Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

AMEA Rəyasət Heyətinin növbəti iclasında Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev və institutun direktoru vəzifəsini icra edən, akademik İradə Hüseynovanın “Fotosintez, fototənəffüs və bitkilərin məhsuldarlığı yeni konsepsiyada” adlı məruzəsi dinlənilib.

İ.Hüseynova bildirib ki, işıqda bitkilərdə fotosintez prosesi (karbon qazının udulması və oksigenin ayrılması) ilə yanaşı, onunla sıx bağlı, lakin onun əksinə yönələn digər bir proses - karbon qazının ayrılması və oksigenin udulması ilə stimulə olunan fototənəffüs baş verir. Fototənəffüs prosesinin kəşf edilmsindən 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun fotosintezdə və bütövlükdə bitkilərin məhsuldarlığında rolu haqqında məlumatlar çox ziddiyyətli olmuşdur. Fototənəffüsü uzun illər tədqiq edən alimlər onun əhəmiyyətini düzgün qiymətləndirməyərək, bu prosesi israfçılıq hesab etmişlər. Müxtəlif tədqiqat qrupları mutasiyalar, ingibirləşmə, biokimyəvi yaxud genetik manipulyasiyalar yolu ilə fototənəffüsü azaltmaqla bitkilərin məhsuldarlığını artırmağa çalışmışlar. Ancaq bu cəhdlər heç bir nəticə verməmişdir. Tarla şəraitində becərilən müxtəlif genotiplərdən istifadə etməklə aparılan çoxillik, məqsədyönlü və hərtərəfli təcrübələrdən alınan nəticələr bu ziddiyyətli problemin həllinə imkan yaratmışdır. Bu məqsədlə bir neçə min buğda genotipini əhatə edən unikal buğda genofondu yaradılmış, ən müasir avadanlıqlarla çoxsaylı kontrast buğda genotiplərində ontogenez zamanı qaz mübadiləsi, karbon metabolizmi və rubiloza-1,5-bisfosfatkarboksilaza/oksigenaza fermentinin karboksilaza və oksigenaza aktivliləri təyin edilmişdir. Alınan nəticələr fotosintez və fototənəffüsün intensivliyinin paralel dəyişməsini göstərmişdir. Müəyyən edilmişdir ki, yüksək məhsuldar genotiplər fotosintez prosesinin yüksək intensivliyi ilə yanaşı, fototənəffüsün də yüksək kəmiyyətləri ilə xarakterizə olunur. Həmçinin qeyd olunub ki, dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması və məhsuldarlığı artırmaq üçün bu prosesi azaltmaq zərurəti ilə bağlı təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə aparılan 40 illik təcrübələrlə sübut edilmişdir ki, fototənəffüs - təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla onu azaltmaq cəhdləri tam əsassızdır. Bu nəticə Beynəlxalq Fotosintez konfranslarında (2011, 2013) və konqresdə (2013) plenar məruzə kimi təqdim olunmuş və yüksək impakt-faktorlu “Physiol. Plantarum”, “Advances in Biological Chemistry” jurnallarında dərc edilmişdir. Bu konsepsiyanın öz əksini tapdığı məqalə (Aliyev J.A. Photosynthesis, photorespiration and productivity of wheat and soybean genotypes. Physiol Plantarum, 2012, Vol. 145, No 3, p. 369-383) 2012-2013-cü illərdə fotosintez və fototənəffüs sahəsində çap olunan on minlərlə məqalələrdən seçilən top 20 siyahıda I yeri tutmuşdur.

Məruzə ətrafında akademik Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü Novruz Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev və başqaları suallarla çıxış etdilər.

Tədbirdə, həmçinin tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva “Bakı Elm Festivalı-2014”ün yekunları barədə məlumat verərək bu mötəbər tədbirin xarici qonaqlar tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: