Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rusiyanın “MİR24” kanalı Lənkəran Regional Elmi Mərkəzindən veriliş hazırlayıb
07.08.2020 11:53
  • A-
  • A
  • A+

Rusiyanın “MİR24” kanalı Lənkəran Regional Elmi Mərkəzindən veriliş hazırlayıb

Rusiyanın “MİR24” telekanalı AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) təcrübə sahəsinə həsr olunan veriliş hazırlayıb.

Süjetdə ekzotik meyvə olan quayavanın Azərbaycanda yetişdirilməsi və LREM-in əməkdaşları tərəfindən bitki üzərində aparılan elmi-tədqiqat işləri haqda danışılıb. Bildirilib ki, "tropiklərin alması" adlandırılan bu meyvə indiyə qədər ölkənin yalnız Lənkəran-Astara bölgəsində yetişdirilir. Çay və sitrus bitkilərinin öyrənilməsi sahəsində tanınmış alim, mərkəzin direktoru, professor Fərman Quliyev aparılan araşdırmalar barədə ətraflı məlumat verib. Alim meyvəni 2003-cü ildə İrandan gətirdiyini və elmi-tədqiqat işlərinin Lənkəran-Astara bölgəsində aqroiqlim şəraitinin quayavanın yetişdirilməsinin mümkünlüyünü üzə çıxardığını söyləyib: “Quayavanın vətəni Meksika və Perudur, oradan isə Hindistana və digər Asiya ölkələrinə nəql edilib. Bu bitki Lənkəranın subtropik iqlimi üçün əlverişlidir. Yerli torpaq adi quayava və ya Psidium üçün əlverişlidir”.

Süjetdə vurğulanıb ki, bitkinin yaxşı inkişafı üçün ideal temperatur 18-25 dərəcədir və əkildikdən iki-üç il sonra meyvə verir, sentyabr ayından yığılmağa başlanır, bir hektardan 50 tona qədər məhsul götürmək olur.

“Bitki mənfi 5 dərəcəyə qədər şaxtaya dözə bilər. Ancaq son 10 ildir ki, bölgəmizdə qış isti keçir. Rütubəti çox sevir, buna görə yağışlar da ona zərər vermir. Yeri gəlmişkən, iqlim vəziyyəti bitkinin hündürlüyünə də təsir göstərir. Vətənində bitkinin hündürlüyü 20 metrə çata bilər. Ancaq bizim şəraitdə o, ən yüksək halda altı metrədək böyüyə bilər”, - deyə Fərman Quliyev bildirib.

Veriliş zamanı diqqətə çatdırılıb ki, yerli iqlim quayavanın həm çöldə, həm də ev şəraitində yetişməsinə imkan verir. Torpaqdakı suyun səviyyəsi bitki üçün vacibdir və Lənkəran-Astara bölgəsində yaz-yay ayları quraqlıqla keçdiyindən, tez-tez suvarmaq lazım gəlir.

“Bu dövrdə quayavanı bolluca sulayırıq. Ona çox miqdarda nəm lazımdır, amma torpaqda izafi nəm yığılmamalıdır”, - deyə mərkəzin əməkdaşı Elnarə Şahmarova bitkiyə qulluq barədə ətraflı danışıb.

LREM-in əməkdaşı Aqil Həsənov isə bitkinin böyüməsini və inkişafını izlədiklərini, müşahidənin nəticələrinin jurnalda qeyd olunduğunu deyib: “Mən fenoloji müşahidə aparıram, bitki üzərində qönçələr, yarpaqlar, meyvələr görünəndə qeydlər edirəm. Bu, meyvənin yığımının nə vaxt olacağını müəyyənləşdirir. Quayava ildə iki-üç dəfə məhsul verir”.

Meyvə üzərində aparılan elmi-tədqiqatlara əsasən müəyyən edilib ki, Lənkəran-Astara bölgəsi ilə yanaşı, Şirvan və Abşeronda da quayava yetişdirilə bilər. Lənkəran Regional Elm Mərkəzinin alimləri bu tropik meyvənin digər növlərini yetişdirmək üçün ölkənin iqlim şəraitini öyrənməyə davam edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: