Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası çap olunub
13.08.2020 14:03
  • A-
  • A
  • A+

“Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası çap olunub

AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, yazıçı-publisist, ədəbiyyatşünas Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası işıq üzü görüb.

“Avropa” nəşriyyatında çap olunan nəşrin elmi redaktoru müəssisənin direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, redaktorları filologiya elmləri doktorları Raqub Kərimov və Yaqub Babayevdir. Monoqrafiyanın rəyçisi və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Monoqrafiyada vurğulanır ki, XVI yüzillikdə Füzuli və Əhdidən sonra Bağdadda Azərbaycan ədəbi mühitinin yetirdiyi, türkcə əsərlərinin toplusu, əlyazmaları əldə edilən üçüncü böyük sənətkar Ruhi Bağdadidir. Bağdad ədəbi mühitində yaşamış sənətkarlar içərisində Füzulidən sonra lirikada ictimai motivlər, haqsızlığa, ədalətsizliyə qarşı etiraz notları Ruhi yaradıcılığında bədii ədəbiyyat şəklində tarixə daxil olub. Ruhi ictimai məzmunlu əsərlərində həyatın kəskin konfliktlərini şeirə çox cəsarətlə gətirən, elə bu xüsusiyyətlərinə görə də yalnız Bağdad mühitində deyil, yaxın Şərq poeziyasında ictimai məzmunlu şeirin mövzu dairəsini genişləndirən, sonrakı dövrlərdə də oxucusunu tapan sənətkar, daha çox ictimai tənqid və təfəkkür şairidir.

Kitab üçün maraqlı olan cəhətlərdən biri ictimai motivlərin geniş aspektdə işlənməsi məsələsidir. Azərbaycan ədəbi-nəzəri fikrində bu problemin bir şairin yaradıcılığı əsasında monoqrafik araşdırılması olmayıb. Ş.Səlimbəyli bu baxımdan ədəbi-nəzəri fikirdə yeni bir ənənənin başlanğıcını qoyub.

Monoqrafiya Ruhi Bağdadinin dövrün ictimai-siyasi hadisələrini, şairin cəmiyyətə baxışını ortaya qoymaqla yanaşı, dövründə insanların yaşam tərzi haqqında da hərtərəfli təsəvvür yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: