Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Norveç səfiri və Statoil şirkətinin rəhbəri ilə görüşü keçirilib
28.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Norveç səfiri və Statoil şirkətinin rəhbəri ilə görüşü keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Norveç Krallığının ölkəmizdəki səfiri Bard İvar Svendson və “Statoil-Azərbaycan” şirkətinin prezidenti Tangi Kosmao ilə görüşüb. Qonaqları salamlayan AMEA rəhbəri bildirib ki, Azərbaycan elmi sovet dövründə müəyyən sərhədlər çərçivəsində mövcud idisə, müstəqillik bərpa olunduqdan sonra Avropa və Amerika qitələrində də tanınmağa başlayıb.

Bu, Norveçlə elmi əlaqələrin inkişafına da şərait yaradıb. Əlaqələrin inkişafında AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə “Statoil” şirkəti arasında əməkdaşlıq xüsusi rol oynayır. Neft geologiyasının tədqiqinə yönəlmiş bu əməkdaşlıq çərçivəsində mühüm tədqiqatlar aparılıb və səmərəli nəticələr əldə edilib. Hazırda əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

T.Kosmao “Statoil” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətində, xüsusən də Abşeronun şimalındakı tədqiqatlarda GGİ-nin böyük rol oynadığını vurğulayıb. “Azəri-Çıraq-Günəşli”dən sonra yeni neft yataqlarının tapılmasının vacibliyini qeyd edən qonaq rəhbəri olduğu şirkətin son vaxtlar diqqəti bu istiqamətə yönəltdiyini söyləyib. Əlavə olaraq bildirib ki, “Statoil” Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə də əməkdaşlıq edir. T.Kosmao gələcəkdə elm və texnologiya sahəsində birgə innovativ tədqiqatların inkişafı üçün təkliflər formalaşdırmağı məqsədəuyğun hesab edib. 

Azərbaycana yeni təyin olunmuş səfir B.Svendson iki ölkə arasında mövcud elmi əlaqələrdən danışıb. Bildirib ki, səfirlik fəaliyyətini elmi istiqamətlərdə də davam etdirmək niyyətindədir. Bu məqsədlə əlaqələrin genişləndirilməsi və hər iki ölkənin alimlərini bir araya gətirmək vacibdir. Səfir “Statoil”in Azərbaycandakı fəaliyyətindən, yerli şirkətlərlə əməkdaşlığından məmnunluğunu ifadə edib.

Görüşdə qonaqlara Azərbaycan elminin dünyaya inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir. Azərbaycanlı gənc alim və mütəxəssislərin Norveçdə doktorantura və ixtisasartırma təhsili alması barədə təklif irəli sürülüb və səmimiyyətlə qəbul olunub.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev GGİ-nin qərb ölkələrinə məxsus neft şirkətləri ilə geniş əməkdaşlıq etdiyini və “Statoil”in bu sırada ilk yerlərdə olduğunu vurğulayıb.

Sonda A.Əlizadə norveçli nümayəndələri ölkəmizdə ilk dəfə 10-11 noyabr tarixlərində keçiriləcək “Bakı Elm Festivalı-2014”-ə dəvət edib. Qonaqlar da öz növbəsində AMEA rəhbərliyini əməkdaşlıq çərçivəsində Norveçdə görmək istəklərini ifadə ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: