Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Aşqarlar Kimyası İnstitutu YT Parkla əməkdaşlığı genişləndirəcək
22.07.2020 12:31
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu YT Parkla əməkdaşlığı genişləndirəcək

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) nümayəndələri ilə görüş keçirilib.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev qonaqlara elmi tədqiqat müəssisəsinin yaranma tarixi, strukturu, əsas fəaliyyət istiqamətləri, yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələri, son illərdə əldə olunan fundamental nəzəri və tətbiqi nailiyyətləri barədə məlumat verib. O, indiyədək ölkə iqtisadiyyatında tətbiq olunan və real iqtisadiyyata töhfə verəcək işlərdən bəhs edib. 

Akademik V.Fərzəliyev bildirib ki, rəhbərlik etdiyi müəssisə AMEA YT Parkın rezidentlərinə də elmi-texniki dəstək göstərir. Onun sözlərinə görə, təmənnasız edilən bu işlər əsasən müxtəlif sürtkü materiallarının yaradılması, onların beynəlxalq standartlara uyğun sınaqlarının aparılması, ayrı-ayrı sürtkü materiallarının istehsal və istehlakını təmin edən normativ-texniki sənədlərin tərtib edilməsi istiqamətlərini əhatə edir. AMEA-nın Təcrübə Sənaye Zavodunun istehsal etdiyi sürtkü materiallarının tətbiqi ilə əlaqədar istehlakçı təşkilatlarda müəlliflik nəzarətinin həyata keçirilməsi, həmin məhsullara dair Azərbaycan, rus və ingilis dillərində reklam prospektlərinin hazırlanması və zavodun laboratoriyalarında müvafiq analizlərin aparılması üçün AKİ tərəfindən kadr hazırlığı aparılıb.

Alim bundan sonra da YT Park və onun rezidentlərinə elmi-texniki dəstəyin veriləcəyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən YT Parkın direktoru, akademik Əli Abbasov AMEA-nın müxtəlif tətbiqyönlü elmi-tədqiqat müəssisələrinin, o cümlədən kimya institutlarının alimlərinin əldə etdikləri elmi nəticələrin kommersiyalaşdırılmasının rəhbərlik etdiyi qurumun əsas vəzifələrindən olduğunu bildirib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə bu istiqamətin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Akademik Ə.Abbasov Aşqarlar Kimyası İnstitutuna gəlişinin əsas məqsədinin bu elmi müəssisəsinin texniki potensialı, YT Parkda tətbiqi mümkün olan real işləri ilə yerində tanış olmaq, iki qurum arasında perspektiv məsələləri müzakirə etmək olduğunu söyləyib.

O, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin təşkilatçılığı ilə intellektual biliyin, elmi-texnoloji innovasiyaların transferi məsələlərinin mövcud vəziyyəti və istiqamətlərinin müzakirəsinə həsr olunan onlayn konfransı xatırladıb. Bildirib ki, konfransda texnologiyaların transferinin milli iqtisadi strategiya ilə əlaqəsi, əqli mülkiyyətin milli tənzimləmə və qorunma bazası ilə əlaqəsi müzakirə edilib. Eyni zamanda, elmi tədqiqatların maliyyələşdirilmə strukturu, tədqiqat mərkəzi, universitet və sənaye əməkdaşlığı, dövlət tərəfindən maliyyələşdirilən tədqiqat işlərinin qiymətləndirilməsi kimi vacib məsələlər diqqət mərkəzində olub. AMEA-nın bu istiqamətdə institutları və alimlərinin təcrübəsindən istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə AMEA-nın tətbiqi institutları, o cümlədən Aşqarlar Kimyası İnstitutu ilə birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, innovasiya xarakterli elmi nailiyyətlərin kommersiyaya yönəldilməsi, elmi nailiyyətlərin stimullaşdırılması istiqamətində işlərin görülməsinin məqsədəuyğunluğu qeyd edilib. Həmçinin əməkdaşlıq edilə biləcək konkret istiqamətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda qonaq institutun bəzi zərif üzvi sintez və analiz laboratoriyalarının cihaz və avadanlıqları ilə yaxından tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: