Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutunda yerli qarğıdalı nümunələrində təmiz xəttlərin alınması üzrə tədqiqat işi aparılır
07.07.2020 11:56
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda yerli qarğıdalı nümunələrində təmiz xəttlərin alınması üzrə tədqiqat işi aparılır

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təcrübə sahəsində 2014-cü ildən başlayaraq Biotexnologiya şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Leyla Vəliyeva tərəfindən tünd rəngli dənlərə malik yerli qarğıdalı nümunələrində təmiz xəttlərin alınması üzrə tədqiqat işi aparılır.

Qarğıdalı dənlərinə tünd rəngi antosiyanin piqmentləri verir ki, onlardan bəziləri yüksək antioksidant, iltihab əleyhinə, anti-kanserogen xüsusiyyətlərə malikdir. Bu səbəbdən də qarğıdalı dənlərinin tərkibindəki antosiyaninlər insan saglamlığına, xüsusən də diabet, piylənmə, xərçəng, ürək-damar, neyro-degenerativ və digər xəstəliklərin profilaktikası və müalicəsində müsbət təsir göstərir.

Antosiyaninlərin biosintezi qarğıdalının bir qrup struktur və tənzimləyici genlərinin aktivliyi ilə təmin olunur. Biotexnoloji metodların köməyilə bu genlərin müəyyən kombinasiyasının uzlaşması qarğıdalı dənlərində faydalı antosiyaninlərin yüksək miqdarını əldə etməyə imkan verir. Bitkilərdə təmiz xəttlər homogen irsiyyətə malik olduğu üçün müxtəlif seleksiya işlərinin və biotexnoloji tədqiqatların onlar üzərində aparılması daha məqsədəuyğundur.

Bununla əlaqədar, L.Vəliyeva tərəfindən dənləri antosiyaninlərlə zəngin olan qarğıdalı bitkisinin təmiz xəttlər kolleksiyası yaradılıb. İnstitutun Biotexnologiya şöbəsində alınmış kolleksiyanın genetik polimorfizm səviyyəsi öyrənilib və nümunələrdə irsi dəyişkənlik aşkar olunub. Həmçinin Rusiyanın Belqorod Dövlət Universitetinin Mühəndis Texnologiyaları İnstitutu ilə əməkdaşlıq çərçivəsində yüksəkeffektli maye xromatoqrafiya metodu ilə hər nümunənin dənlərində antosiyaninlərin tərkibi və miqdarı təyin olunub.

Hazırda yaradılmış qarğıdalı kolleksiyasında 7-ci nəsil təmiz xəttlərin alınması, eyni zamanda, toxumların çoxaldılması məqsədilə onların öz-özünə tozlandırılması işləri aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: