Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Soltan Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
08.12.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Soltan Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

AMEA Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycanın əməkdar elm xadimi, akademik Soltan Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş neft-kimya sintezi üzrə respublika elmi-praktiki konfransı keçirilib. Məqsəd dünya şöhrətli alimin neft kimyası elminin inkişafındakı rolunu bir daha işıqlandırmaq idi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Vaqif Abbasov görkəmli alimin həyat və zəngin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, akademik Soltan Mehdiyev respublikamızda neft kimyasının inkişafında əhəmiyyətli rol oynamış, dünya miqyasında tanınmış azərbaycanlı alimdir.

Sonra AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov akademikin elmi fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. Qeyd edib ki, alim 1927-31-ci illərdə Bakı Pedaqoji Texnikumunu bitirərək, kənd orta məktəbində müəllim işləmiş, 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. II Dünya Müharibəsi illərində bəzi hərbi əhəmiyyətli partlayıcı maddələrin alınması üzərində çalışmışdır. 1943-cü ildə Tbilisidə namizədlik dissertasiyası, 1955-ci ildə isə Moskvada “Tsiklan karbohidrogenlərinin sintezi və çevrilmələri sahəsində tədqiqatlar” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1956-58-ci illərdə Azərbaycan Neft İnstitutunun direktoru olmuşdur. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. H.Əlimərdanov bildirib ki, alimin rəhbərliyi altında 10 elmlər doktoru və 75 elmlər namizədi yetişdirilmişdir. S.Mehdiyev 1979-cu ildə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Tədbirdə akademiklər Abel Məhərrəmov, Akif Əzizov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Fəzilə Səmədova, kimya üzrə elmlər doktoru Arif Həsənov və başqaları çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Sonda alimin ailəsi adından çıxış edən akademikin oğlu Cəfər Mehdiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransa respublikanın, eləcə də Rusiyanın kimya profilli 30 təşkilatından məruzə tezisləri təqdim edilib.

Tədbirdə, həmçinin akademiklər Dilqəm Tağıyev, Rəfiqə Əliyeva, Vasif Babazadə, Ağadadaş Əliyev, Məhərrəm Məmmədyarov və digər elm xadimləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: