Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Vətən müharibəsi torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşıdır!
01.10.2020 14:52
  • A-
  • A
  • A+

Vətən müharibəsi torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşıdır!

Vətən döyünən ürəyimizsə, üçrəngli bayrağımız qürurumuz, and yerimiz, məsləkimiz, kimliyimiz öz yurdumuza hakimliyimizdir. Bu gün Azərbaycan xalqının, dövlətinin öz torpaq­larımızda nankor ermənilərə qarşı apardığı savaş haqq savaşıdır. Birlik savaşıdır! Yüzlərcə elindən, obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, vətənsiz böyüyən vətən övladlarını Qarabağımıza yenidən qaytarmaq uğrunda gedən savaş­dır! İllərdir ki, əlimizdən zorla alınan torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşıdır!

Qarabağ bizim əcdadlarımızın  məskənidir! Qarabağ hər bir azərbaycanlının qələbə gününün Şuşada, Kəlbəcərdə zəfərlə toy bayram edəcəyini böyük ümüdlə gözlədiyi, ürəkdən istədiyi müqəddəs yurd yerimizdir. Qarabağ bizim milli mənəvi, məsələmizdir. Qarabağ bizim gerçək haqqımızdır. Bizim haqqımız olanı erməni vandalları özgə dövlətlərə arxalanaraq bizdən zorla qoparsalar da, bu gün Azərbaycan Respublikasının Ali Baş Komandanın çağırışı “Biz öz torpaqlarımızda vuruşuruq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” şüarı damarında Azərbaycan türkünün qanı axan hər bir vətəndaşa qürur hissi verir.

1991-1993-cü illər rayonlarımız bir-bir düşmənlərimiz tərəfindən işğal olunduqda mənim 12 yaşım var idi. Hər gün içimdə düşmənə qarşı bir nifrət hissi daha da böyüyürdü. Bu müharibənin canlı şahidi olan nə qədər həmyerlimiz var ki, onların ürəkləri həsrətdən dağ-dağ olub.

Bu gün müharibə kəlməsi nə qədər ağır səslənsə də, canımızı üşütsə də, damarımızda axan qanımızı qurutsa da, bizdə düşmənə nifrət hissini daha da artırır.  Nankor düşməndən 30 ilin qisasını almağa tələsən, xalqımızı zəfərə aparan bir böyük ordumuz var! İgid, vətənpərvər və qeyrətli oğullarımız var ki, insana   fəxarət hissi verir, qürur bəxş edir.

30 ildir ki, Qarabağ, vətən, torpaq deyə gözüaçıq bu dünyadan köçən ağbirçək analarımız, ağsaqqal atalarımız, babalarımız var ki, onların böyük əksəriyyətinə  bir daha o gözəl rəngarəng yurd yerlərini görmək nəsib olmadı! Onlar bu dünyadan belə vətən həsrətiylə getdilər. Kaş bir də o daşları mamır bağlamış küçələri, yurddaşları üçün qəribsəyən tənha dağları, həsrətdən boyunlarını daha da bükən laləli çəmənləri birdə görərdim arzusuyla gözlərini əbədi yumdular.

İllərdir müharbənin acısını, ağrısını çiyinlərində daşıyan soydaşlarımız var. Bu gün də gözü qapıda qalan qız gəlinlərimiz var, itkin düşən oğullarımız var ki, hələ də analarımızın gözləri ağlamaqdan daş bağlayıb.

İnanıram ki, onların qisası yerdə qalmayacaq. İnanıram ki, Azərbaycan ordusu bizləri səbirsizliklə gözləyən o yurd yerlərimizə, kösövü sönmüş ocaqlarımıza, bağrı qan olmuş laləli dağlarımıza qovuşduracaq. İnanıram ki, cıdır düzümüz yenidən bülbüllərin sevinclə zəfər nəğməsini oxuduqları, igidlərimizin hünər göstərdikləri məkana çevriləcək.

Hünər zamanıdır, meydanda gərək,

Bir olsun yurdumun mərd oğulları!

Verməyək düşmənə aman bircə an!

Alaq Qarabağın intiqamını!

Bu savaşda Azərbaycan ordusu qalib gələcək! Zəfər haqqın tərəfində olacaq. Bundan əminəm! Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!

Zümrüd Mənsimova, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: