Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ermənilərin Abxaziyada məkrli niyyətləri və hədəfi: “Qaradənizsahili Ermənistan”
19.10.2020 11:05
  • A-
  • A
  • A+

Ermənilərin Abxaziyada məkrli niyyətləri və hədəfi: “Qaradənizsahili Ermənistan”

Gürcüstan ərazisi tarix boyunca özünün etnik və konfessional zənginliyi ilə seçilmişdir. Bu zənginlik ərazilərin strateji əhəmiyyəti və mühüm yollar üzərində yerləşməsi ilə bağlı olmuşdur. Xüsusən, Qara dəniz sahili bölgələr həm strateji, həm də ticarət – iqtisadi əhəmiyyətinə görə diqqət mərkəzində olmuşdur. Müasir mərhələdə də Gürcüstanın sosial-iqtisadi inkişafında, ölkənin geostrateji əhəmiyyətinin qorunub saxlanılmasında Qara dəniz sahilində yerləşən bölgələr əhəmiyyətli rol oynayır. Gürcüstanın coğrafiyasına və inzibati-ərazi quruluşuna diqqət yetirdiyimiz zaman Qara dəniz sahili boyunca ölkənin 2-si muxtariyyət, 2-si diyar olmaqla 4 inzibati vahidinin yerləşdiyini görürük. Bunlar Abxaziya və Acarıstan Muxtar Respublikaları, Samegrelo– Yuxarı Svaneti və Quriyadır.

Nə qədər qəribə görünsə də, bu bölgədən kifayət qədər uzaqda yerləşən qonşu Ermənistanın Qara dəniz sahilində yerləşən ərazilərə müəyyən iddiaları mövcuddur. Gürcüstanda erməni separatizminin əsas ocağı Samtsxe–Cavaxeti hesab edilsə də, ermənilərin artıq real olaraq prosesləri idarə etdiyi bölgə Gürcüstanın mərkəzi hökumətinin nəzarətindən çıxmış olan Abxaziyadır. Təhlillər göstərir ki, XX əsrin 90-cı illərində baş verən Abxaziya münaqişəsi zamanı mərkəzi gürcü hökumətinə qarşı abxazların yanında yer alan ermənilər, sonrakı dövrdə bu bölgədə say baxımından sürətlə artmağa, separatçı qurumun müxtəlif dövlət strukturlarında möhkəmlənməyə başlamışlar. İndi tez-tez ermənilərin Abxaziyanın “Qara dəniz sahili Ermənistan”, özlərinin isə buranın “köklü sakinləri olması” ilə bağlı iddialarına rast gəlmək mümkündür.

Niyə məhz Abxaziya? Uzaq və yaxın məqsədlər

Təbii ki, ermənilərin Abxaziyada yerləşməsi, eləcə də tədricən əhalinin etnik tərkibində ön sıralara çıxması çar Rusiyasının, sonrakı dövrdə isə bolşeviklərin dəstəyi ilə mümkün olmuşdur. Çar Rusiyasının bu bölgədə erməniləri yerləşdirməsinin əsas məqsədi daha çox bir zamanlar Osmanlı imperiyasının idarəçiliyində olmuş abxazları nəzarət altında saxlamaqdan, əhali arasında özünə dayaq yaratmaqdan ibarət olmuşdur.

Uydurma “Böyük Ermənistan” xəstəliyinə yoluxmuş qruplar üçün Abxaziya–Samtsxe–Cavaxeti xətti Rusiya Federasiyasında ermənilərin kompakt yaşadıqları Krasnodar və ətraf bölgələri Ermənistana bağlayan körpüdür. Erməni millətçilərinin uzaq məqsədlərində nəinki Samtsxe–Cavaxeti–Abxaziya xəttində yerləşən Gürcüstan ərazilərinin, hətta Soçi və Krasnodar kimi Rusiya ərazilərinin də ələ keçirilməsi planları var. Doğrudur, hələlik onları Qafqaza köçürən, Ermənistanın Qafqazda siyasi varlığını qoruyub saxlamasının qarantı olan Rusiyaya qarşı belə iddiaları açıq-aşkar ifadə etməkdən çəkinirlər, lakin Abxaziyanı artıq “dənizsahili Ermənistan” adlandırdıqlarını tez-tez görmək mümkündür.

Yaxın məqsədlərdə isə Abxaziya Ermənistanı Rusiya ilə birləşdirən nəqliyyat marşrutlarının keçməsi üçün, həmçinin Ermənistanın dənizə çıxışını təmin edə biləcək limanların yerləşdiyi mühüm bölgədir. Dənizə çıxışın təmin olunması üçün Batumi daha əlverişli ola bilər. Lakin hələlik, Batumidə kifayət qədər gücü olan Türkiyə təsiri, Gürcüstanın mərkəzi hökumətinin bu muxtar bölgəni daha möhkəm nəzarətdə saxlaması nəzarətsiz Abxaziyanı daha əlverişli edir.

Digər tərəfdən Abxaziyada mövcud olan kömür yataqları və meşələr bu ehtiyatlarla pis təmin olunmuş Ermənistana gərəklidir. Ən azından, bu bölgədə ermənilərin siyasi və iqtisadi nüfuzundan istifadə edərək bu məhsulları daha əlverişli şərtlərlə almaq Ermənistanın ən yaxın məqsədləri sırasındadır.

Abxaziyadakı separatçı rejim həm də Ermənistana işğal etdiyi Azərbaycan ərazilərində qurduğu oyuncaq rejimə presedent yaratmaq baxımından lazımdır.

Abxaziyada etnodemoqrafik dəyişikliklər: müti gəlmələr separatçı qurumun siyasi elitasına necə çevrildilər?

Ermənilərin bütün Qafqaza olduğu kimi, Abxaziya ərazilərinə gəlmələri də XIX əsrdə baş vermişdir. Ermənilərin aborigen Qafqaz xalqlarına qarşı iddialarının dəyişməsi prosesində də oxşarlıq mövcuddur: əvvəlcə məzlum qonaq, sonra “sədaqətli və qonaqpərvər” qonşu, sonda isə tarixi vətən və erməni yurdu iddiası. XX əsrin əvvəllərinə qədər özlərini Abxaziyada qonaq hesab edən ermənilər, indi bütün Abxaziyaya sahiblik iddiaları irəli sürür və özlərini abxazların “ağaları” kimi aparmağa çalışırlar. Halbuki, hələ 1923-cü ildə tanınmış abxaz pedaqoqu Simon Basariya bu xalqın Abxaziyada özünü necə aparması haqqında yazırdı: “Öz kürəklərində daha güclü bir xalqın təziyiqini bütün ağırlığı ilə hiss etmiş bir xalq kimi ermənilər abxazlarla çox ehtiyatlı davranır, abxaz xalqının bu ərazilər üzərində tarixi, hüquqi və adət hüquqlarını tanıyır, özlərini Abxaziyada “qonaq” adlandırırlar, abxazlara qapılarını həvəslə açırlar və qonaqpərvərliklərini göstərmək üçün əllərindən gələni edirlər”.

Təbii ki, S.Basariya sovet dövrü müəllifi kimi erməni yaltaqlığını, ikiüzlülüyünü və qorxaqlığını daha üstüörtülü bir dillə təsvir etməyə çalışmışdı. Simon Basariyanın sonrakı qeydlərindən aydın olur ki, ermənilər hətta abxazlardan qorxduqları üçün gəlib məskunlaşdıqları kəndlərin adlarını belə dəyişdirməyə cəhd göstərə bilmirdilər.

2014-cü ildə isə “Noev Kovçeq” qəzetində dərc edilən bir məqalədə isə ermənilər Abxaziyanın elitası kimi təqdim edilirdilər. “Abxaziyanın erməni siması” adlı məqalədə deyilir: “Ermənilər hələ də Abxaziyada özlərini olduqca etibarlı hiss edirlər, onların nümayəndələri respublikanın siyasi elitasının üzvləridir”.

Xaçatur Təhməz ləqəbi ilə (əslində Xaçik Təhməzyan) “Ermənilər Abxaz xalqının vətən müharibəsində” adlı əsər yazan hansısa bir erməni isə 2012-ci ildə Abxaziyada ermənilərin tarixini yenidən “kəşf edib”. O, ermənilərin Abxaziyaya gəlişini nə az, nə çox, düz 1900 il qədimləşdirərək yazır: “Abxaziyada II Tiqran dövründən bəri ermənilər də mövcuddur”. Nə qədər gülməli səslənsə də, bu “faktı” sübut etmək üçün müəllif “çox qədim” bir mənbəyə 2007-ci ildə Abxaziyada çap edilmiş “Abxaziya tarixi” kitabına istinad edir. Halbuki, ermənilərin Gürcüstanın bu ərazilərinə Qafqaz müharibəsindən və 1866-cı ildə Abxaz üsyanından sonra yerləşdiyini bütün mənbələr təsdiqləyir. 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra bölgəyə gələn ermənilərin sayı daha da artmağa başlamışdır. Müharibə dövründə Osmanlı dövlətinə qarşı xəyanətkar addımlar atan ermənilər XIX əsrin 90-cı illərinin ortalarında bu bölgələrə axın etməyə başlamışdılar. Əgər 1886-cı ildə Abxaziyada yaşayan ermənilərin sayı 1037 nəfər (bütün əhalinin 1.5 faizi) idisə, 1897-ci ildə onların sayı 6552 nəfərə (6.2 faiz) çatmışdı. Ermənilərin sayının bölgədə miqrasiya hesabına artması ilə bağlı həqiqət danılmazdır. Bunu 1897-ci ildə Suxumidə yaşayan 1097 nəfər ermənidən 924-ünün xarici ölkələrin təbəəsi olması faktı da sübut edir. I Dünya müharibəsi ərəfəsində isə artıq abxazların yaşadıqları bölgələrdə 16 min 794 nəfər erməni məskunlaşmışdı, bu bölgə əhalisinin 12,5 faizini təşkil edirdi. Gəlmə ermənilər daha çox kənd ərazilərində məskunlaşırdılar.

I Dünya müharibəsindən sonrakı dövrdə ermənilərin Abxaziya ərazilərinə köçləri 1924-cü ilə qədər davam etmişdir. Aleksandr Skakov yazır ki, 1926-cı ildə Abxaz MSSR-də 25 min 677 nəfər erməni var idi. Bu isə yerli əhalinin 12,8%-i demək idi. Nəticədə ermənilər gürcülərdən (67 min 494 nəfər) və abxazlardan (55 min 918 nəfər) sonra bölgədə üçüncü böyük etnik qrupa çevrilmişdilər. 1939-cu ildə Abxaziyada 49 min 705 nəfər erməni yaşayırdı ki, bu da ümumi əhalinin 15,9 faizini təşkil edirdi.

Ermənilər tədricən dövlət idarəçilik strukturlarına, sənaye istehsalı sahələrinə, elm və təhsil müəssisələrinə yerləşirdilər. II Dünya müharibəsindən bitdikdən sonra xarici ölkələrdən ermənilərin SSRİ-yə gəlməsinə icazə verildi. Abxaziyada da gəlmə ermənilərin sayı sürətlə artmağa başladı. O dövrdə ermənilər xarici ölkələrdən gəmi vasitəsi ilə Gürcüstanın Qara dəniz sahilində yerləşən limanlarına, əsasən, Batumiyə gətirilir, buradan isə müxtəlif ərazilərə paylanırdı. Doğrudur, gətirilənlər əksər hallarda tarixi Qərbi Azərbaycan əraziləri hesabına yaradılmış Ermənistan SSR-ə yerləşdirilirdilər. Lakin onların bir qisminin Gürcüstan ərazilərində, xüsusən, sahilboyu bölgələrdə məskunlaşmasına da şərait yaradılmışdı. 1970-ci ildə ermənilərin sayı 74 min 850 nəfərə oldu, 1989-cu ildə isə bu rəqəm 76 min 541 nəfərə çatdı. Bu müddət ərzində ermənilərin sayında ciddi artımın müşahidə edilməməsinin əsas səbəbi onların Abxaziyanın kənd yaşayış məntəqələrindən Soçi şəhəri və ətraf ərazilərə miqrasiyası ilə bağlı olmuşdur.

XX əsrin 80-ci illərinin sonlarında bütün yeni müstəqil ölkələrdə olduğu kimi, Gürcüstanda da millətçilik meyilləri güclənmiş, bu isə millətlərarası bəzi toqquşmalara səbəb olmuşdu. Məlum olduğu kimi, 1990-cı ilin mart ayında suverenliyini elan edən Gürcüstan SSRİ-nin saxlanılması ilə bağlı 1991-ci ilin martın 17-də keçirilməsi nəzərədə tutulan ittifaqın qorunması ilə bağlı referendumu baykot etdi. Gürcüstanın müqavimətini qırmaq üçün Sovet rəhbərliyi Abxaziyanın qeyri-gürcü əhalisindən istifadə etdi. Bölgə əhalisinin 52,3 faizi referendumda iştirak etdi və onların 98,6 faizi SSRİ-nin qorunub saxlanılmasının leyhinə səs verdilər. Ardınca Abxaziyanın qeyri-gürcü əhalisi Gürcüstanın müstəqilliyi ilə bağlı keçirilən 31 mart referendumunu baykot etdi. 1991-ci il aprelin 9-da Gürcüstan müstəqilliyini elan etdikdən sonra, Zviad Qamsaxurdiya yerli qanunverici orqanın səlahiyyətlərini xeyli artırdı, demək olar ki, mərkəzi hökumətlə yerli hökumət arasında güc bölgüsü barədə razılaşma əldə edildi.

Z.Qamsaxurdiyanın devrilməsindən sonra Gürcüstanın mərkəzi hökumətinin Sovet dövrü konstitusiyasının qüvvədən düşdüyünü və 1921-ci il konstitusiyasının bərpa edildiyini elan etməsi abxazların müqaviməti ilə qarşılandı. Hansısa qüvvələr bunu “Abxaziyanın muxtariyyət statusunun ləğvi” kimi əhali arasında təbliğ edərək abxazları mərkəzi hökumətə qarşı qaldıra bildilər. Təbii ki, bu prosesdə katalizator rolunu oynayan əsas qruplardan biri ermənilər oldu.

Bu mənada 1992–1994-cü illərdə baş verən və Abxaz separatçılarının “müstəqilliyini” elan etməsi ilə nəticələnən müharibədə iki erməni batalyonunun (əslində isə ermənilərdən ibarət terrorçu dəstələrin) fəallığı təsadüfi olmamışdır. Döyüşlərdə radikal milliyətçi ermənilərdən ibarət SSRİ marşalı İvan Baqramyan adına əlahiddə motoatıcı batalyon xüsusən amansızlıq nümayiş etdirirdi. Bəzi erməni terrorçuları nəinki erməni batalyonlarının tərkibində vuruşur, hətta abxazlardan ibarət dəstələrə də rəhbərlik edirdilər. Məsələn, belə şəxslərdən biri sonralar “Abxaziya qəhrəmanı” adına layiq görülmüş Sergey Matosyan idi. O, Qaqra istiqamətində və Qumistin cəbhəsində döyüşən batalyonlara rəhbərlik etmişdi. 1993-cü ildə Suxuminin separatçılar tərəfindən ələ keçirilməsi üçün aparılan döyüşlərdə fəal iştirak etmişdi. Onun qardaşı Vitali Matosyan separatçı ordunun batalyonunun tibb xidmət rəisi idi. 1993-cü ilin sentyabrın 22-də baş vermiş döyüş zamanı kapitan Vitali Matosyan öldürülmüş, Sergey Matosyan isə yaralanmışdı. 1994-cü ildə S.Matosyan Kador dərəsində vuruşan ermənilərdən ibarət Baqramyan batalyonunun komandiri təyin edilmişdi.

Ümumilikdə Gürcüstanın Abxaziya üzərində suverenliyini bərpa etmək üçün apardığı müharibədə mərkəzi hökumətə qarşı separatçılar tərəfində vuruşan ermənilərin sayı 1500-dən artıq olmuşdur. Separatçıların mərkəzi hökumətə qarşı müharibəsində əli yüzlərlə gürcünün qanına batmış 20 erməni terrorçusu “Abxaziya qəhrəmanı” adına layiq görülüb.

Anti-gürcü möqeyi ilə seçilən müəlliflər ermənilərin separatçılar tərəfdən vuruşmasını əsaslandırmaq üçün guya Gürcüstanın mərkəzi hökumətinin “Abxaziya ermənilərinə qarət və qətldən başqa alternativ təklif edə bilmədiklərini” yazırlar. Maraqlı bir sual ortaya çıxır: ermənilər hansı alternativi gözləyirdilər? Yoxsa bu alternativ ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində və ya Gürcüstanın Samtsxe - Cavaxeti regionunda səslənən alternativlərin bənzəri olmalı idi?! Əgər həqiqətən də Gürcüstanın mərkəzi hökuməti ermənilərə qarət və qətldən başqa heç bir alternativ təklif edə bilməmişdisə, ölkənin digər bölgələrindəki çoxminli erməni əhalisini niyə qətl və qarətlərə məruz qalmadı? Gürcüstanın dövlət idarəçiliyinə soyadını dəyişdirmiş və dəyişdirməmiş ermənilər necə yerləşdilər?

Müasir Abxaziyada etnodemoqrafik proseslər də sübut edir ki, abxazlara dəstək verən ermənilərin məqsədi sonrakı mərhələdə abxazların özlərini Abxaziyada azlıq vəziyyətinə salmaq, separatçı rejimin dövlət strukturlarına yerləşməkdən ibarət olmuşdur. Nəticədə, ermənilər xarici havadarlarının köməyi ilə 1992-1996-cı illərdə Abxaziya Ali Sovetinin vitse-spikeri vəzifəsini ələ keçirdilər. Albert Topalyan parlamentin sədr müavini oldu. Qeyd edək ki, o da “Abxaziya qəhrəmanı” adına layiq görülmüş 20 erməni terrorçudan biri idi.

Mərkəzi Gürcüstan hökumətinin qüvvələrinə qarşı döyüşlərdə fəallıq göstərmiş digər bir erməni terrorçusu Qalust Trapizonyan 1996–2001-ci illərdə separatçı qurumun parlamentinə “seçilməklə” mükafatlandırıldı.

Başqa bir erməni terrorçu Sergey Matosyan 1995-ci ildə separatçı qurumun Sərhəd Xidmətinin rəisi, 1996–2001-ci illərdə Abxaziya parlamentinin deputatı, Abxaziya Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətlə iş şöbəsinin rəisi vəzifələrini ələ keçirmişdi.

Abxazlar Abxaziyada azlığa çevrilir

Baş verən müharibə, sosial-iqtisadi vəziyyətin çətinləşməsi, Abxaziya Muxtar Respublikasının gürcü əhalisinin, eləcə də bölgənin gələcəyini Gürcüstanla birlikdə olmaqda görən abxazların buranı tərk etməsi əhalinin sayında azalmaya səbəb oldu. 1989-cu illə müqayisədə Abxaziyada yaşayan ermənilərin sayında azalma baş versə də, digər xalqların, xüsusən, gürcülərin separatçıların nəzarətində olan əraziləri tərk etməsi nəticəsində əhalinin tərkibində ermənilərin çəkisi artdı. XX əsrin 90-cı illərinin ortalarında Gürcüstanın mərkəzi hökuməti tərəfindən açıqlanan məlumatlarla, separatçı rejimin açıqladığı rəqəmlər arasında fərqlər və qeyri-dəqiqliklər olduğu şəksizdir. Separatçı rejimin Statistika idarəsinin 1995-ci ilə olan məlumatına görə bu dövrdə Abxaziyada 61 min 962 nəfər erməni yaşayırdı. 2003-cü ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə isə Abxaziyada abxazların sayı 94 min 597 nəfər, ermənilərin sayı isə 44 min 869 nəfər olmuşdur. Başqa sözlə desək ümumilikdə Abxaziya əhalisinin 21 faizini ermənilər təşkil edirdi.

Müharibədən sonra ermənilərin artan iddiaları ilə qarşılaşan abxaz idarəçiliyi müəyyən addımlar atdı. Ermənilər və ermənipərəst müəlliflər iddia edirlər ki, 2003- cü ildən sonra verilən statistik məlumatlarda ermənilərin sayı azaldılmış, abxazların sayı isə menqrellərin və digər subetnik gürcü qruplarının hesabına artırılmışdır. Aleksandr Skakov yazır: “2011-ci il siyahıyaalınmasına əsasən respublikada 122,175 abxaz və 41,907 erməni siyahıya alınmışdır. Bu rəqəmlərə inanırsınızsa, son 5-7 il ərzində abxazların əsl demoqrafik partlayış yaşadığını etiraf etməlisiniz. Əlbəttə nəzərə almaq lazımdır ki, Qali bölgəsində yaşayan bəzi menqrellər son siyahıyaalma zamanı abxaz mənşəli olduqlarını “xatırlaya” və abxaz kimi qeydiyyata düşə bilmişlər.... Göründüyü kimi, statistik məlumatları “qiymətləndirməmək” və ya “yenidən hesablamaq” cazibəsinə qarşı ən yaxşı vasitə yenə də vahid abxaz millətinin, o cümlədən erməni etnik icmasının “çoxmillətli Abxaziya xalqı” fikrinə şüurlu qayıdışdır”.

Ermənilərin Abxaziyanın ayrı-ayrı rayonları üzrə yerləşməsinin təhlili də maraqlı bir mənzərəni ortaya çıxarır. Məlumdur ki, Abxaziya inzibati baxımdan 8 vahidə bölünür: paytaxt Suxumi şəhəri, Qaqra, Qudauta, Suxumi, Qulripşi, Oçamçira, Tkvarçveli, Qali rayonları. Ermənilər yeddi rayondan 5-də məskunlaşmışlar. Onların əsas məskunlaşdığı və faktiki olaraq say etibarilə abxazları üstələdikləri əsas rayonlar aşağıdakılardır: Suxumi rayonu, Qulripşi rayonu və Qaqra. Abxaziyanın xəritəsində diqqət yetirmək kifayətdir ki, bu rayonların nə qədər strateji əhəmiyyət daşıdığı anlaşılsın. Suxumi rayonu paytaxt Suxumi şəhərini faktiki olaraq əhatələmişdir. Cənubi Qafqaz dəmir yolu və beynəlxalq əhəmiyyətli Qara dəniz şossesi Suxumi rayonunun ərazisindən keçir. 2011-ci il statistikasına görə paytaxt Suxumi şəhərinin əhalisi 60 min, onu əhatələyən Suxumi rayonunun əhalisi isə 11 min 531 nəfər olmuşdur. 2011-ci ilin statistikasına görə ermənilər rayon əhalisinin 56,1 faizini (6467 nəfər), abxazlar isə 30 faizini (3505 nəfər) təşkil edirdilər. 2019-cu ilə olan məlumatlara görə isə rayonun əhalisi 11 min 494 nəfər olmuşdur. Əhalinin 56,1 faizini (6448 nəfər) ermənilər, 30,4 faizini (3494 nəfər) abxazlar təşkil etmişdir.

Qulripşi rayonu Suxumidən cənubda yerləşir və faktiki olaraq cənub istiqamətində qalan 3 rayonla Abxaziyanın mərkəzinin quru əlaqəsi burdan keçir. Yəni faktiki olaraq Suxumi rayonu və Qulripşidə ermənilərin ayağa qalxıb paytaxt Suxumini təzyiq altında saxladıqları təqdirdə Abxaziyanın mərkəzi ilə abxazların çoxluq təşkil etdikləri Oçamçira, Tkvarçveli, Qali rayonları arasında əlaqə kəsilmiş olur. Qulripşi rayonu strateji infrastruktur baxımından da separatçıların nəzarətində olan ən əhəmiyyətli ərazilərdən biri sayılır. Abxaziyanın ən böyük aeroportunun bu rayonun ərazisində yerləşməsi onun strateji əhəmiyyətini artıran amillərdəndir. 2011-ci ilin statistikasına görə əhalisinin sayı 18 min 32 nəfər olmuşdur. Rayonun həm tarixi, həm də strateji əhəmiyyətini yaxşı anlayan ermənilər burada da abxazları milli azlığa çevirmək niyyəti ilə hərəkət edirlər. Belə ki, 2011- ci ildə bu rayonda əhalinin 46,8 faizini (8430 nəfər) ermənilər, 33,6 faizini (6057 nəfər) abxazlar təşkil edirdilər. 2019-cu ildə rayonun əhalisi 17 min 887 nəfər olmuşdur. Əhalinin 46,7 faizini ermənilər (8371 nəfər), 33,6 faizini (6010 nəfər) abxazlar təşkil etmişdir.

Ermənilərlə abxazlar arasında nüfuz üstünlüyü uğrunda güclü mübarizənin getdiyi əsas rayonlardan digər biri isə Qaqra rayonudur. Rayon Rusiyada erməni icmasının kifayət qədər güclü olduğu Soçi- Krasnodar yolu üzərində yerləşir və Abxaziyanı Rusiyaya bağlayan bir sıra əsas nəqliyyat yolları məhz buradan keçir. Bu rayona nəzarət etmək şimal istiqamətində Abxaziyanın qura biləcəyi əsas nəqliyyat və iqtisadi əlaqələrə nəzarət etmək deməkdir. XX əsrin 80-ci illərinin sonlarında Qaqra rayonun əhalisinin sayı 77 min nəfərdən artıq idi. 1992-1993-cü illərdə Abxaziyada Gürcüstandan ayrılmaq uğrunda ermənilərin gizli dəstəyi ilə separatçı hərəkatın başlanması regionun gürcü əhalisinin buranı tərk etməsi ilə nəticələndi. Məhz bunu nəzərə alan erməni təşkilatları Gürcüstanın müxtəlif yerlərindən olan ermənilərin müxtəlif bəhanələrlə rayona yerləşməsini təşviq etmişlər. 2003- cü il statistikasına diqqət yetirsək ermənilərin bu regionda abxazları çoxdan sıxışdırdığının şahidi ola bilərik. Belə ki, 2003-cü ilə aid statistik rəqəmlərdə rayonun əhalisi 37 min nəfər olaraq göstərilirdi. Onlardan 16 min 322 nəfəri erməni, 10 min 235 nəfəri isə abxaz idi. Başqa sözlə desək ermənilər əhalinin 44,1 faizini, abxazlar isə 27,7 faizini təşkil edirdilər. Abxaziyanı “Qara dəniz sahili Ermənistan” hesab edən erməni millətçi təşkilatları gələcəkdə bu ərazilərin ələ keçirilməsini asanlaşdırmaq üçün regiona yerləşir, Gürcüstan dövlətinə qarşı burada fəal iş aparırdılar.

Separatçı qurumun siyasi həyatında ermənilərin yeri və Abxaziyanın erməni təşkilatları

Gürcü-abxaz münaqişəsindən məharətlə yararlanan ermənilər Ermənistanın gizli dəstəyi ilə tədricən Abxaziyadakı separatçı rejimin müxtəlif strukturlarına soxulmağa, əhəmiyyətli sahələrə nəzarəti ələ keçirməyə çalışırlar. Hazırda separatçı Abxaziya Respublikası Xalq Məclisinin sədrinin müavini Levon Qalustyan ermənilərin dövlət idarəçiliyində ən yüksək təmsilçisi hesab edilə bilər. O, həm də parlamentin dövlət hüquq siyasəti komitəsinin və təhsil, elm, dil siyasəti, din və media işləri komitəsinin üzvüdür. Xalq Məclisinin digər erməni üzvləri Levon Daşyan, Aşot Minosyandır. Levon Daşyan Parlamentin Dövlət hüquq siyasəti və Müdafiə və milli təhlükəsizlik Komitələrinin üzvüdür. Aşot Minosyan Parlamentin beynəlxalq, parlamentlərarası əlaqələr və soydaşlarla münasibətlər komitəsinin və Aqrar siyasət, təbii sərvətlər və ekologiya komitəsinin üzvüdür.

2011–2014-cü illərdə separatçı qurumun iqtisadiyyat naziri olmuş David İradyan etnik erməni olmuşdur. Sonradan isə o separatçı qurumun dövlət kadastr palatasının direktoru vəzifəsinə gətirilmişdir. David İradyanın nazir olduğu dövrdə ən strateji postlara ermənilərin yerləşdirilməsinə cəhdlər göstərilmişdir. Həmin şəxslərdən bəziləri hazırda da öz vəzifələrini qoruyub saxlayırlar. Məsələn, hazırda Abxaziyanın separatçı hökumətində İqtisadiyyat Nazirliyinin Dövlət İnvestisiya Proqramları şöbəsinin müdir müavini Anjelika Vartikyan da etnik ermənidir.

Bundan başqa separatçı qurumun müdafiə nazirliyinin strukturunda xeyli sayda əli gürcü xalqının qanına batmış və Ermənistanla yaxşı əlaqələrə malik olan erməni hərbçiləri çalışmaqdadır. Məsələn, Gürcüstana qarşı müharibədə bölük komandiri olmuş Karapet Qaragözyan separatçı rejimin ordusunda, müharibə illərində separatçılar tərəfindən vuruşmuş başqa bir “Abxaziya qəhrəmanı” Gevork Salamonoviç Markaryan uzun illər separatçı qurumun xüsusi xidmət orqanlarında çalışmışdır.

Abxaziyadakı erməni təşkilatları və Ermənistan

XX əsrin 80-ci illərində bütün SSRİ ərazisində olduğu kimi, Abxaziyada da fəaliyyət göstərən erməni terror-siyasi təşkilatlarının fəaliyyəti üzə çıxmışdır. Bu dövrdə Abxaziya ermənilərinin fəaliyyətini koordinasiya etmək üçün iki təşkilat – Suxumidə “Krunk” və Qaqrada “Maştots” təşkilatları yaradılmışdı. Şəksiz ki, bu cür təşkilatların fəaliyyətinə Ermənistan açıq və gizli formada birbaşa dəstək verirdi. İşxanyan etiraf edir ki, “Krunk” təşkilatı Ermənistan dövləti və Erməni İnqilabi Federasiyası – Daşnaksütyun tərəfindən dəstəklənirdi. Bu təşkilatın fəalları 1989-cu ildə Ermənistana səfər etmiş, orada Ermənistanın dini lideri Katolikos I Vazgen tərəfindən qəbul edilmiş və Daşnaksütyunla əlaqələr qurmuşdular. Daşnaksütyun isə nizamnaməsində erməni mənafeyi naminə terroru belə məqbul hesab edən təşkilatdır. Deməli, bu təşkilatların terrorunun hədəfi hər an gürcülər və abxazlar ola bilər. Yarandığı ilk illərdə Gürcüstanın mərkəzi hökuməti “Krunk”un fəaliyyətinə o qədər də ciddi yanaşmasa da, Abxaziyada başlanan proseslər bunun nə qədər böyük bir səhv olduğunu göstərmişdir. “Krunk” Gürcüstanın ərazi bütövlüyünə qarşı abxazlarla birlikdə çıxış etmişdir. “Krunk”un Ermənistanın müxtəlif siyasi qüvvələri, eləcə də dövlət strukturları tərəfindən dəstəklənməsinə dair çoxsaylı məlumatlar vardır.

Abxaziya ermənilərinə mərkəzi Gürcüstan hökumətinə qarşı vuruşmaq üçün çağırış edən ilk təşkilatlardan biri Qaqra ermənilərinin sözdə mədəni təşkilatı olan “Maştots” idi. Məhz "Maştots" rəhbərliyinin fövqəladə yığıncağında guya gürcülərin ermənilərə qarşı talan və zorakılıq törətməsi əsas gətirilərək Abxaz tərəfini rəsmi dəstəkləmək və onlarla bərabər vuruşmaq barədə qərar qəbul edilmişdir. Lavernti Amşençi adlı müəllif yazır ki, bu təşkilat Ermənistanın Mədəniyyət Nazirliyi ilə fəal və açıq əlaqə saxlayırdı.

Ermənistanın Azərbaycan ərazilərini ələ keçirmək uğrunda işğalçı müharibə apardığı dövrdə Abxaziya erməniləri işğalçı ölkəyə yardım etmək üçün maaliyyə vəsaiti toplamış, toplanan vəsait hesabına hərbi ləvazimatlar alıb Ermənistana göndərmişdilər. Abxaziya ermənilərindən bir qismi terrorçu dəstələr yaradaraq Qarabağa gəlmişdilər.

2000-ci illərin əvvəllərində yuxarıda adları qeyd edilən hər iki təşkilatın fəaliyyətini özündə birləşdirməyə çalışan Abxaziya Erməni İcması yaradılmışdır.

Ermənistanın Gürcüstanın ərazi bütövlüyünün əleyhinə olaraq Abxaziyanı az qala müstəqil dövlət kimi tanıdığını bir sıra digər faktlar da təsdiq edir. Məsələn, 2012-ci ildə İrəvanda Qafqaz İnstitutunun çap etdirdiyi “analitik məruzələrdən” birində Abxaziyanın “müstəqil dövlətçilik tarixi” geniş şəkildə təhlil edilmiş, separatçı qurumun qazandığı uğurlardan bəhs edilmişdi. Rəsmi İrəvan Abxaziya və Gürcüstan ərazisində mövcud olmuş dövlətlərin “erməni mənşəli” olduğunu əsaslandıran xüsusi abxaz “tədqiqatçıları” da yetişdirməklə məşğuldur. Artıq bir sıra gürcü müəllifləri də bu cür tədqiqatçıların fərqindədirlər. Məsələn, Zurab Papaskiri yazır ki, 2010-2011-ci illərdə separatçı Abxaziya rejiminin baş naziri olmuş Sergey Mironoviç Şamba tarix elmləri doktorluğunu məhz belə xidmətlərinə görə İrəvanda almışdır.

***

Beləliklə, yuxarıda sadalanan faktlar bir daha təsdiq edir ki, Ermənistan Gürcüstan ərazisində separatizmin birbaşa dəstəkçilərindən biridir. İlk növbədə abxazların mərkəzi Gürcüstan hökumətinə qarşı separatizmi bu və ya digər formada dəstəkləməklə Ermənistan Samtsxe-Cavaxetiyadan diqqəti yayındırmağa və burada möhkəmlənməyə çalışır. İkincisi, ermənilər Abxaziyada möhkəmlənir, buranın gələcəkdə Qaradənizsahili Ermənistana çevrilməsi üçün münbit zəmin hazırlayırlar. Üçüncüsü, bu cür separatçı rejimlərin mövcudluğunu işğal olunmuş Azərbaycan ərazilərində qurduqları oyuncaq qurum üçün presedent kimi göstərməyə çalışırlar.

Elnur KƏLBİZADƏ, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru

"Xalq qəzeti"

  • Paylaş: