Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunda farmakoloji təsirə malik bitkilər yetişdirilir
03.07.2020 10:37
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda farmakoloji təsirə malik bitkilər yetişdirilir

AMEA-nın Dendrologiya İnstitutunun təcrübə sahəsində Cillies sezalpiniyası yetişdirilir.

Praktik təbabətdə çox sayda bitki növləri ilə təmsil olunan fəsilələrdən biri də paxlakimilərdir (Fabaceae). 650-yə qədər cins, 18000-dən çox bitki növünün daxil olduğu fəsilə sezalpiniya (Caesalpinioideae), küstümotu (Mimosoideae) və kəpənəkçiçəklilər (Papilionoideae) yarımfəsilələrinə bölünür. Paxlakimilərin arasında bir çox dərman bitkiləri də vardır. Sezalpiniyakimilərdən səna, kəpənəkçiçəklilərdən tüksüz biyan, yapon soforası və yoğunmeyvəli sofora, paxlakolu, gəvənin müxtəlif növləri və s. müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunur.

Paxlakimilər fəsiləsinin bitki növlərinin sayı baxımından ən böyük cinslərindən olan sezalpiniya cinsinə 500-dən çox bitki növü daxildir. Bu cinsə həmişəyaşıl və ya tökülən yarpaqlı kol, ağac, bəzən də lian bitkiləri aiddir. Onların əksəriyyətinin potensial farmakoloji aktivliyi hələ tədqiq edilməmişdir. Cinsin müxtəlif növlərindən flavonoidlər, diterpenlər və steroidlərə aid bioloji fəal birləşmələr alınmışdır.

Bu növlər geniş farmakoloji təsir spektrinə malikdir. Onlardan müxtəlif ölkələrin tibb təcrübəsində xora, analgetik, antivirus, immunomodulyator, xərçəng əleyhinə, eləcə də antibakterial, diabet əleyhinə, adaptogen, iltihab əleyhinə, qızdırmasalıcı, antimikrob və revmatizm əleyhinə təsirlərə malik vasitələr kimi geniş istifadə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: