Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Professor İlham Məmmədzadə: "Filosoflar süni intellektə dair sistemli təhlillər aparmalıdır"
24.09.2020 12:07
  • A-
  • A
  • A+

Professor İlham Məmmədzadə: "Filosoflar süni intellektə dair sistemli təhlillər aparmalıdır"

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfə, süni intellekt və Lütfi Zadənin qeyri-səlis məntiq konsepsiyası” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.

Tədbiri müəssisənin direktoru, professor İlham Məmmədzadə açaraq bütün sahələrdə olduğu kimi fəlsəfənin də birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb: “Fəlsəfə bu gün süni intellektdən kənarda qala bilməz, onsuz mümkün deyil. Demək olar ki, elə sahə yoxdur ki, süni intellektin xidmətlərindən yararlanmasın. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə biz alimlər də öz işlərimizi inkişaf etdirmək üçün süni intellektdən faydalanırıq”.

O, insanların süni intellektdən hansı formada faydalanması, bunun nəticəsində yarana biləcək problemlərin aradan qaldırılması üçün alimlərin, xüsusilə filosofların geniş elmi təhlillər apararaq müəyyən elmi nəticələr ortaya qoymasının zəruriliyini vurğulayıb, bu işlərin sistemli şəkildə aparılmasının önəminə toxunub.

Sonra Azərbaycan Texniki Universitetinin kafedra müdiri, t.e.d. Vaqif Qasımovun “Süni intellekt sistemlərinin yaradılmasının konseptual əsasları”, professor Arif Büniyatovun “Süni intellekt sistemlərinin yaradılmasında qeyri-səlis məntiqin rolu”, f.e.d. Füzuli Qurbanovun “Süni intellektin tədqiqinə fənlərarası yanaşmanın metodoloji özəllikləri”, professor Rəna Mirzəzadənin “Geosiyasət: Süni intellekt, texnosiyasi dəyişikliklər və Azərbaycan milli strategiyalar kontekstində”, f.e.d. Ziba Ağayevanın “Süni intellekt və tənhalıq”, f.e.d. Afaq Rüstəmovanın “Süni intellekt dövrün mühüm problemidir”, i.ü.f.d. Əhməd Qəşəmoğlunun “Süni (idraki) intellektlə səmərəli qarşılıqlı əlaqələrin qurulmasında ahəngyol nəzəriyyəsindən istifadə”, f.ü.f.d. Şölət Zeynalovun “Süni intellekt və müasirlik” və f.ü.f.d. Məhəmməd Cəbrayılovun “Dördüncü sənaye inqilabı və süni intellekt” mövzularında məruzələri dinlənilib.

Konfrans iştirakçıların mövzular ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.

Qeyd edək ki, baş tutan tədbir institutda “Süni intellekt və yaxın gələcək: problemin fəlsəfi-etik və praqnoztik aspektləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa hazırlıq məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: