Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Beynəlxalq səviyyəli jurnallar Azərbaycan elmini dünyaya tanıdır
01.10.2020 14:24
  • A-
  • A
  • A+

Beynəlxalq səviyyəli jurnallar Azərbaycan elmini dünyaya tanıdır

Bu günlərdə aldığımız xəbər Azərbaycan elmi ictimaiyyətini, o cümlədən türk dünyasını ürəkdən sevindirib. Elmimizin dünyaya tanıdılmasına xidmət edən daha bir beynəlxalq səviyyəli jurnalımız dünyanın ən mükəmməl qiymətləndirmə sistemi tərəfindən yüksək dəyərləndirilib: Belə ki, “TWMS Journal Pure and Applied Mathematics” jurnalı “Science Citation Index Expanded (SCİE)” bazasında yer alıb. Bu, Azərbaycanın elm tarixində daha bir əlamətdar hadisədir və hər bir vətəndaşımıza qürur yaşadır. Düşünürəm ki, bu uğur jurnalın redaksiya heyətini, onun bu pilləyə yüksəlməsində əməyi olan hər kəsi daha çox sevindirir, çünki bir neçə il əvvəl onun nəşrinə başlayarkən məhz bunu hədəf götürmüşdülər.

Həmsöhbətimiz Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, sözügedən jurnalın baş redaktoru, akademik Fikrət Əliyevdir. Onunla müsahibəni oxucularımıza təqdim edirik:

– Fikrət müəllim, bu əlamətdar hadisə münasibətilə sizi, kollektivinizi, bütünlükdə Azərbaycan elmi ictimaiyyətini təbrik edirik. Bu, həm də türk dünyası alimlərinin uğurudur, elə deyilmi?

– Təbrikə, xoş sözlərə görə təşəkkür edirəm. Sizin də dediyiniz kimi, bunu həm də türk dünyası alimlərinin uğuru saymaq olar. Bu, bizim birgə əməkdaşlığımızın, gərgin əməyin nəticəsidir. Bu işdə xidməti olan hər kəsə minnətdaram.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə yaranmışdır və Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İran, Türkmənistan, Çin, Monqolustan, Rusiya, ABŞ və Avropa İttifaqı dövlətlərinin bir qrup riyaziyyatçılarını öz ətrafında birləşdirir. Cəmiyyətin əsas məqsədi türkdilli dövlətlərin bütün dünyada çalışan bilim adamlarını bir araya gətirməkdən ibarətdir və mütəmadi olaraq keçirilən toplantılar onu göstərir ki, cəmiyyət az da olsa öz məqsədinə çatmışdır. Mən 2007-ci ildən bu cəmiyyətin vitse-prezidentiyəm və işin içində olan bir adam kimi deyə bilərəm ki, bu cəmiyyətdə təşkilatlanan elm adamları bir-birləri ilə müəyyən əlaqələr yaradır, konfranslar keçirir, məqalələr yazır, fikir mübadilələri aparırlar ki, bu da qloballaşma prosesində iştirakı daha da sürətləndirir. Müxtəlif vaxtlarda keçirilən konqreslərdə dünyanın ayrı-ayrı ölkələrindən nümayəndələr iştirak edir ki, bu da həmin toplantıların dünya miqyasına çıxa bilməsinə zəmin yaradır. Cəmiyyətin hər iki jurnalı “Clarivate Analytics”in (“Thomson Reuters”) “Emerging Sources Citation Indeks (ESCİ)” bazasına daxil edilmişdir. Bu isə o, deməkdir ki, dünya elmi ictimaiyyəti belə bir cəmiyyətin mövcudluğunu qəbul edir, onun fəaliyyətini dəyərləndirir. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, dünyanın müxtəlif aparıcı elmi mərkəzlərindən olan alimlər öz məqalələrini bu jurnallarda çap etdirirlər. Əgər çap prosesinə diqqətlə baxsaq, görərik ki, türk olmayan çoxlu sayda alimlər də əsərlərini bu jurnalda çap etdirir.

“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı” Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunur və son illərdə jurnalda çap edilən məqalələrə istinadların sayı xeyli artmışdır. Bu fakt isə həmin jurnala tezliklə keyfiyyət dərəcəsi verilməsini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir. Bu yaxınlarda aldığımız xoş xəbər doğrudan da Azərbaycanın elm tarixində daha bir əlamətdar hadisə oldu. Belə ki, Amerika Birləşmiş Ştatlarının “Clarivate Analytics” Agentliyinin bu günlərdə açıqlanan 2020-ci ilin hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan və “Emerging Sources Citation Indeks (ESCİ)” bazasında yer alan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı”) bir pillə yüksələrək “Science Citation Index Expanded” (SCİE) bazasında yer almışdır. Beləliklə, “Science Citation Index Expanded” (SCİE) bazasına daxil olan jurnallarımızın sayı 2-yə çatmışdır. “Clarivate Analytics” Agentliyi tərəfindən Science Citation Index siyahısına salınan ilk və yüksək təsir əmsalına malik “Applied and Computational Mathematics” beynəlxalq jurnalıdır.

