Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İqtisadçı alimlər qeyri-formal məşğulluğun fəsadlarını araşdırıblar
29.09.2020 11:56
  • A-
  • A
  • A+

İqtisadçı alimlər qeyri-formal məşğulluğun fəsadlarını araşdırıblar

“Sosial-İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olduğu “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları" adlı layihə həyata keçirir. Layihənin rəhbəri AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovdur.

Layihənin eksperti, İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov vurğulayıb ki , iyulun 1-dən start götürən və 4 aylıq dövrü əhatə edən layihə çərçivəsində “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları” kitabının nəşri nəzərdə tutulub. Kitabın yazılmasında Azərbaycanın bu sahə üzrə tanınmış ekspertləri - iqtisad üzrə fəlsəfə doktorları, dosentlər Mahir ZeynalovAllahyar MuradovRəsmiyyə Abdullayeva iştirak edirlər. Çapa hazırlanan kitab ali təhsil müəssisələrinə paylanılacaq.

Mahir Zeynalov diqqətə çatdırıb ki, qeyri-formal məşğulluqla mübarizə sahəsində əhalinin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki qeyri-formal məşğul insanlar çox zaman hansı sosial hüquqlardan məhrum olduqlarını bilmirlər. Odur ki, layihənin əsas məqsədi bu sahədə maarifləndirmə və təbliğatdır. “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın da əsas məqsəd və hədəflərindən biri qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasıdır. Burada da 2020–2025-ci illərdə ölkədə qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilən kompleks tədbirlərin - normativ hüquqi aktların, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkilinin həyata keçirilməsi nəzərdə tutulur.

Ekspert qeyd edib ki, qeyri-formal məşğulluğun yaranma səbəbləri müxtəlifdir, əsasən iqtisadi, sosial və inzibati idarəetmə ilə bağlıdır. Əvvəllər qanunlardakı boşluqlar, nəzarətin zəif olması, hər hansı işlək inzibati cəza tədbirlərinin olmaması, işçilərin işəgötürənlə müqavilə bağlamağa maraq göstərməməsi, işgötürənin də iş yerlərini rəsmiləşdirməkdə maraqlı olmaması kimi səbəblər qeyri-formal məşğulluğa şərait yaradıb.

Azərbaycanda son illər biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı qeyri-formal məşğulluğun azalmasına və iş yerlərinin leqallaşdırılmasına, həm də yeni açlan iş yerlərinin rəsmiləşdirilməsinə müsbət təsi göstərir: “Bunlarla yanaşı, ölkədə sahibkarlığın inkişafına yalnız mənfəət, biznes fəaliyyəti kimi baxılmır, həmçinin iqtisadi artımın əsası, sosial-iqtisadi inkişafın sosial amili və yeni iş yerlərinin təşkili, iş yerlərinin leqallaşdırılması imkanları kimi qiymətləndirilir. Sahibkarlar da öz sosial məsuliyyətlərini dərk edərək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-formal məşğulluğu aradan qaldırmalı və iş yerlərini rəsmiləşdirlməlidirlər”.

“Qeyri-formal məşğulluq ölkədə kölgə iqtisadiyyatının yayılmasına rəvac verməklə və rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır. Bu səbəbdən qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi dövlət üçün əsas prioritetlərdən biridir. Ona görə də qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında,qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər və işəgötürənlər – sahibkarlar da eyni dərəcədə fəal olmalıdırlar. Çünki Azərbaycanda qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində məsuliyyət tədbirləri ilə yanaşı, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi stimullaşdıran ciddi mexanizmlər də formalaşdırılıb”, - deyə iqtisadçı alim Mahir Zeynalov qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: