www.science.az
28.10.2014 00:00

Akademik Hətəm Quliyev Oksford Akademiya İttifaqının təsisçisi və üzvü oldu

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Geologiya və Geofizika İnstitutunun (GGİ) Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb. Yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb. Avropa Biznes Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycandan əlavə 30-dan çox ölkə təmsil olunub. H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb. Həmçinin, Azərbaycan aliminə ittifaqa üzvlük barədə sertifikat təqdim olunub. 

Sammit çərçivəsində təşkil olunmuş dəyirmi masada “Gələcəyin universiteti”, “Təhsilin, elmin və istehsalatın effektiv inteqrasiya formaları” və “Təhsil prosesinin yaxşılaşdırılması” adlı mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda “Gələcəyin universiteti” mövzusunda Beynəlxalq müsabiqənin mükafatlandırılma mərasimi təşkil olunub, qaliblər müxtəlif diplom və sertifikatlarla təltif ediliblər.

Tədbir çərçivəsində Temza Dolinası Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüş və Vindzor qəsrinə ekskursiya da təşkil olunub. 

Sammitin proqramında akademik Bp şirkətinin məsul işçiləri ilə də görüşüb. GGİ ilə şirkətin birgə apardığı tədqiqatların hazırkı mərhələsi müzakirə olunub. Prioritet elm sahələrində görülən işlərin mühüm nəticələr verəcəyinə, yeni texnologiyaların elmi əsaslarının hazırlanması üçün imkan yaradacağına əminlik ifadə olunub, bu məqsədlərə yönəlmiş beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruri hesab edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.