Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Toğrul Şahtaxtinski – 95
23.10.2020 15:10
  • A-
  • A
  • A+

Toğrul Şahtaxtinski – 95

Azərbaycan elminə görkəmli şəxsiyyətlər bəxş edən nəsillərdən biri də Şahtaxtinskilər nəslidir. Bunların sırasında akademiklər Həbib Şahtaxtinskini, Toğrul Şahtaxtinskini, Emin Şahtaxtinskini göstərmək olar.

Akademik Toğrul Şahtaxtinskinin 95 yaşı tamam olub. Toğrul Nemət oğlu Şahtaxtinski 22 oktyabr 1925-ci ildə Bakı şəhərində görkəmli ziyalı ailəsində anadan olub. Atası Nemət Şahtaxtinski keçən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində Ali Texniki məktəbi bitirdikdən sonra uzun illər Azərbaycan Neft və Sənaye İnstitutunda kafedra müdiri, anası biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra xanım Şahtaxtinskaya isə Azərbaycan Tibb İnstitutu və Pedoqoji İnstitutunda kafedra müdiri işləmişdir.

1943-cü ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuş və oranı 1949-cu ildə bitirərək, ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasında çalışmışdır.

1959-cu ildə kimya elmləri namizədi, 1968-ci ildə kimya elmləri doktoru elmi dərəcəsi və elə həmin ildə də professor adı almışdır. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1976-cı ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmiş, 1961-1962-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda elmi işlər üzrə direktor müavini, 1962-1967-ci illərdə laboratoriya müdiri olmaqla yanaşı, 1962-1975-ci illərdə həm də “Monomerlər” şöbəsinə rəhbərlik etmişdir. 1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri, 1975-2002-ci illərdə Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun, 2002-2010-cu illərdə isə Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun direktoru, 1973-1981, 1990-2001-ci illərdə Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və 2001-2007-ci illərdə AMEA-nın Rəyasət Heyətinin akademik-katibi olmuşdur. 2000-ci ildə Gürcüstan Milli EA-nın xarici üzvü (akademiki) seçilmişdir.

Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti kimya texnologiyasının nəzəri əsaslarının inkişaf etdirilməsi, kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, üzvi və neft-kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya proseslərinin modelləşdirilməsi və optimallaşdırılması ilə əlaqəli geniş problemləri əhatə edir.

O, katalizatorun qaynayan təbəqəsində alifatik karbohidrogenlər və onların qarışıqlarının oksidləşmə və oksidləşdirici ammonolizi sahəsindəki işləri ilə elmi ictimaiyyətə yaxşı tanışdır. Alim öz əməkdaşları ilə birlikdə n-butilenlərin və n-butanın malein anhidridinə, izobutilenin metakril turşusuna, propanın sirkə turşusuna birbaşa oksidləşdirilməsi, toluol, ksilollar və başqa karbohidrogenlərin maye fazalı oksidləşdirici ammonolizi proseslərini, həmçinin müxtəlif monomerlərin və üzvi sintezin aminlər, amidlər, imidlər kimi yarımməhsullarının, çoxfunksiyalı halogen tərkibli birləşmələrin alınma üsullarını işləyib hazırlamışdır.

Akademik Toğrul Şahtaxtinskinin rəhbərliyi altında xlorkarbohidrogenlərin heterogen-katalitik oksidləşməsinin elmi əsasları işlənilmiş, oksid katalitik sistemlərdə C1-C4 xlorkarbohidrogenlərin birbaşa heterogen-katalitik oksidləşməsi, müxtəlif promotorlarla müxtəlif daşıyıcılarda yüksək aktivliyə və seçiciliyə malik olan bir sıra oksid katalitik sistemlərin sintezi və seçilməsi sahələrində tədqiqatlar aparılmışdır.

Onun kimya texnologiyası nəzəriyyəsi sahəsindəki işləri mühüm tətbiqi məsələlərin həlli üçün böyük maraq kəsb edir. O, katalizatorun qeyri-stasionar iş şəraitində aparılan kimyəvi proseslərin modelləşdirilməsi və optimal idarə olunması, resirkulyasiya axınlı mürəkkəb kimya texnologiyası komplekslərinin modelləşdirilməsi və optimallaşdırılması sahəsində bir sıra tədqiqatların müəllifidir.

Alim əməkdaşları ilə birlikdə katalizatorun dəyişən aktivliyi şəraitində gedən heterogen-katalitik proseslərin təcrübi və nəzəri tədqiqi metodikasını, həmçinin psevdoqaynar təbəqədə sirkulyasiya edən katalizatorun qeyri-stasionar aktivliyi nəzərə alınmaqla bir sıra sənaye proseslərinin modelləşdirilməsi və intensivləşdirilməsi prinsiplərini işləyib hazırlamışdır. Fundamental fiziki-kimyəvi tədqiqatlara əsaslanmaqla hazırlanmış prinsiplər katalitik proseslərin öyrənilmə problemlərinin həlli, optimal şəraitin təyini və həyata keçirilməsi, onların avtomatlaşdırılması sisteminin yaradılması üçün nəzəri baza olmuşdur.

Toğrul Şahtaxtinski və əməkdaşları tərəfindən elmi avtomatlaşdırılmış eksperimentin təşkili üzrə yeni elmi istiqamət, onların keçirilmə vasitələri, kimyəvi və kimyəvi-texnoloji tədqiqatlarda Elektron Hesablayıcı Maşınla tədqiqatçı arasında münasibətin dialoq rejimindən istifadə etməklə informasiyaların tədqiqi formalaşdırılmış, əsaslandırılmış və həyata keçirilmişdir.

Kimya texnologiyasının nəzəri əsaslarının yaradılması və onun əsasında prinsipcə yeni reaksiya qurğularının hazırlanması üzrə Toğrul Şahtaxtinskinin rəhbərliyi ilə aparılmış işlər fundamental səciyyə daşıyır. Belə işlərə ilk növbədə yeni yaradılmış elektrokimyəvi yanma kamerası, səthi aerasiyalı qaz-maye reaktoru və qeyri-mütəhərrik qarışdırıcılı ilgəkvari reaktor aiddir.

Toğrul Şahtaxtinski əməkdaşları ilə birlikdə kataliz və katalitik proseslərin kinetikası, mexanizmi və dinamikası sahəsində geniş tədqiqat işləri aparmış, karbohidrogenlərin birgə oksidləşdirici çevrilmə prosesləri üçün yüksək effektli çoxfunksiyalı metal-seolit katalizatorlarının istifadəsinin elmi əsaslarını hazırlamışdır ki, bunun da əsasında effektiv katalitik proseslər həyata keçirilmişdir.

Alimin iştirakı ilə ilk polimerlərin aktiv mərkəzlərinin kataliz olunacaq substratlara əvvəlcədən uyğunlaşdırılmış və polimer kompozisiyanın yaddaşından istifadəni nəzərdə tutan metal-polimer kompleks katalizatorların yaradılmasının yeni prinsipi hazırlanmış və praktikada istifadə olunmuşdur.

1976-cı ildə Toğrul Şahtaxtinski KTNPİ-nin nəzdində “Kimya texnologiyasının proses və aparatları” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə namizədlik dərəcəsi verən İxtisaslaşdırılmış Müdafiə Şurasının, 1984-cü ildən həmin ixtisaslar üzrə, 1995-2010-cu illərdə isə üç ixtisas – “Kimya texnologiyasının proses və aparatları”, “Kimyəvi kinetika və kataliz” və “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisasları üzrə elmlər doktoru alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Şuranın sədri olmuşdur.

Akademik T.Şahtaxtinski Azərbaycan Respublikasının və elmini xarici ölkələrdə layiqli təmsil etmişdir. O dəfələrlə xarici dövlətlərdə Almaniyada, Amerika Birləşmiş Ştatlarında, Yaponiyada, Fransada, Macarıstanda, Turkiyə Cümhuriyyətində, Rumıniyada, Rusiyada, Ukraynada, Özbəkistanda, Gürcüstanda elmi ezamiyyətlərdə olmuşdur.

Toğrul Şahtaxtinşkinin dünyanın ən iri elmi nəşriyyatlarından biri olan “Perqamon Press” tərəfindən 1962-ci ildə “Neftdən sintetik materiallar” adlı kitabı buraxılmışdır. Bu kitab Londonda ingilis dilində çapdan çıxmışdır. 1980-ci ildə ingilis dilində “C4 karbohidrogenləri və onların sənaye törəmələri” adlı daha bir kitabı çapdan çıxır. Kitab Londonda “Ernst Ben LTD” nəşriyyatında buraxılmışdır. Onun əsərləri elmi ictimaiyyətə yaxşı tanışdır, onlar qabaqcıl Beynəlxalq və Ümumiittifaq  jurnallarda,  İngiltərə, ABŞ, Almaniya, Macarıstan, Rumıniyada və s.çap olunmuşdur.

Toğrul Şahtaxtinski 510 elmi əsərin, o cümlədən 140-dən çox ixtira və patentin, 12 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 12 elmlər doktoru və 48 fəlsəfə doktoru hazırlanmışdir.

1975-2010-cu illərdə “Azərbaycan Kimya jurnalı”nın baş redaktoru olmuş, dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.

Toğrul Şahtaxtinski elmin inkişafında nailiyyətlərə görə “Şərəf nişanı”, “Xalqlar Dostluğu”, “Şöhrət”, “İstiqlal” ordenləri, “Fədakər əməyə görə” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuş və Azərbaycan SSR-nin “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Akademik Toğrul Şahtaxtinski 2010-cu il oktyabrın 8-də vəfat etmişdir. Onun şərəfli ömür yolu, əsl ziyalı və bacarıqlı rəhbər kimi parlaq fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

Allah rəhmət etsin, ruhu şad olsun.

Dilqəm TAĞIYEV, AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik

Arif ƏFƏNDİ, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar təşkilatının sədri, kimya elmlər doktoru, professor                                             

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: