkən əkinçilik mədəniyyətləri” mövzusunda 2011-ci ildə keçirilmiş beynəlxalq elmi konfransı, Qarabağdakı Azıx mağarasında azıxantropun çənə sümüyünün aşkar olunmasının 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx paleolit düşərgəsi və miqrasiya axınları” mövzusunda 2018-ci il keçirilmiş beynəlxalq elmi konfransı xüsusilə qeyd etmək lazımdır. Bu konfransların işində dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər iştirak etmişlər.

M.N.Rəhimova istedadlı alim olmaqla yanaşı, eyni zamanda bacarıqlı elm təşkilatçısıdır. Onun Arxeologiya və Etnoqrafiya İnstitutuna rəhbərlik etdiyi son 15 il ərzində İnstitutun elmi-tədqiqat işləri, beynəlxalq əlaqələri əvvəlki illərlə müqayisə olunmaz dərəcədə genişlənmişdir. M.N.Rəhimovanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində İnstitutun 40-dan artıq arxeoloji və etnoqrafik ekspedisiyaları respublikamızın bütün bölgələrində geniş tədqiqat işləri aparmışlar və nəticədə qədim tariximizi özündə yaşadan on minlərlə maddi mədəniyyət qalıqları aşkara çıxarılmışdır. Arxeoloji qazıntılar bütün bölgələri əhatə etmiş, əvvəllər tədqiqatların aparılmadığı bölgələrə ekspedisiyalar göndərilmiş, aran Qarabağ ərazisindəki abidələrin tədqiqatları xüsusilə diqqətdə saxlanılmışdır.

Müasir dövrdə etnoqrafik araşdırmaların zəruriliyinə xüsusi önəm verən M.N.Rəhimova Respublikamızın bütün bölgələrində etnoqrafik ekspedisiyaların çalışmasına nail olmuşdur. Eyni zamanda, məhz M.N.Rəhimovanın təşəbbüsü ilə Arxeologiya və Etnoqrafiya İnstitutunda “Antropoloji  Mərkəz” yaradılmışdır. Bu Mərkəzin elmi fəaliyyəti keçmişdə və müasir dövrdə Azərbaycan əhalisinin fiziki və sosial antropologiyasının tədqiqatlarından ibarətdir. Artıq son iki ildə bu Mərkəz uğurlu elmi tədqiqatlar aparmaqdadır.

M.N.Rəhimova 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatının (YUNESKO) Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü seçilmişdir. Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının sədri, həmin İnstitutun Dissertasiya Şurasının həmsədridir. “Azərbaycan arxeologiyası və etnoqrafiyası” jurnalının, 6 cildlik “Azərbaycan arxeologiyası”nın baş redaktoru, “Azərbaycan arxeologiyası” jurnalının redaksiya heyətinin üzvüdür. Onun rəhbərliyi altında 6 nəfər t.ü.f.d. dissertasiyasını müdafiə etmişdir.

“Yeni Azərbaycan” partiyasının üzvüdür.

Teymur Bünyadov, AMEA-nın həqiq üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: