Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Erməni faşizmi və Azərbaycanın haqq savaşı
15.10.2020 14:38
  • A-
  • A
  • A+

Erməni faşizmi və Azərbaycanın haqq savaşı

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf bölgələrin işğalı regional sülh və təhlükəsizlik üçün real təhdid olaraq qalmaqdadır.

Təəssüflər olsun ki, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü il tarixli, 822, 853, 874 və 884 saylı qətnamələri hələ də kağız üzrərində qalmaqdadır. Bu qətnamələrdə Azərbaycana qarşı həyata keçirilən təcavüzkar addımlar qınanılır, münaqişə tərəfi olmayan mülki şəxslərin qorunmasının vacibliyi və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməz olduğu vurğulanır, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı dəstəklənir.

Həmçinin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Birliyi, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların mövcud münaqişə ilə bağlı çoxsaylı qətnamələr qəbul etməsinə rəğmən, Ermənistan tərəfi hələ də bu tələblərə etinasız və saymazyana yanaşmaqda davam edir.

1994-cü il may ayının 5-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistan tərəfinin nə bu sazişə və nə də indiyədək nüfuzli beynəlxalq təşkilatlar tərəfindən mövcud münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq öhdəliklərə əməl etmədiyinin və bu günə qədər də öz iyrənc fəaliyyətini davam etdirdiyinin şahidi oluruq.

Belə ki, qəbul edilmiş beynəlxalq hüquq normalarına zidd olaraq Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunmuş qondarma seçkiləri, Ermənistanın Baş nazirinin də iştirakı ilə hərbi paradı, “and içmə” şousunu, qondarma parlamentin inzibati binasının qədim şəhərimiz olan Şuşaya köçürülməsini, həmçinin Suriya və Livandan olan qaçqınların qanunsuz məskunlaşdırılmasını və digər bu kimi məqsədyönlü fəaliyyətləri buna missal göstərmək olar.

Otuz ilə yaxın bir müddətdə Azərbaycan tərəfi problemin sülh yolu ilə həllinə çalışsa da, düşmən tərəfi hər dəfə danışıqlarda konkret addımlar atmaqdan yayınmış, müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışmışdır. Beynəlxaq təşkilatlar isə bu illər ərzində təcavüzkar Ermənistana sanksiyalar tətbiq etmək, onları danışıqlar masasında real addımlar atmağa vadar etmək əvəzinə, demək olar ki, heç bir real iş görməmişdir.

2016-cı ildə yaşanan aprel döyüşlərindən sonrakı dövrdə mütəmadi ətəşkəsin pozulma halları olsa da son zamanlar bu təxribatlar daha geniş və intensiv hal almışdır.

Belə ki, bu ilin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə təxribat törədildi. Dövlət sərhəddimizdə ağır hərbi texnikanın olmadığını nəzərə alan düşmən anidən ağır artreliya ilə mövqelərimizə zərbələr endirmiş, nəticədə yüksək rütbəli hərbi qulluqçularımız şəhid olmuşdur. Ermənistanın sərhəd bölgəsini intensiv raket atəşinə tutmasında məqsəd bu ərazilərdən keçən strateji əhəmiyyət kəsb edən beynəlxalq nəqliyyat və enerji infrastrukturunu məhv edərək mövcud dəhlizin qeyri-sabit, təhdid altında olduğunu iddia etməklə ölkəmizin götürdüyü beynəlxalq öhdəliklərə zərər vurmaq, beynəlxalq nüfuzuna xələl gətirmək idi. Digər səbəblərdən biri isə ölkəmizin hücuma qarşılıq göstərməsinə təhrik etməklə üçüncü qüvvələri münaqişəyə cəlb etmək, öz mənfur niyyətlərinə nail olmaq idi. Lakin ordumuzun təcili və təxirəsalınmaz tədbirlər görməsi nəticəsində düşmən layiq olduğu cavabı alaraq, geri otuzduruldu və nəticədə düşmən mənfur məqsədinə çata bilmədi.

Bir müddət sonra iyul təxribatının davamı olaraq avqust ayının 23-də respublikamızın Goranboy rayonu istiqamətindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd etdi. Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alındı, düşmən itki verərək geri çəkildi, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan isə zərərsizləşdirilərək ələ keçirildi. İstintaq tədbirləri nəticəsində sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının silahlı qüvvələrinin şəxsi heyətinə, hərbi infrastruktura, o cümlədən mülki əhaliyə qarşı terror aktları törətmək tapşırığı aldığını, bir qrup Ermənistan hərbçisi ilə birlikdə Azərbaycan ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf etmişdir. Bu, işğalçı ölkənin Tovuz döyüşlərindən nəticə çıxarmadığının, öz məğlubiyyətindən dərs almadığının göstəricisi idi.

Nəhayət sentyabrın 27-də səhər saat 6:00 radələrində düşmən növbəti dəfə iriçaplı silahlardan, minaatanlardan, müxtəlif artilleriya qurğularından istifadə etməklə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə genişmiqyaslı hücumlar təşkil etməyə başladı. Gəncə, Mingəçevir şəhərlərində mülki əhalinin yaşadığı məntəqələr hədəfə alınaraq uzaq və yaxın mənzilli artileriya qurğularından raket atəşinə tutuldu. Nəticədə, mülki şəxslər arasında həlak olanlar və yaralananlar olmuş, çox sayda dinc əhaliyə məxsus evlər dağıdılmış, təsərrüfatlara ciddi ziyan dəymişdir.

Ermənistanın ölkəmizə qarşı bu cür genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasına, lazımi zəruri tədbirlər görməsinə vadar etdi. Ali Baş Komandanının rəhbərliyi ilə dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu beynəlxalq hüquq normaları çərçivəsində düşmənin növbəti aqressiyasının qarşısını almaqla yanaşı, bütün təmas xətti boyu əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Nəticədə qısa müddət ərzində düşmənin müdafiə xətti yarılaraq onlara məxsus yüzlərlə hərbi texnika və infrastruktur məhv edildi. Minlərlə canlı qüvvə itirən düşmən rəşadətli ordumuzun ağır zərbələrinə tab gətirməyərək, hərbi texnika və silah-sursatı döyüş meydanında qoyaraq qaçmağa, on illərlə işğal etdiyi və nəzarətdə saxladığı mövqelərdən geri çəkilməyə məcbur oldu. Nəticədə Şanlı ordumuz Tərtər, Füzuli və Cəbrayıl istiqamətində parlaq qələbələr qazanaraq onlarla kəndi, Suqovuşan, Hadrut kimi qəsəbələri, bir sıra hərbi strateji əhəmiyyətli yüksəklikləri, Murovdağ zirvəsini və Cəbrayıl şəhərini düşmən tapdağından azad etdi.

Azərbaycan ordusu tərəfindən məhv olunan bu və digər vasitələrin ümumi dəyəri isə yüz milyonlarla dollar səviyyəsində ölçülür. Bu isə Ermənistan kimi borc bataqlığında batan, zəif iqtisadiyyata, xarici ianələr hesabına formalaşan büdcəyə malik cılız ölkə üçün olduqca böyük və sağalmaz zərbədir. İllik məhsul istehsalı 12,9 milyard dollar, dövlət büdcəsi 3,3 milyard dollar, mövcud büdcəsindən də çox 6 milyarddan artıq xarici borcu olan, hərbi büdcəsi isə 600 milyon dollar səviyyəsində olan ölkə üçün bu itkiləri qarşılamaq mümkünsüzdür.

Öz mənfur siyasətindən əl çəkməyən erməni tərəfi humanitar yardım adı ilə ölkəyə silah və sursat gətirməkdə davam edir, hətta bunun üçün mülki aviasiya təyyarələrindən də istifadə edir. Bu isə 1944-cü ildə imzalanmış Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozulması deməkdir.

Eyni zamanda canlı qüvvə sarıdan əziyyət çəkən düşmən xarici terrorçu qruplaşmaların üzvlərinin, muzdluların Azərbaycan Ordusuna qarşı döyüşmək məqsədilə işğal altındakı torpaqlarımıza göndərilməsini də təşkil etməkdədir. Bu isə beynəlxalq hüquqa tamamilə zidd olmaqla, beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaradan amillərdəndir.

Bütün bunlara rəğmən yüksək səviyyədə döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, cəbhə boyu üstünlüyü ələ alması Ermənistanda onsuz da kövrək olan psixoloji-emosional durumu daha da ağırlaşdırdı. Hərbi müstəvidə ciddi məğlubiyyətə uğrayan düşmən acizliyin nümayişi kimi yaşayış məntəqələrimizi vurmaq, dinc insanları öldürməklə öz təəbirlərincə qisas almağa başladı.

Ermənistan silahlı qüvvələri Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinə və təmas xəttindən yüz km-dən artıq uzaq məsafədə yerləşən, beş yüz mindən çox əhalisi olan ölkəmizin ikinci böyük şəhəri Gəncəyə müvafiq beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş klaster bombaları atmağa başladı. Bu kimi təxribat xarakterli hərəkətləri törətməklə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququ kobud şəkildə pozdu.

Şanlı, rəşadətli ordumuzun ağır və sağalmaz zərbələri önündə acizliyini görən düşmən, ənənəvi “məzlum xalq” obrazına bürünərək, xarici havadarlarına yalvarmağa, onlardan imdad diləməyə başladı.

Nəhayət oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündə müvəqqəti humanitar atəşkəs barədə razılaşma əldə olundu. Bu razılaşma Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə humanist addım kimi, meyitlərin və əsirlərin təhvil verilməsini özündə əks etdirirdi.

Lakin humanitar atəşkəs barədə razılaşma əldə olunmasından sonra ermənilər daha da azğınlaşaraq riyakar siyasət həyata keçirməklə humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozdu. Belə ki, 11 oktyabr gecə saat 2 radələrində ağır dağıdıcı effektə malik ballistik raket tətbiq etməklə Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutdu. Partlayış nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak oldu, uşaqlar da daxil olmaqla 34 nəfər yaralandı, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəydi. Bu qəddar terror aktını törətməklə Ermənistanın siyasi rəhbərliyi təmsil etdikləri ölkənin terrorçu mahiyyətini bir daha dünyaya nümayiş etdirmiş oldu.

Ümumilikdə isə indiyədək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyalardan atəşə tutması nəticəsində 43 mülki şəxs həyatını itirmiş, 214 nəfər isə yaralanmşdır. Həmçinin 1505 ev, 277 mülki obyekt və 66 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşmüşdür.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın istər Gəncə şəhərinin istərsə də digər şəhər və kəndlərimizin dinc əhalisinin raket atəşinə tutulması hərbi cinayət kimi beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərinin: 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun kobud şəkildə pozulması kimi hərbi əməliyyatlar zamanı mülki şəxslərin həyatını təhlükəyə atan hər hansı bir hücum və ya fəaliyyətini qadağan edən müddəalarının pozulmasıdır. Gəncə şəhərində törədilən vəhşiliklər erməni terrorçuluğunun növbəti təzahürü, ümumilikdə isə bəşəriyyətə qarşı törədilmiş ən qəddar terror aktı kimi insanlıq tarixində ləkə olaraq əbədi qalacaqdır.

Düşmənin son təxribatı göstərdi ki, Ermənistan atəşkəs rejiminə əməl etmək niyyətində deyil və terrorçu fəaliyyətini atəşkəs dövründə də davam etdirməkdədir. Bu səbəbdən mülki vətəndaşların qətlini törədən Ermənistana beynəlxalq səviyyədə təzyiqin göstərilməsi zəruridir. Həm beynəlxalq təşkilatlar, həm dünyanın aparıcı dövlətləri, eyni zamanda region ölkələri Ermənistanın vəhşiliyinə qarşı sərt mövqe nümayiş etdirməli, terrorçu dövlətə qarşı ciddi və geniş sanksiyalar tətbiq etməlidir. Ən başlıcası isə Ermənistanın silahlandırılmasının qarşısı qəti şəkildə alınmalıdır.

Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu beynəlxalq hüququn bütün qanunlarına riayət edir və istər Dağlıq Qarabağda, istərsə də Ermənistan ərazilərində mülki obyektləri hədəfə almır. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bu gün Azərbaycan ordusu Gəncə və digər şəhər və kəndlərimizdə düşmən tərəfindən həlak olmuş mülki şəxslərin qisasını xain düşməndən fərqli olaraq döyüş meydanında, ər meydanında işğalçı ordudan artıqlaması ilə alır. Biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.

Heç şübhəsiz ki, ordumuzun bu parlaq qələbələrin əsas səbəbi, Cənab Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində yürüdülən ordu quruculuğu, daxili və xarici siyasətdə atılan uğurlu addımlar təşkil edir. İstər döyüş meydanında, istərsə də siyasi arenada düşmən öz acı məğlubiyyətini dadır.

Xalqımız isə bu çətin, lakin şərəfli günlərdə şanlı və məğlubedilməz ordumuza öz dəstəyini ifadə edir, dövlət-xalq birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirir. Ürəyi vətən sevgisi ilə alışıb yanan on minlərlə xalqımızın vətənpərvər övladları şanlı qələbələr yazan ordumuza qatılmaq, torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq hərbi qurumlara müraciət edirlər.

Ön cəbhədən gələn şad xəbərlər hər bir Azərbaycan vətəndaşında torpaqlarımızın tezliklə işğaldan azad olunacağına olan inamını daha da artırır. İnanırıq ki, bu Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi aparan Şanlı ordumuz tezliklə zəfər çalaraq, üçrəngli şanlı Azərbaycan bayrağımızı işğal altındakı bütün torpaqlarımızda dalğalandıracaqdır.

Coşqun MƏMMƏDOV, AMEA Rəyasət Heyətinin elmi katibi

"İki sahil" qəzeti

  • Paylaş: