Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.09.2020 14:16
  • A-
  • A
  • A+

Alimlərimizin dünyada ilk dəfə vulkan palçığından əldə etdiyi gübrə pambıq sahəsində sınaqdan keçirilib

Alimlərimizin dünyada ilk dəfə vulkan palçığından əldə etdiyi gübrə pambıq sahəsində sınaqdan keçirilib

Azərbaycanda palçıq vulkanlarının püskürməsi nəticəsində hər il yerin müxtəlif dərinliklərdən səthə milyon kub metrlərlə brekçiya (vulkan palçığı) xaric edilir. Vulkan palçığının müalicəvi, həmçinin tikinti və kosmetalogiya sahələrində istifadəsinin mümkünlüyü haqqında məlumatlar mövcuddur. Lakin alimlərimiz indiyədək istifadə edilməyən Azərbaycanın vulkan palçığı xammalı əsasında kompleks gübrə ixtira edib, onların bu təşəbbüsü Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.

Həmin elmi ixtiranın kənd təsrrüfatı sahələrində sınaqdan keçirilməsi məqsədilə bu il Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi (SDAİM) tərəfindən rayonun Xələc kəndində yerli mülkiyyətçiyə aid 1 ha sahə ayrılıb. Həmin sahədə ərəsəyə gətirilmiş yeni kompleks üzvi gübrə ilkin olaraq pambıq bitkisinin becərilməsi prosesində tətbiq edilib.

Yerli mülkiyyətçinin ənənəvi üsulla becərilən sahələrindən fərqli olaraq, sözügedən gübrənin tətbiq edildiyi yanaşı sahədə yetişdirilən pambıq bitkisinin inkişafı və məhsuldarlığı mütəxəssislərin diqqətini cəlb edib. Belə ki, bitkinin hündürlüyü, gövdəsi və budaqları digər yanaşı qonşu sahələrdə bitən pambıq kollarını xeyli üstələyib. Orta hesabla yeni gübrə ilə yetişdirilən pambıq kolunda 60-dan çox açılmış və açılacaq pambıq qozası qeydə alınıb. Pambıqların orta çəkisi 14 qrama çatır ki, bu da yüksək nəticənin göstəricisi hesab edilir.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, professor Mirəli Alosmanovun rəhbərliyi altında həyata keçirilən tədqiqatlarda həmin müəssisənin şöbə müdiri, professor Adil Əliyev, dosent Orxan Abbasov, eləcə də Kataliz Qeyri-üzvi Kimya İnstitutunun dosenti Zarema Cabbarova və Şahin Bağırov da iştirak edirlər.

Hazırda SDAİM tərəfindən məhsulun yığımı həyata keçirilir. Sonrakı mərhələlərdə sözügedən mərkəzin yetişdirdiyi “ağ qızılın” kəmiyyət və keyfiyyət parametrlərinin müəyyənləşdirilməsi və alınan nəticələrin aktlaşdırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: