Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Əlcəzairin Azərbaycandakı səfiri AMEA-nın Əlyazmalar İnstitutunda olub
16.06.2020 17:37
  • A-
  • A
  • A+

Əlcəzairin Azərbaycandakı səfiri AMEA-nın Əlyazmalar İnstitutunda olub

İyunun 16-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Müəssisənin direktoru, akademik Teymur Kərimli ilə görüşən səfir Əlyazmalar İnstitutunun zəngin xəzinəsində çoxlu sayda ərəbdilli əlyazmaların və çap kitablarının qorunduğu haqqında məlumatlı olduğunu bildirib.

Sonra Teymur Kərimli qonağa rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, burada qorunan 12 mindən artıq əlyazmanın içərisində ərəb ölkələrinin tarixini, coğrafiyasını əhatə edən qiymətli materiallar mövcuddur. Onun sözlərinə görə, həmin mənbələr sayəsində Azərbaycan və ərəb ölkələri arasında tarixi, mədəni əlaqələrin qədimliyini öyrənmək mümkündür.

Bir çox qədim və orta əsr Azərbaycan müəlliflərinin ərəb dilini mükəmməl bildiyini, bu dildə gözəl nümunələr yaratdığını deyən akademik T.Kərimli vurğulayıb ki, UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil olan əlyazmalarımız arasında yer alan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin divanı 3 dildə (Azərbaycan, fars və ərəb) yazılıb.

Alim Əlyazmalar İnstitutunun pandemiya dövründə xarici ölkələrin elmi qurumları ilə onlayn şəkildə fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb. O, institut tərəfindən elektron kataloqların hazırlandığını, bu kataloqlar vasitəsilə İordaniya, Misir, Suriya və digər ərəb ölkələri ilə əməkdaşlıq edildiyini bildirib. Teymur Kərimli Əlcəzairlə də ikitərəfli əlyazma mübadiləsi həyata keçirməkdə maraqlı olduqlarını söyləyib.

Səfir AMEA-nın Əlyazmalar İnstitutu ilə Əlcəzairin elmi müəssisləri arasında elmi, mədəni əlaqələrin qurulmasının zəruriliyini qeyd edib. O, bu işdə əlindən gələni etməyə hazır olduğunu bildirib. 

Daha sonra Səlimə Abdelhaq institutun ekspozisiya zalı ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifov da iştirak edib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: