Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Rəsul Rza və doğma dilimiz
20.05.2020 11:06
  • A-
  • A
  • A+

Rəsul Rza və doğma dilimiz

XX əsr ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rzanın may ayının 19-da 110 illik yubiley yaşı tamam olur.

Xalqımızın poetik təfəkkürlü, incə duyğulu novator şairi, istedadlı publisist, tərcüməçi, naşir, dilçi alim Rəsul Rza Azərbaycan ədəbiyyatına  dərin məzmunlu poemalar, oçerklər, pyeslr və s. poeziya nümunələri bəxş etmişdir. Onun poetik duyğusu özündə incə ruhu əks etdirir. Şairin lirik şeirlərində insanın ürəyinin və təfəkkürünün ən ali hissləri tərənnüm olunur. Fəlsəfi təfəkkürün işığında baş verən hadisələrə münasibət, cəmiyyət həyatının bütün  qatları  onun qələmi ilə poetik biçimdə xalqa çatdırılmışdı. Akademik M.Arifin qeyd etdiyi kimi, R.Rzanın poeziyası, hər şeydən əvvəl, fikir poeziyasıdır. Yeni şeirin intibah dövrünün ən məhsuldar şairi özünəməxsus poetik kəşfləri ilə, dilinin sadəliyi və səmimiliyi ilə milyonların qəlbində özünə əbədi yer qazandı. Rəsul Rzanın lirik şeirlərində və poemalarında ilk növbədə Azərbaycan xalqının həyatında baş verən mühüm tarixi nailiyyətlər, xalqımızın gözəl əxlaqi sifətləri, humanizm,  zəngin xalq təfəkkürü öz yerini tutmuşdur. Şairin əsərlərinin mövzu dairəsi çox genişdir. Mənsub olduğu xalqı və cəmiyyəti  narahat edən elə bir ciddi problem yoxdur ki, bu görkəmli sənətkarın yaradıcılıq obyektinə çevrilməsin.

Konkret olaraq dil məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, o, dil məsələsinə mədəniyyətin ən mühüm komponentlərindən biri kimi yanaşıb və bu istiqamətdə müsbət irəliləyişlər əldə etmək üçün əlindən gələni əsirgəməyib. Rəsul Rzaya görə, dil şüurun əsas elementi olmaqla ictimai şəraitlə, tarixi dövrlə bağlı dəyişir və inkişaf edir. Bu dəyişiklik, inkişaf dilin sadəliyinə xələl gətirməməli, onun ruhuna və ənənəsinə ziyan vurmamalıdır.

Rəsul Rza hər şeydən əvvəl, şərəflə, vətən sevgisi ilə yaşayan, zəhmətdən yorulmayan bir şəxsiyyət kimi insanlara təsir edib. Şeriyyətilə, bədii və publisistik əsərləri ilə nəsillərə nümunə olub. Onun fəlsəfi-psixoloji təfəkkürünün məhsulu olan əsərlərinin əsasında ədəbi dilin milli orijinal normaları durur. Oxucunun mənəvi mədəni inkişafına böyük həssəslıqla diqqət yetirən şair bilirdi ki, ciddi ədəbi normalar vardır və bu normalar yalnız dilin bədiilik və məcazilik imkanlarını genişləndirmək istiqamətində aşmaq olar. Bunu da yaxşı bilirdi ki, bu normaların mənbəyi xalqdır, xalqın dilidir, ona görə də xalq dilini, onun hüdudsuz imkanlarını ömür boyu öyrənmək lazımdır. Bədii dil yalnız bədii əsərlərin dili demək deyil, obrazlı, ifadəli bədii dilin yaradıcısı, hər şeydən qabaq xalqdır. Obrazlı dil xalq dilinin mayasından yoğrulub gəlir. Ancaq ordan xalq həyatı, xalq şüuru ilə birlikdə bədii ədəbiyyata keçir. Təsadüfi deyil ki, bədii dilin ən gözəl nümunələri xalq ədəbiyyatındadır. R.Rza xalqın dilinə dərindən bələd olan bir sənətkar kimi həmin qiymətli və zəngin qaynağın bütün qatlarına aid anlam və gözəlliyi ilə diqqəti çəkən əsərlər yaradıb.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, dilin inkişafında ayrı-ayrı sənətkarların xüsusi xidmətləri olmuşdur. Azərbaycan ədəbiyyatına novator düşüncə gətirən, zamanın, həyatın bir çox məsələlərinə özünəməxsusluq nümayiş etdirən Rəsul Rzanın xidmətləri xüsusi qeyd olunmalıdır. R.Rza XX əsrin ortalarından başlayaraq dilimizin qorunması uğrunda hər şeydən öncə, ana dilinin lüğət tərkibinin öz daxili imkanları hesabına zənginləşməsinə çalışmışdır. O, istər bədii əsərlərində, istərsə də elmi-siyasi cıxışlarında başqa dillərdən alınma sözlərin işlənməməsinə məxsusi həssaslıqla yanaşmışdır. R.Rza bu barədə yazır: “Bu götürmələr, gətirmələr ana dilinin ruhuna, deyiminə, ahənginə, qrammatik qaydalarına, bir sözlə, qanına-canına yatırsa, xaric səslənmirsə, bu, dili zənginləşdirir. Vay o haldan ki, o başqa xalqın dilindən alınmış kəlmə, qanun və ahəng xüsusiyyətlərimizi nəzərə almadan dilə pərçim edilsin”. Öz dövrünün ən nüfuzlu orqanı olan “Kommunist” qəzetində, həmçinin  “Ədəbiyyat qəzeti”ndə  yer tutan nöqsanları kəskin sövet rejimndə tənqid etmək bir cəsərət işi olduğu hamıya bəllidir. Ana dilinin böyük qayğıçəkəni və təəssübkeşi kimi qəzetin səhifələrndə müxtəlif müəlliflər tərəfindən istifadə olunan lüzumsuz sözlərin ana dilimizin saflığına gətirdiyi xətəri tənqid etməkdən çəkinməmişdir. Dilə yad dillələrdən sözləri olduğu kimi gətirmək yerinə, dilin öz daxili imkanları hesabına söz yaratmağı təklif edir və biz bunu onun öz rəcrübəsində müşahidə edirik. Yeni sözləri lüzumsuz şəkildə dilimizə yamamaqla dili xalqdan uzaqlaşdırmağın dilimiz üçün fəlakət olacağını vətəndaş yanğısı ilə ictimaiyyətin müzakirəsinə təqdim etmişdir.

Məlumdur ki, XX əsrin birinci yarsı dilimizə qarşı təzyiqlərin çox güclü olduğu zamanlarda Rəsul Rza Azərbaycan dilinin dövlət əhəmiyyətindən bəhs edib. Həmin illərdə hələ repressiyanın  burulğanları tam şəkildə ötüb keçməmişdi. Milli məzmunda olan fikirlər, mülahizələr o dövrün ideologiyasını qəzəbinə tuş gəlirdi. Buna baxmayaraq Rəsul Rza çıxışlarında, məruzələrində dil məsələlərinə təəssübkeşliklə yanaşıb, onun problem və qayğılarını diqqət mərkəzinə çəkib. O, dilə bir mədəniyyət abidəsi kimi yanaşaraq onun bütün cəhətlərini dərk etməyi vacib sayıb. Dilimizi geniş imkanlara malik olan bir dil kimi dəyərləndirib. Dilimizin ənənə üzərində inkişaf etdiyini diqqətə çatdırıb. Rəsul Rzanın  sessiyalarda, müxtəlif dövlət tədbirlərindəki doğma Azərbaycan dilinin taleyi ilə bağlı tələbkar çıxışlarını arxiv materiallarından əldə edən akademik Ağamusa Axundov bu haqda yazır: “Rzanın Azərbaycan dilinin dövlət əhəmiyyətindən danışması o qədər də sadə və asan məsələ deyildi. Rəsul Rza o dövrdə rus dilinin oynadığı rola, eləcə də nüfuzuna kölgə salmadan doğma Azərbaycan dilinin böyük rolunu da dərk etmək, onun işlənməsini, məhz dövlət idarələrində işlənməsini, hər cür təcavüzdən qorunmasını lazım bilərək deyirdi ki, bizim mədəni inkişafımızda qardaş rus xalqının, onun gözəl dilinin böyük rolu olmuş və vardır. Rus dili vasitəsilə bizim bədii, elmi əsərlərimiz geniş beynəlxalq sahəyə çıxır. Biz bunu böyük bir minnətdarlıq ilə deməliyik. Lakin elə adamlar vardır ki, respublikamızda əsas dil olan Azərbaycan dilinin böyük rolunu lazımınca dərk etmirlər”. A.Axundov onun 11 iyul 1939-cu ilin Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında dediyi “Öz ana dilini bilməyən insan başqa dilləri də lazımi dərəcədə mənimsəməyə qadir deyil... Dil qüdrətli təbliğat vasitəsidir. Təəssüf ki, bizim qəzet və jurnallarımız, bəzi yazıçılarımız bunu başa düşmür. Mən bilmirəm hansı əsasla və nə haqla “Kommunist” qəzeti özbaşınalıqla dilimizə finans, promısel, sopka, produkt, stimul, çaşka və bu kimi sözləri gətirir, halbuki bizim dilimizdə bunların öz adları var: maliyyə, vətəgə, təpə, məhsul, həvəs, fincan və s. niyə traktorçu əvəzinə traktorist yazılmalıdır” kimi fikirlərini də oxucunun diqqətinə çatdırır. Rəsul Rza mətbuatda bəzi sözlərin, ifadələrin yerində işlənməməsi barədə də dil faktlarından çıxış edərək yazı qaydalarında düzəliş işlərinin aparılmasına ehtiyac olduğunu da qeyd edirdi. Məsələn, cümlələrdə məntiqi və semantik cəhətdən ehtiyac olmadan əlavə sözlərin işlədilməsini məqbul saymırdı. Bu faktlar onu sübut edir ki, Rəsul Rza dilimizin taleyinə çox ciddi yanaşmış, dilin taleyini xalqın taleyinə bərabər tutmuş, dilin ən böyük qoruyucusunun xalq özü olduğunu, dilin ixtiyarının xalqda olduğunu və bir qrup adamın dilin taleyinə müdaxilə etməsinə qarşı vətəndaş-ziyalı kimi kəskin mövqeyini bildirmişdir.

O, Azərbaycan dilinə ənənəsi olan bir dil kimi yanaşıb, dilimizin saflığını, axıcılığını, gözəlliyini və sadəliyini bu səbəbdən yüksək qiymətləndirib. Doğrudan da Azərbaycan dili ruhunu, təbiətini, daxili imkanlarını, yaratdığı ənənələri qoruyub saxlayaraq inkişaf edib və bu günümüzün, gələcəyimizin dilinə çevrilib.

Ana dilinin lüğət tərkibinin, onun əsas lüğət fondunun qorunması uğrunda o, davamlı mübarizə aparmışdır. 1961-ci ildə işıq üzü görən “Uzaq illərin yaxın töhfələri” adlı məqaləsində belə yazır: “Dilin yiyəsi bir ovuc avantüristlər, canilər deyil, xalqdır! fitnəkarlar, canilər məhv olub gedir. Xalq qalır. Xalqın dil sərvəti qalır. Bizdə isə, görürsən, xalq qarşısında heç bir məsuliyyət duymayan adamlar, mənşəyi doğma dilimizdən götürülən neçə-neçə sözü, kəlməni “uf” demədən qoparıb atırlar. Bəzən də biz konkret təfəkkür forması olan dilimizdə mövcud bəzi kəlmələri elələri ilə əvəz edirik ki, onları işlətməyə utanırsan”. Rəsul Rza ana dilinin əsas lüğət fondunu qorumaqla bərabər, onun inkişaf etdirilməsini, zənginləşdirilməsini əsas vəzifələrdən sayırdı: “Dilimizin lazım olmayan kəlmələrlə zibilləndiyindən danışmaq heç də dili qıfıl altında saxlayaraq, ona heç bir yeni kəlmə və terminin gəlməsinə yol verməmək deyil”. O özü dilimizin lüğət tərkibini neçə-neçə yeni söz və ifadələrlə zənginləşdirmişdi.

Yeni düşüncə, yeni fikir onun yaradıcılığında yeni şeir formasında oxucuya təqdim olunur. Ana dilinin imkanlarından istifadə edərək yeni söz yaratmaq, hər kəsin qulağının alışdığı tərzdə deyil, maraqlı söz düzəltmək oxucunun diqqətini bu ahəngin nizamına uyğun yaratdığı sözlərə yönəlir. Məsələn: “Böylə fatehlərlə əsrdaşam mən”, “Kənar durma, yan qaçma mərd üzünü gördüyün dostundan, işdaşından”, “Mən sənin ilk sevgilin, sən mənim könüldaşım” və s. Şairin poeziya dilindəki əsirdaş, könüldaş, işdaş, özümləşmək, özümlü, gətirmə, bəlirmək, bəlir, gərəklik, nəğmələnmək, ayrılış, eşidimli, doyumsuz, öyrənc, çağdaş, sənətdaş, əsrdaş, çimərlik, uçarlıq və s. kimi sözlər şairin fərdi yaradıcılıq məhsuludur. Poetik kəşf səciyyəli bu  sözlər qulağa və ruha xoş gələn fikrin yeni və obrazlı ifadəsinə, dilinin canlılığına xidmət edən məqamlardır.

Sözə məna çalarlığı, ona yeni məzmun qatmaq və bədii priyomlarla zənginləşdirmək R.Rza qələminə xas olan bir məziyyətdir. Yeni şeirin yaradıcısı, coşğun ruhlu şair arzu və istəklərini, xəyalında canlandırdığı dünya nizamını təsvir etmək üçün üslubi məqsədindən asılı olaraq, hətta yeni söz və ifadələr yaratmaqdakı məqsədini: “Şeir də həyatın bir parçasıdır. Yeni yolları biz açmasaq, kim açasıdır?” bədii sualla oxucaya ünvanlayır.  “Köhnə bir qoçunun bığları kimi, ... sözlər gərək onlara tanış olsun – Kəblə Fatmanın balağı kimi...” – deyən şair müfizəkar düşüncəni rədd edərək, qəsdən başa düşmək istəməyənlərə:

Şeirin dili aydındır,

O qədər aydındır ki,

Nadan yüz yol oxusun –

Yenə bir şey anlamaz - dediyi bu misralarda məzəmmət hissi aydın duyulur.  

Azərbaycan şeirinə yeni forma məzmun gətirən şair dilçilik elmi ilə bağlı obyektiv, aktual fikirlər müəllifi, söz yaradıcılığında aktiv mövqeli söz üstadı kimi tanınmışdır. Dilimizin müxtəlif problemləri ilə bağlı söylədiyi fikir və mülahizələrlə dilçiliyin inkişafı üçün yaradıcılıq boyu bəşəri azadlıq, sərbəst fikir yürütmək, ideyaları ictimai şüurun formalaşdırmaq və bu ideyaları gələcək nəsillərə ötürülməsidə böyük rolu olmuşdur.

Rəsul Rza ”Mülahizələr” adlı əsəri dilimizin geniş imkanları ilə bağlı faktlarla dayanaraq bir mütəxəssis kimi problemlərin həlli yollarını axtarmışdır. Bu məqaləsində müəllif dilçiliyin sözyaradıcılığı sahəsinə aid fikirlərini bildirib: “Hansı məntiqlə “səciyyə daşıyır” demək olar, “vurğun kəsildim” demək olmaz. “Duymaq”dan “duyum” sözu yaratmaq niyə qəbahət olsun?” “Olmaq” sözü var, “ölmək” sözü var. Hansı məntiqlə “olum” sözünü rədd edib “ölüm” sözünu işlətməliyik? Deyirlər: çünki belə demirlər. Nə olsun, demirlər, deyərlər”.

Şairin bir dilçi alim kimi ana dilinin qrammatik quruluşu, şəkilçiləri, söz birləşmələri haqqında da dəyərli fikirləri var. Onun yuxarıda da adını qeyd etdiyimiz “Mülahizələr” adlı məqaləsində  qrammatikaya aid aktual məsələlərə də yer verilmişdir. Məsələn, öz təyini əvəzliyinin işlənmə məqamları üzrə onun çox dəqiq müşahidələri var. Həmin müşahidələrdən biri: “Hələ də bir məntiqi və semantik gərək olmadan təsdiqedici əlavə sözlər bol-bol işlədilir. Özü, özünün, özünə və bu kimi. Müşavirə işini qurtardı yerinə “Müşavirə öz işini qurtardı” yazırıq, deyirik. “Əhməd oğluna nəsihət elədi” yerinə “Əhməd öz oğluna nəsihət elədi”.

Rəsul Rzanın  “Azərbaycan dilinin bugünkü vəziyyəti və gələcək vəzifələri haqqında” məqaləsi də dilimizdəki nöqsanlarla bağlı qaldırdığı məsələlərdə həssaslıq, tələbkarlıq, məsuliyyət hiss olunur. Rəsul Rza dilin təmizliyi uğrunda mübarizədə solçuluq mövqeyindən yanaşanların fəaliyyətini  zərərli bir iş sayırdı. Dili əcnəbi sözlərdən təmizləmək istəyində olan cərəyan tərəfdarlarının dili saflaşdırmaq pərdəsi altında çox pis bir təşəbbüsdə olduqlarını tənqid edirdi. O, dilimizin lüğət tərkibindəki bütün əcnəbi sözləri Azərbaycan sözləri ilə əvəz etmək istəyində olanlar barəsində yazırdı: “...bütün azərbaycanca olmayan sözlərin hamısını Azərbaycan sözləriylə əvəz etmək istəyənlər vardı. Onlar aeroplana uçquç, samovara qur-qur, parovoza buğla gedən deyir və bu kimi yöndəmsiz sözlərlə dili düzəltmək istəyirdilər. ... Bu adamlar dili təmizləmək bayrağı altında dilə girmiş bütün ərəb, fars sözlərini atmağı təklif edirlər. Yaxud dilimizi saflaşdırmaq pərdəsi altında dili dəmir hasar içinə almaq, ona heç bir yeni sözün gəlməsinə imkan verməmək istəyirlər”. Rəsul Rza dilimizin ruhuna, təbiətinə uyğunlaşmış əcnəbi sözləri dildən çıxartmağı zərərli bir iş sayıb, çox haqlı olaraq məsələnin mahiyyətini anlamayanları tənqid edib.

Dilimizə əsla uyğun gəlməyən izafət tərkibli söz birləşmələri haqqında dedikləri də tamamilə doğrudur. Bəzi alınma sözlərin dilimizdə vətəndaşlıq hüququ qazanmasını, həmçinin Azərbaycan dilinin qrammatik normalarına uyğunlaşmasını nəzərə alaraq sözlərin bəzisindən olduğu kimi istifadə etməyi, bəzisini isə qarşılığı olan milli sözlərimizlə əvəz etməyi tövsiyə edir: “rifahi-hal yerinə dolanacaq,  güzəran əvəzinə qırım,  əhvali-ruhiyyə əvəzinə təhər-tövr. İnanır ki, bu sözlər işlənsə, dilin axarına girsə, qulağımıza yatıb adiləşəcək”. Onun fikrincə, belə işlətsək vərdişə çevrilər, qulağa yatar və nəticədə dilin axarına düşər, adi sözə çevrilər. Dilimizdə görüm, baxım, içim, gəlim, verim, atım (bir atımlıq barıtı var), yeyim, geyim və s. kimi sözlərin varlığı təsdiq edir ki, belə bir modeldə olan sözlər artıq özünü təsdiq edib.

Rəsul Rzanın xalqın dilinə dərindən bələd olması anlam və gözəlliyi ilə diqqəti çəkən faktlardan istifadə edərək ümumxalq danışığı ilə yazılı dil arasındakı məsafənin azalmasına səbəb olmuşdur. Şair ümumxalq dilin bir qolu olan dialektlərə yüksək münasibət göstərmiş, dialektləri dilin təbiiliyini artıran, milliliyi gücləndirən bir fakt olaraq əsərlərin bədii keyfiyyətinə müsbət təsir edən vahidlər kimi dəyərləndirmiş, dialektizmlərdən ədəbi dildə ehtiyatla istifadə etməyin tərəfdarı olmuş, onlardan lazımi səviyyədə istifadəyə üstünlük vermişdir. Şair dildə xüsusi bir lay təşkil edən  dialekt leksikasından lazimi səviyyədə istifadə etmədikdə ədəbi dildə bayağılıq yaranacığı məsələsinə həssaslıqla yanaşmışdır. R.Rza lüzumsuz  alınma sözlərdənsə, dialektlərə müraciət edilməsinə daha əlverişli varint kimi baxır.

Rəsul Rza poetikasının məzmun və mündəricəsinə diqqət yetirdikdə bu sənətin fərdiliyini, təkrarsısızlığını aydın şəkildə hiss etmək mümkün olur. Dilinin ahəgi ilə seçilən Rəsul Rzanın poeziyasında Azərbaycan xalqının tarixinin mühüm mərhələlərinə nəzər salınmış, xalqın azadlığı və səadəti yolunda fədakar mübarizə aparmış qılınc və qələm qəhrəmanlarının surəti yaradılmışdır. Babək, Füzuli, Nəsimi, Sabir, Nəriman Nərimanov, Mikayıl Müşfiq və digərlərinə Rəsul Rza qələmilə əbədi heykəl yaratmışdir. R.Rza poeziyasının əsas janrı olan poemalarında həmçinin Azərbaycan xalqının tarixinin  bir sıra parlaq səhifələri də öz əksini tapmışdır. Şairin poema yaradıcılığı minillik tarixə malik Azərbaycan poeziyasına özünəməxsus yenilik, təravət gətirmişdir.

R.Rza şair dostu Mikayıl Müşfiqin həbs olunması faktı vasitəsilə əsrin dəhşətli 37-ci il hadisələrini əks etdirən repressiya mövzusunda yazılan ilk əsərlərdən biri kimi “Qızıl gül olmayaydı” poeması repressiyanın antihumanist mahiyyəti açıb göstərir, repressiyanı insana qarşı çevrilmiş siyasi bir akt kimi mənalandırarkən o lirik psixoloji məqamlarda dilimizin bütün imkanlarından istifadə edərək oxucuda insani duyğuları riqqətə gətirən söz və ifadələrdən istifadə edir.  Belə əsərlər sırasında  “Bir gün də insan ömrüdür”, “Ömür keçdi, gün keçdi”, “Yer oğlu”, “Xalq həkimi”, “Son gecə”, “Min dörd yüz on səkkiz”, “Füzuli”  və s. poemalarını qeyd etməliyik.  Milli köklə, milli poetik dəyərlərlə mənəvi bağlılıq da bu anlayışın çox mühüm bir tərəfi idi və buna görə R.Rza öz yaradıcılıq,  sənət pafosunu ifadə edən əsərlər  sırasına daxil edirdi. Yaradıcılığına bu əsas istiqamətdə davam və inkişaf etdirən şair poemalarında daha çox danışıq dilinə məxsus sözlər işlədilir ki, bu da əsərlərə sadəlik, təbiilik gətirir, ifadə vasitələrinə və üslubi imkanları zənginləşdirdi. R.Rzanın dilində işlədilən istər sadə, istər düzəltmə, istərsə də mürəkkəb sözlər xalq məişəti ilə bağlı anlayışları ifadə edən sözlər kimi göstərmişdir.

Son olaraq qeyd edək ki,Rəsul Rzanın dillə bağlı fikirləri, mülahizələri təsdiq edir ki, o, böyük təcrübəyə, dərin zəkaya, düzgün təhlil etmək bacarığına, ən başlıcası isə təşəbbüskarlığa, dilimizin, ədəbiyyatımızın, bir sözlə, mədəniyyətimizin problemlərinə hərtərəfli yanaşmağa qadir şəxsiyyət olub. Ana dilinin milli varlığını və ruhunu qorumaq Rəsul Rza üçün bütün ömrünü əhatə edən şərəfli bir missiya daşıyıb. Bir publisist, bir alim, bir şair, bir ictimai xadim kimi bunlarnın hamısından əvvəl, böyük bir vətəndaş kimi daim dilimizin keşiyində durmuş, Azərbaycan dilinin inkişafı, yad təsir və təzyiqindən xilas olması, saflaşması, cilalanması uğrunda mübarizə aparmış, çox sevdiyi ana dilinin qüdrətini nümayiş etdirən gözəl elmi, publisist əsərlər yazmışdır. Ana dilimiz Rəsul Rza kimi ədəbiyyat, söz-sənət adamlarının timsalında öz bədii vüsətinin gözəlliyilə, üslub imkanları ilə, sadə xalq sözünün bədii tutumu ilə insanın ürəyinə yol tapıb. Rəsul Rza özünün yaradıcılıq metodu, öz üslubu, öz dəstixətti,  sənətkarlıq xüsusiyyəti ilə  həmişə fərqlənən orijinal şair kimi poeziya aləminin zirvəsində qərar tutub.

Ədəbiyyat xəzinəmizə ölməz əsərlər bəxş edən Rəsul Rzanın ana dilinin saflığının qorunması, ədəbi və bədii dilimizin inkişafındakı vətəndaş-alim və vətəndaş-şair kimi böyük xidmətləri daim minnətdarlıqla xatırlanacaq, şairin ruhu ona rəğbət bəsləyən xalqımızın qəlbində daima yaşayacaqdır.

Zülfiyyə İSMAYIL, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

  • Paylaş: