Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunda yaşıllaşdırmada istifadə olunan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri öyrənilib
14.08.2020 12:16
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda yaşıllaşdırmada istifadə olunan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri öyrənilib

AMEA-nın Dendrologiya İnstitutunun Ekologiya laboratoriyasının əməkdaşları tərəfindən Abşeron yarımadasının yaşıllaşdırılmasında istifadə olunan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri öyrənilib.

İnstitutun elmi işçisi Rəsmiyə Əfəndiyeva bildirib ki, laboratoriya tərəfindən yaşıllaşdırmada geniş istifadə olunan ağac və kol bitkilərinin əsasən şaxtaya, şoranlaşmaya və quraqlığa davamlılıq xüsusiyyətləri öyrənilib. Müəyyən edilib ki, Abşeron şəraitində istifadə olunan şam cinsləri, sərvkimilər fəsiləsinin növləri, sarı və qırmızı meyvəli ölməzkol, yapon saforası və oleandr quraqlığa və torpaq şoranlaşmasına davamlı olan klassik bitkilər qrupuna aid edilə bilər. Abşeron yarımadasına yeni gətirilmiş ağac və kolların xüsusi sınaqdan keçirildikdən sonra yaşıllaşdırmada istifadə edilməsi daha məqsədəuyğundur. Əks halda bu ağac və kollar yarımadanın ekoloji amillərinə məruz qaldığından qısa müddətdə məhv olur.

Alınmış nəticələrdən bəlli olub ki, çılpaqtoxumlu, iynəyarpaqlı ağac və kollar yaz fəslinin əvvəllərində (mart ayının ortalarında) spor vasitəsilə çoxalır. Onların erkək və dişi qametləri ayrı-ayrılıqda formalaşır. Qamet daşıyıcılar erkək və dişi olmaqla iki qrupa ayrılır. Şam növləri davamlılığı ilə seçildiyi halda, zeytun, birgöz və ölməzkol növləri stabil xarakterlidir.

Aparılmış araşdırmalar bu nəticəyə gəlməyə əsas verir ki, Abşeron yarımadasının yaşıllaşdırılmasında sınaqdan çıxmış şam cinslərinin müxtəlif növləri, zeytunkimilər, birgöz və ölməzkol növləri, sərvkimilər və s. əkilməsi daha məqsədəuyğundur. Yaşıllıq əraziləri salınarkən torpaq və suyun kimyəvi komponentləri nəzərə alınmalıdır. 10-12 illik fidanların əkilməsi daha faydalı ola bilər. Yaşıllıq zonalarında şam cinsləri sıra ilə, sərvlər toplum və ya qrup şəklində, zeytun növləri toplu halında, kollar cərgə ilə əkilməli və aqrotexniki qulluq təmin edilməlidir. Sınaqdan keçirildikdən sonra ekzotik bitkilərin küləyin təsirindən qorumaq üçün binaların ətraflarının və həyətyanı ərazilərin yaşıllaşdırılmasında istifadəsi məsləhət görülür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: