www.science.az
16.10.2020 14:52

Akademik Ağadadaş Əliyevin 80 illik yubileyi qeyd olunub

Oktyabrın 16-da AMEA-nın akademik  M.Nağıyev adına   Kataliz  və  Qeyri-üzvi Kimya İnstitutunda kimya texnologiyası sahəsində görkəmli alim, akademik Ağadadaş Əliyevin 80 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

Ölkəmizdə tətbiq edilən karantin qaydalarına riayət etməklə və sosial məsafə gözlənilməklə baş tutan yığıncaqda müəssisənin Elmi şurasının üzvləri iştirak edib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq Ağadadaş Əliyevin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, qeyri-stasionar katalitik proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması sahəsində tanınmış alim A.Əliyev 1940-cı ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Azər­­bay­can Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mexa­nika fakültəsini bitirən alim 1969-cu ildə namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, həmin ildə professor elmi adına layiq görülüb. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçil­ib.

Dilqəm Tağıyev qeyd edib ki, kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, çoxmərhələli reaksiyalar üçün yüksək effektivliyə malik çoxfunksiyalı metalseolit katalizatorları sintezinin elmi əsaslarının işlənib hazırlanması Ağadadaş Əliyevin elmi fəaliyyətinin əsasını təşkil edir. Diqqətə çatdırıb ki, A.Əliyevin rəhbərliyi ilə sənaye və yeni katalitik proseslərin riyazi modelləri işlənib hazırlanıb, onların əsasında optimal iş rejimləri hesablanıb və bir sıra neft kimyası zavodlarında və layihə institutlarında tətbiq edilib. O, 650-dən çox elmi əsərin, 60-dan çox müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Alimin rəhbərliyi altında 5 elmlər doktoru və 46 fəlsəfə doktoru yetişdirilib. Uzun müddətli elmi fəaliyyəti və elmdə əldə etdiyi naillyyətlər dövlət tərəfindən qiymətləndirilib və akademik Azərbaycan SSR Ali Sovetinin və AMEA-nın Fəxri fərmanlarına layiq görülüb.

Daha sonra tədbirdə AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, professorlar Arif Əfəndi, İxtiyar BəxtiyarlıFikrət Sadıqov çıxış edərək ömrünün 45 ilindən çoxunu elmə həsr edən A.Əliyev haqqında ürək sözlərini bildirib, ona elmi yaradıcılığında uğurlar arzulayıblar.

Sonda akademik təbriklərə və xoş sözlərə görə institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.