www.science.az
24.05.2020 14:12

Respublika Gününə həsr olunan onlayn konfrans keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin təşəbbüsü, Azərbaycan ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedralarının təşkilatçılığı ilə “Respublika günü” adlı onlayn konfrans keçirilib.

Konfransı AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov açaraq Azərbaycan Cümhuriyyətinin dini yox, dünyəvi təməllər üzərində qurulan bir dövlət olduğunu xatırladıb. Bildirib ki, dini dəyərlərə böyük ehtiramla yanaşan, bayrağındakı yaşıl rəngin rəmzi mənasına sadiq qalaraq ölkədə İslam dini ilə bağlı qurumların sağlam əsaslarla fəaliyyət göstərməsinə hər cür şərait yaradan Azərbaycan Cümhuriyyətinin özündən əvvəlki Şərq dövlətlərindən mühüm bir fərqi vardı. Bu isə ondan ibarət idi ki, Cümhuriyyət dini qurumların siyasi proseslərdə iştirakını nəzərdə tutmurdu, Cümhuriyyət “dindən ayrı” dövlət idi. Azərbaycan Cümhuriyyətinin irəli sürdüyü və ardıcıl olaraq həyata keçirdiyi siyasi kursda ən önəmli məsələlərdən biri milli mədəniyyət məsələsi idi.

"Dövlətçilikdə dünyəvi dəyərləri milli dəyərlərlə üzvi şəkildə qovuşduran Cümhuriyyət liderləri bu xətti mədəniyyətə münasibətdə də nəzərə alıb və bu istiqamətdə tarixdə iz buraxan mühüm işlər görüblər", - deyə bildirən M.İmanov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsi, Cümhuriyyətin 100 illiyi münasibətilə ölkədə və dünyada müxtəlif tədbirlərin həyata keçirilməsi bir daha onu göstərir ki, Cümhuriyyət irsinin öyrənilməsi müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynayan amillərdən biridir.

Daha sonra Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində gördüyü işlər haqqında danışıb, ayrıca olaraq elm və mədəniyyət yönündəki tədbirlərin qısa icmalını verib.

Tədbirdə tələbələrin məruzələri dinlənilib.

Konfrans məruzələr ətrafında müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.