Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Yüksək Texnologiyalar Parkının rezidentləri ilə görüş keçirilib
18.08.2020 10:55
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının rezidentləri ilə görüş keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) bu qurumun rezidentləri ilə görüş keçirilib.

Tədbiri “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov açaraq bildirib ki, ölkə başçısının Sərəncamı ilə yaradılmış YT Park yarandığı dövrdən innovativ texnoloji yeniliklərin respublikamızda inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir.

YT Parkda rəqabətqabiliyyətli məhsulların istehsalı, ciddi elmi tədqiqatların aparılması, eləcə də innovativ layihələrin həyata keçirilməsinin əsas hədəflərdən olduğunu deyən V.Abbasov rezidentlərə vəzifə və öhdəliklərini xatırladaraq onlardan mütəmadi elmtutumlu və ixracyönümlü layihələrin gözlənildiyini diqqətə çatdırıb.

Direktor qurumun fəaliyyətinin akademiya üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayıb, parkın Azərbaycan alimlərinin elmi-tədqiqat işlərinin innovativ məhsullara çevrilməsi və kommersiyalaşdırılması sahəsində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, YT Parkın əlverişli mühiti və rezidentlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar məhsullarımızın rəqabət üstünlüyünü daha da artıraraq, sadəcə idxal əvəzedici deyil, həm də ixrac potensialı yüksək olan məhsullara çevrilməsinə gətirib çıxaracaq.

O, hər zaman rezidentlərin təkliflərini dinləməyə hazır olduğunu, mövcud və yarana biləcək problemlərin müvafiq həlli yollarını birgə müəyyən etməyin məqsədəuyğunluğunu bildirib.

Görüş zamanı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu almış müəssisələrin nümayəndələri Vasif Abbasovu yeni vəzifəyə təyinatı münasibətilə təbrik ediblər.

Sonda Vasif Abbasov iştirakçılara təşəkkürünü bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: