www.science.az
30.10.2014 00:00

Akademik Maqsud Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA Fizika İnstitutunda akademik Maqsud Əliyevin 90 illik yubileyinə həsr olunmuş Elmi Şuranın geniş iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov ilk olaraq 90 illiyi münasibətilə yubilyarı təbrik edib, onun Fizika İnstitutunda göstərdiyi çoxşaxəli fəaliyyətindən danışıb.

Tədbirdə, həmçinin institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov M.Əliyevin elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, akademikin 1955-ci ildən etibarən akademik Həsən Abdullayevin rəhbərliyi altında AMEA Fizika və Riyaziyyat İnstitutunda yarımkeçiricilər fizkası sahəsində elmi-tədqiqat işləri aparmasından, 1961-ci ildən bu günə qədər Fizika İnstitutunda çalışmasından, müxtəlif univeristetlərdə, xüsusən, Bakı Dövlət Universitetinin Yarmkeçiricilər fizikası kafedrasındakı pedaqoji fəaliyyətindən söhbət açıb. Bildirib ki, M.Əliyev elmi fəaliyyətinin uğurlu nəticəsi olaraq Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, keçmiş SSR Ali Sovetinin fəxri fərmanı, Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri, akademik Yusif Məmmədəliyev adına medal və mükafatına və s. layiq görülüb.

Daha sonra tədbir Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevin çıxışı ilə davam etdirilib. Alim, M.Əliyevlə bağlı mülahizələrini bölüşərək ona uzun ömür, can sağlığı, bundan sonrakı elmi fəaliyyətində uğurlar arzu edib.

Yubilyarı, həmçinin Bakı Dövlət Univeristetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Azərbaycan Milli Nüvə Mərkəzinin rəhbəri, AMEA Radiasiya Problemləri İntitutunun direktoru, akademik Adil Qəribov, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Eldar Salayev , AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, tarix elmləri doktoru, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, professor Səlimə Mehdiyeva, fizika üzrə fəlsəfə doktoru Nazilə Soltanova və başqaları yubilyarı təbrik edərək, onun gənclərə göstərdiyi diqqət və qayğıdan, geniş dünyagörüşünə sahib olmasından söhbət açıblar.

Sonda akademik Maqsud Əliyev tədbir iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.