2010-cu ildən ingilis dilində nəşr olunan “Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı”nda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 30-dan çox ölkənin universitet və elmi mərkəzlərində yayılır. Bütün məqalələr “Math. Reviews”, “Zentrablatt”, “VİNİTİ” kimi nüfuzlu bazalarda referat olunur, “E-Letter”, “NA Digest” elmi saytlarında anons edilir. İndiyədək jurnalın 21 nömrəsi çap olunub. Bu, çox ağır əmək tələb edən işdir. Artıq bu işlərin öhdəsindən gələ bilən bir qurum yaranıb. Qeyd edim ki, əgər ACM jurnalı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi dəstəyi ilə çap olunursa, bu yeni jurnal isə BDU-nun maddi dəstəyi ilə işıq üzü görür.

– Fikrət müəllim, Azərbaycan elminin növbəti bu uğuru dünya elmi ictimaiyyəti tərəfindən necə qarşılandı?

– Çox yaxşı, dünyanın müxtəlif yerlərindən saysız-hesabsız təbrik teleqramları almışıq, dostlarımız, həmkarlarımız çox sevinirlər, hamısı təbrik edir, uğurlar arzulayırlar. Bu da bizi çox sevindirir. Məsələn, Türkiyənin İşıq Universiteti riyaziyyat bölümünün rəhbəri, “TWMS Journal of Applied and Engineering Mathematics” jurnalının baş redaktoru, həmyerlimiz Elman Həsənoğlu yazır: “Dünyanın ən nüfuzlu elmi-tədqiqat qiymətləndirmə təşkilatı olan “Clarivate Analytics”in SCİ Expandent verilənlər bazasına daxil olmağınız münasibətilə təbrik edirəm. Bu uğur rəhbərlik etdiyiniz institutun və Azərbaycan elminin beynəlxalq elmi ictimaiyyətdə layiqli yer tutmasının bariz nümunəsidir”.

Eləcə də Kanadadan Hari Mohan Srivastava, Çin Tibb Universiteti tibbi tədqiqatlar bölməsindən Erdal Karapınar, Ankaradan Ağacık Zafer, İstanbuldan Feyzi Başar və başqaları da öz xoş arzularını bildirirlər.

Bu məktubların sayını artırmaq da olar. Mən isə öz növbəmdə xoş sözlərə, təbriklərə görə bizə dəyər verənlərin hər birinə təşəkkürümü bildirirəm. Bu diqqət, bu münasibət bizim sonrakı fəaliyyətimizə, birgə əməkdaşlığa öz müsbət təsirini göstərəcəkdir.

– Bu yaxınlarda Bakıda onlayn formatda növbəti beynəlxalq konfrans keçirildi. Zənnimcə, elmi ictimaiyyət üçün bu da böyük əhəmiyyət kəsb edən hadisədir...

– Ənənəvi olaraq bu il avqust ayının 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə onlayn formatda Bakıda keçirilən Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VII Beynəlxalq Konfransı (COİA-2020) 3 gün davam etdi. Konfrans “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Riyazi modelləşdirmə və metodları”, “Sənaye və iqtisadiyyatda tətbiqlər” və s. mövzuları əhatə edirdi. Plenar görüşlərdə tanınmış alimlər idarəetmə və optimallaşdırmanın bütün aspektlərini təqdim etmək imkanı əldə edə bilmişdilər və bu imkandan yararlandılar. Qeyd edim ki, konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçmiş, redaksiyaya 300-ə qədər məqalə qəbul edilmiş, rəy prosesindən sonra 256 məqalə konfransın materiallarında dərc olunmuşdur. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil edirdilər.

Onu da deyək ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq onlayn formatda keçirilən konfrans texniki baxımdan yüksək səviyyədə təşkil olunmuşdu. Konfransın təxirə salınması barədə fikirlər səslənsə də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə konfransın keçirilməsi fikrini dəstəklədi və onun yüksək səviyyədə diqqət və qayğısı sayəsində növbəti konfrans da uğurla başa çatdı. Üç günlük konfransın məqsədi tədqiqatçıların fikirlərini bölüşmək və yekun nəticələri müzakirə etmək üçün sənaye mütəxəssislərinin görüşə biləcəyi bir mühiti təmin etməkdən ibarət idi. Düşünürəm ki, biz buna nail olduq.

– Hər bir elmi nəticə o zaman dəyərli olur ki, onu dünya elmi ictimaiyyəti təqdir etsin və təmsil olunduğu ölkənin sənayesinə tətbiq olunsun. Bu gün bu sahədə vəziyyət necədir, alimlərimiz elmimizin inkişafı üçün daha nələr etməlidirlər?

– Azərbaycan Milli Elmlər Akademiyasının ötən il may ayının 1-də keçirilən illik hesabatında belə bir fikir səsləndirildi: Azərbaycan elmi müəyyən göstəricilərə görə Qafqazda I yerə çıxıb. Qürurla demək olar ki, bu, Azərbaycan elminin ilk təntənəsi idi. Bu uğuru təmin edən amillərdən biri “Clarivate Analytics”in “Web of Science” platformasında indekslənən dünyanın müxtəlif aparıcı jurnallarında Azərbaycan alimlərinin çap olunan məqalələrinin sayının son zamanlar artmasıdır. Həmçinin Azərbaycanda keçirilən beynəlxalq səviyyəli konfransların materiallarının həmin jurnallarda özünə yer alması faktı da müəyyən formada rol oynamışdır. Əldə olunan bu nailiyyətlərin əsasında isə elmin inkişafına dövlətimizin göstərdiyi dəstək, qayğı və diqqət dayanır. Hər bir xalqın, millətin inkişaf meyarı olan elmin özünün inkişafı isə dövlət üçün vacibdir və bu mənada Azərbaycan elminin bu istiqaməti prioritet seçməsi də çox təbiidir.

Müasir dövrümüzdə elmin inkişaf mərhələlərinə diqqət yetirsək, görərik ki, bu gün tənqid etdiyimiz sovet dönəminin özündə də böyük işlər görülüb. Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində elm faktoruna böyük diqqət yetirmişdir. Onun respublikaya birinci rəhbərliyi dövründə AEA, sözün əsl mənasında, özünün qızıl dövrünü yaşayırdı: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir...” deyən ulu öndər elmimizə, onun cəfakeş insanlarına həmişə güvənirdi. Doğrudur, bu gün dövran dəyişib, dünya elminin qarşısında böyük qlobal məsələlər dayanır. İndi dünya elminə yeni-yeni töhfələr vermək, dünya elmi ictimaiyyətini təəccübləndirmək o qədər də asan deyil. Ancaq buna baxmayaraq, elmimiz yeni, dövrün tələb etdiyi istiqamətdə yenilənir, inkişaf edir. Buna bu gün daha çox ehtiyacımız var. Dövlət başçısı cənab İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimindəki nitqində müasir cəmiyyətin yüksək inkişafında elm faktorunun roluna və əhəmiyyətinə xüsusi diqqət yetirərək demişdir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır”. Zənnimcə, hər bir elm adamı bu sözləri proqram kimi qəbul etməli, məsuliyyətini artırmalı, Vətən elminin qoruyaraq inkişaf etdirilməsini, dünyaya tanıdılmasını özünün vətəndaşlıq borcu saymalıdır. Məhz belə olan təqdirdə elmi uğurlardan, nailiyyətlərdən danışmaq mümkündür. Bilirsiniz, burada bir nüansı da diqqətə çatdırmaq lazımdır. Məlumdur ki, biz 70 ildən artıq bir müddətdə sovet rejimi şəraitində yaşamışıq. Azərbaycan elmi də məhz bu quruluşun şərtləri daxilində inkişaf edib, sovet ideologiyasını tərənnüm edib. Bu cəmiyyət çökən kimi riyaziyyat, texnika, təbiət elmləri tez revanş edib dünya elminə töhfələr verməyə başladı. Alimlərimizin dünya elm ictimaiyyətinin təqdir etdiyi elmi nəticələri Azərbaycan sənayesinə tətbiq olundu.

Elmi çətin və mürəkkəb bir fəaliyyət sahəsi adlandıranlar heç də yanılmırlar, elm hər bir cəmiyyətin inkişafıdır, tərəqqisidir. Dahi Nizaminin məşhur misralarında deyildiyi kimi:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

– Fikrət müəllim, maraqlı müsahibəyə görə təşəkkürümüzü bildiririk, bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq. Dünya elminə yeni-yeni töhfələrinizi gözləyirik!

P.S. Müsahibə çapa hazırlanarkən məlumat aldıq ki, 31 dekabr 2017-ci ildən sonra “TWMS Journal of Pure and Applied Mathematics” jurnalında dərc olunan məqalələr Essential Science Indicators (Əsas Elm Göstəriciləri) və Journal Citation Reports Science bazalarına daxil ediləcək.

"Respublika" qəzeti

  • Paylaş: