Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kolumbiyanın Azərbaycandakı səfiri Ədəbiyyat İnstitutunda olub
17.09.2020 18:31
  • A-
  • A
  • A+

Kolumbiyanın Azərbaycandakı səfiri Ədəbiyyat İnstitutunda olub

Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Antonio Dimate Cardenas AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Pandemiya qaydalarına uyğun olaraq təşkil edilən görüşdə qonağı AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli qarşılayıb. Qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə çıxış edən akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun yaranma tarixi, keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan ədəbiyyatının qədim, zəngin tarixi var və rəhbərlik etdiyi müəssisədə öncəliklə ölkəmizin ədəbi irsi tədqiq edilir. Eyni zamanda institutda dünya ədəbiyyatının dörd şöbədə öyrənildiyini söyləyib.

Akademik çıxışında Kolumbiyanın dünya şöhrətli yazıçısı Qabriel Qarsia Markesin Azərbaycan-Kolumbiya ədəbi əlaqələri üçün körpü olduğunu nəzərə çatdırıb. O, azərbaycanlı rəssam Cavad Mircavadovun tablosunun Çingiz Aytmatov vasitəsilə Qabriel Qarsia Markesə təqdim edildiyini deyib. Qeyd edib ki, Kolumbiya səfirinin Ədəbiyyat İnstitutuna qonaq gəlməsi gələcək ədəbi əlaqələrimizin inkişafına şərait yaradacaq.

Sonra çıxış edən Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Antonio Dimate Cardenas görüşə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib. Səfir çıxışında vurğulayıb ki, Markesi tanımaq onun ölkəsini tanımaq deməkdir. A.D.Cardenas Azərbaycanda Markesin yaxşı tanınması və tədqiq olunmasının onu çox sevindirdiyini nəzərə çatdırıb. Səfirliyin dəstəyi ilə Azərbaycan ədəbiyyatı antologiyasının ispan dilində, eyni zamanda Kolumbiya ədəbiyyatı antologiyasının Azərbaycan dilində çapının qarşılıqlı ədəbi əlaqələrimizə töhfə olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə institutun elmi katibi, fil.f.d. Mehman Həsənli, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, fil.e.d., prof. Gülər Abdullabəyova, Təhsil şöbəsinin müdiri, sos.f.d. Samir Səttarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fil.f.d. Xanım Zairova və səfirin köməkçisi Ramizə Həsənova iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: