Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Qarabağda BMT-nin icraçısı kimi
27.10.2020 10:00
  • A-
  • A
  • A+

Azərbaycan Qarabağda BMT-nin icraçısı kimi

1988-1994-cü illər ərzində Ermənistanla Azərbaycan arasında baş verən qanlı döyüşlər nəticəsində Ermənistan respublikası Azərbaycan ərazisinin 20%-ni işğal etdi. Münaqişə ocağı olan Dağlıq Qarabağdan savayı, Ermənistan Azərbaycanın yeddi rayonuna da hücum etdi. Təcavüz nəticəsində bir milyona yaxın vətəndaşımız qaçqın düşdü. Ermənistan qoşunları vandalizm siyasəti həyata keçirərək işğal edilmiş ərazilərimizdə maddi-mədəniyyət nümunələrini məhv etdi, bir çox dini ocaqlara qarşı hörmətsizlik nümayiş etdirərək onları İslam dünyasının gözü önündə tövləyə çevirdi.

1994-cü ildə tərəflər arasında atəşkəs elan edildi. Atəşkəs elan ediləndən bu günə qədər Azərbaycan tərəfi öz suverenliyini bərpa etmək üçün münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu çərçivəsində işğalçıyla danışıqlar aparsa da, bunun heç bir nəticəsi olmadı və Azərbaycan əraziləri işğal altında qalmaqda davam etdi. Münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələr Ermənistanın işğal etdiyi ərazilərdən çıxmaq istəməməsi səbəbindən hələ də icrasını gözləyirdi.

Ermənistan tərəfi nəinki işğal edilən torpaqları azad etmək fikrində deyildi, hətta Azərbaycanın işğal edilmiş rayonlarının ərazisindən təmas xəttinə yaxın digər şəhər və kəndlərini mütəmadi olaraq atəş altında saxlamaqda davam edirdi. Bundan əlavə, Ermənistan ordusu 12 iyulda Tovuz rayonuna hücum etsə də, böyük itki verərək geri otuzduruldu. Növbəti dəfə Ermənistan 27 sentyabr 2020-ci il tarixində yeni ərazilər işğal etmək məqsədilə hücuma keçdi.

Dümənin bu hücumundan sonra Azərbaycan tərəfi əks-hücum əməliyyatı həyata keçirərək işğal edilmiş torpaqlarını azad etməyə və bir sözlə BMT TŞ-nın məlum dörd qətnaməsini icra etməyə başladı. Bir aydır davam edən müharibə nəticəsində möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusu tarix yazaraq işğal altında olan bəzi ərazilərimizi azad etdi və faktiki olaraq BMT TŞ qətnamələrinin icraçısı rolunda çıxış etməyə başladı. Bu addımla Azərbaycan dövləti həqiqətdə BMT TŞ-nın qətnamələrinin icraçısı kimi çıxış edir. Beləliklə, Azərbaycan dövləti siyasi kursda olduğu kimi, icraçı olaraq və hərbi baxımdan da öz mövqeyini birmənalı şəkildə göstərir.

Ələddin MƏLİKOV, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İslam Fəlsəfəsi Departamentinin aparıcı elmi işçisi, f.e.d. dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: