Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsi
01.10.2020 16:00
  • A-
  • A
  • A+

Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsi

Ermənistanın silahlı qüvvələri 27 sentyabr 2020-ci il tarixində səhər saatlarından başlayaraq atəşkəs rejimini növbəti dəfə kəskin şəkildə pozmaqla cəbhəboyu ərazidə yerləşən yaşayış məntəqələrimizi və ordumuzun mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Düşmənin genişmiqyaslı ərazi təcavüzü - təxribatçılıq hərəkəti Ermənistanın ölkəmizə qarşı yönəltdiyi mənfur niyyətinin bariz nümunəsidir. Cəzasızlıq şəraitində daha da fəallaşan Ermənistan öz həqiqi xislətini hər bir vəchlə gizlətməyə çalışsa da, belə təxribatları son vaxtlar silsilə halında davam etdirməsi və Azərbaycanın həm siyasi-diplomatik səyləri, həm də hərbi imkanlarının artması fonunda buna bir daha nail ola bilməyəcək. Nə qədər beynəlxalq ictimaiyyəti yalançı tarixi erməni mifi ilə aldatmağa, haqqı əlindən alınmış yazıq xalq obrazında görünməyə, torpaqları təcavüzə məruz qalmış ölkə siması əldə etməyə çalışsa da, son nəticədə reallıq müstəvisində bunların bir fiksiya olduğu özünü göstərməkdədir. 

Belə ki, Ermənistan bugünə qədər ölkəmizin uzun illərdən bəri işğal altında saxladığı tarixi-mədəni və təbii-füsunkar diyarı olan Qarabağı və onun ətraf rayon ərazilərini nəinki həqiqi sahibinə - Azərbaycana qaytarmağa çalışmayıb, habelə ilhaqçılıq siyasətini davam etdirməklə, yeni-yeni ərazilərimizin hesabına öz ərazi hüdudlarını genişləndirməyə cəhdlər göstərib.

Ölkəmizin ərazi bütövlüyünün bərpası yönündə Ermənistanla aparılan danışıqlar, vasitəçilərin səyləri həmişə qarşı tərəfin bu məsələyə qeyri-konstruktiv yanaşmasına görə uğursuzluqla yekunlaşıb, real nəticələr verməyib.

Ölkə başçısı cənab İlham Əliyevin müxtəlif səviyyəli tədbirlərdə erməni xislətini və separatçılığını ifşa edən təkzibolunmaz arqumentlərlə dolu davamlı çıxışlar etməsi, cəbhə xəttində düşmən qüvvələrinə qarşı son illər ərzində bir neçə uğurlu əks hərbi əməliyyatların aparılması, ölkəmizin geosiyasi və enerji təhlükəsizliyi baxımdan mövqelərinin daha da möhkəmlənməsi Azərbaycanın öz haqq mübarizəsində nə dərəcədə qətiyyətli olduğunu dünyaya nümayiş etdirib.

İşğalçı Ermənistanın qeyd edilən genişmiqyaslı təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmrilə bütün cəbhə boyu əks-hücum əməliyyatı başladılıb və bu əməliyyatlar hal-hazırda uğurla davam etdirilir.

Ali Baş Komandan İlham Əliyev “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında iki ölkə arasındakı münaqişənin hazırkı kəskin durumu barədə verilən sualları cavablandırarkən dəqiqlik, ardıcıllıq və məntiqlə  Ermənistanın ümumi işğalçı mahiyyəti, təmas xəttində iki ölkə arasında hərbi əməliyyatların bərpa olunmasına gətirib çıxaran səbəblər haqqındakı fikirlərini, o cümlədən münaqişənin həlli üzrə danışıqların konstruktiv əsasda baş tutmamasının və onun bugünkü hərbi toqquşma halına gəlməsində bilavasitə Ermənistanda hakimiyyətdə olan hazırkı rejimin bu məsələdəki mövqeyi ilə bağlı olduğunu ictimaiyyətə bəyan edib.

Beləliklə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində məzmunca yeni mərhələ meydana gəlib ki, onun mahiyyətini işğalda olan ərazilərimizin tam azad edilməsi təşkil edir. Artıq nəticəsiz danışıqların aparılması ilə səciyyələnən uzunmüddətli simulyasiya dövrü arxada qalıb və bizim üçün qalibiyyət müstəvisi danışıqlar masasından döyüş meydanına keçib. Ölkə başçısı, Ali Baş Komandanın vurğuladığı kimi, “erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!”. Erməni əsgərinin ayaq izlərinin torpaqlarımızdan birdəfəlik yox olacağı gün heç də uzaqda deyil. Qələbə bizimlədir! İnanırıq ki, bu qələbə Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsi, ümumilikdə isə Azərbaycan dövlətçiliyinin ölkənin ərazi bütövlüyünün bərpası və ərazi təhlükəsizliyinin bərqərar olması üzrə şərəfli və parlaq qələbəsi olacaq.

Biz də - Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun kollektivi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müvafiq əmr və sərəncamlarına uyğun olaraq, lazım gəldiyi anda ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə aparılan haqlı mübarizəyə qatılmağa hazırıq.

Bünyad Kazımov, AMEA-nın Neft və Qaz İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: