Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan florası yeni dövrdə: gələcəyə səyahət
28.10.2020 14:04
  • A-
  • A
  • A+

Azərbaycan florası yeni dövrdə: gələcəyə səyahət

Azərbaycanın Respublikasının ərazisi bənzərsiz və zəngin flora örtüyünə malikdir. Burada becərilən bitkilər də daxil olmaqla ali bitkilərin 1117 cinsinə aid 4961 növü qeydə alınmışdır. Azərbaycan Qafqaz ərazisinin təxminən 16%-ni əhatə etsə də, flora baxımından (6350 növ) 70%-ni təşkil edir (Qafqazın flora konspekti, 2006).

Son 30 ilə yaxın bir dövrdə Azərbaycan torpaqlarının 20%-i işğal altında qalmışdır. Kiçik Qafqazın dağlıq əraziləri 6 silsilədən ibarətdir, lakin onun yarısının (Qarabağ, Zəngəzur və Dərələyəz silsilələri) florası uzun illərdən bəri düşmən tapdağında ölüm-qalım savaşı verir. Azərbaycan floristik bölgüdə 20 botaniki-coğrafi rayona bölünür: Xəzər dənizi ətrafı (1200 növ), Abşeron (1000), Qobustan (1200) Kür-Araz ovalığı (1215), Kür düzü (1205), Bozdağ  silsiləsi (1190), Lənkəran - Muğan (1500), Lənkəranın dağlıq hissəsi (1107), Diabar - Zuvand (1107), Lənkəran  ovalığı (1205), Naxçıvan düzü (1175), Naxçıvanın dağlıq hissəsi (2700), Samur - Dəvəçi ovalığı (1145), Böyük Qafqaz -Quba Dağ silsiləsi (1700), Böyük Qafqazın şərqi (1205), Böyük Qafqazın qərbi (1105), Kiçik Qafqazın şimalı (1203), Kiçik Qafqazın mərkəzi (1316), Kiçik Qafqazın cənubu (1250), Alazan - Əyriçay vadisi (1100). Göründüyü kimi, Azərbaycanın botaniki-coğrafi bölgüsündə Kiçik Qafqazın Qarabağ ərazisi də daxil olan 3 botaniki coğrafi rayonunun 2-si (Kiçik Qafqazın mərkəzi və cənubu) düşmən işğalına məruz qalmış, illərdir meşələri, bozqırları, çala-çəmənləri və su-bataqlıq bitkilərinin son durumu barədə heç bir məlumat əldə edilməmişdir. Düzdür, biz botaniklər bu ərazilərdən heç vaxt əl çəkməmişik və ədəbiyyatlara əsasən daim onları nəzərdə saxlamışıq. Lakin elə bitkilər var ki, onlarn areal diapazonu yalnız Qarabağla məhdudlaşır. Ölkənin genetik ehtiyatlarını daim qorumaq və müasir vəziyyətini təyin etmək üçün floristik və sistematik araşdırmalara ehtiyac var. Əsas forma müxtəlifliyinin mərkəzləri, irsi müxtəlifliyin paylanma təbiəti, növlərin formalaşma intensivliyi sistemli tədqiqatlarla müəyyən edilməlidir. İşğala məruz qalan botaniki-coğrafi rayonlarda taksonomik tərkibə 2500-ə (50%) qədər bitki növü daxildir ki, bunların populyasiya göstəriciləri, arealları və son vəziyyəti barədə heç bir məlumatımız yoxdur. Bəzi ərazilərimizdə erməni işğalçıları tərəfindən yabanı bitkilər tamamilə məhv edilərək yerində narkotik bitkilər becərilmiş və öz mənfur xislətlərini bir daha sübut etmişlər. Digər tərəfdən, Qarabağın təbiətinə olan antropogen təsirlər bir sıra qiymətli bitkilərin fərdlərinin sayının azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarmışdır.

Ulu öndərin siyasi və iqtisadi kursu, ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Respublikada nadir və məhvolma təhlükəsi qarşısında qalan bitki növlərinin qorunub saxlanılması üçün bir sıra əməli tədbirlər sistemi həyata keçirilmişdir. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu əvəzedilməzdir.

Kiçik Qafqazın enliyarpaqlı meşələrində Quercus iberica, Q.macranthera növlərinin, xüsusən  Eldar oyuğunda rast gəlinən və dünyanın nadir incilərindən biri olan Pinus eldarica növünün genefondunun qorunub saxlanılması üçün “Göygöl Dövlət Qoruğu” yaradılmışdır. Bu qoruqda 423 ali bitki növünə rast gəlinir. Dünyanın ən qədim bitkilərinin məskunlaşdığı sahələrdən biri olan və təbii muzey adlanan Talışda üçüncü dövrün relikt bitkilərinin Albizia culibrissin Durazz., Gleditschia caspica Desf., Alnus subcordata C.A. Mey., Parrotia persica (DC.) C.A.Mey., Acer velutinum Boiis., Quercus castaneifolia C.A.Mey., Zelkova carpinifolia (Pall.) C.Koch, Pterocarya (Michx.) Kunth. ex. İ.İlcinsk, Pyrus grossheimii Fed., P.hyrcana Fed., P.boissierana Buhse, Buxus hyrcana Pocark., İlex hyrcana Pocark., Ruscus hyrcanus Woronow, Danae racemosa (L.) Moench., Taxus baccata L., Punica granatum L., Diospyrus lotus L. və s. qorunması üçün “Hirkan Dövlət Qoruğu” təşkil edilmişdir. Burada 162 növ endemik, 96-ı relikt, 38-i isə məhvolma təhlükəsi qarşısında qalan bitkilərdir.

Böyük Qafqaz sahəsinin qərb nahiyəsində bir çox enliyarpaqlı bitkilərin, xüsusilə Carpinus caucasica, Fagus orientalis, Acer trautvetteri, Rhodondron caucasicum, Tilia caucasica, Corylus colurna və s. bitki­lə­rin qorunub saxlanması üçün Zaqatala Dövlət Qoruğu təşkil edilmişdir. Pirqulu Dövlət Qoruğu (Böyük Qafqazın şərq makro yamaclarındakı enliyarpaqlı meşələrin qorunması üçün), Bəsitçay Dövlət Qoruğu (şərq çinarı), İsmayıllı yasaqlığı (Dəmirağacı, şərq çinarı, qaraçöhrə, şabalıd, budaqlı danaya bitkilərinin qorunması üçün), Turyançay Dövlət Qoruğu (burada müxtəlif ardıc, palıd, nar, albalı və s. bitki növləri qorunur) təşkil edilmiş, onların genefondunun saxlanılması üçün bir sıra əməli tədbirlər görülmüşdür və indi də bu işlər davam etdirilir.

Qeyd etmək lazımdır ki, respublika ərazisində rast gəlinən nadir bitki və bitkiliyin qorunması üçün 4 milli park, 17 yasaqlıq və 15 dövlət qoruğu yaradılmışdır ki, bunlardan 9-u bilavasitə flora və bitkiliyin qorunması məqsədilə təşkil edilmişdir.

Nadir və relikt su bitkilərinin qorunmasına dair botanik Cəlal Əliyevin   tədqiqatı nəticəsində məlum olmuşdur ki, Nelumbo nucifera, Nymphaea alba, Trapa hyrcana, Nymphoides peltata, Hydrocotyle vulgaris, H.ranunculoides, Ludwigia palustris və s. növlər Kür-Araz və Lənkəran ovalıqlarında əvvəllər cəngəlliklər əmələ gətirdiyi halda, hazırda onların arealları antropogen amillərin təsiri nəticəsində xeyli kiçilmişdir. Bununla da su-bataqlıq bitkilərinin qorunması zəruri olmuşdur. Qeyd etmək lazımdır ki, bir çox su-bataqlıq bitkilərinin, eyni zamanda 25 növ qıjının qorunmasına dair bir sıra əməli tədbirlər sistemi irəli sürülməklə onların mühafizəsi təklif olunmuşdur. Botaniklərin apardıqları tədqiqat nəticəsində məlum olmuşdur ki, bir çox su-bataqlıq bitkisi, o cümlədən Lənkəran rayonu ərazisində Trapa hyrcana, Saatlı-İmişli rayonları ərazisində Sarısu gölündə Nelumbo nucifera tamamilə məhv olmuş, Mehman gölünün qurudulması nəticəsində isə su-bataqlıq bitkiliyinin məhvolma təhlükəsi yaranmışdır.

Qarabağın Suqovuşan və digər su-bataqlıq əraziləri və onların özünəməxsus faydalı xüsusiyyətləri olan bitkiləri ciddi şəkildə tədqiq edilməlidir.

Bir çox illər ərzində görkəmli alim, akademik Həsən Əliyev Azərbaycan torpaqlarını qarış-qarış gəzmiş, onun flora və faunasının vəziyyəti ilə yaxından tanış olduqdan sonra belə bir fikir ifadə etmişdir ki, ”tənasüb pozulur, təbiət bir növ məğlub kimi geri çəkilir“. Həsən Əliyev özünün şəxsi müşahidələrinə əsasən ”həyəcan təbili“ çalaraq dünyanın bir çox mötəbər kürsülərində elm korifeyləri qarşısında ekoloji problemlərə diqqət çəkmişdir. Bunun üzərindən uzun illər keçmiş və 30 il antropogen təsirlərə məruz qalmış, daşı daş üstə qalmamış Qarabağın kənd örüş və biçənəkləri, meşələri, ümumiyyətlə bitki örtüyünün müasir vəziyyəti barədə ermənilər tərəfdən bir cümlə belə yazılmamışdır və şəksiz ki, ərazinin yenidən öyrənilməsi vacibdir.   

Azərbaycan florasının, bitki örtüyünün, bitkiliyinin öyrənilməsində akademik Vahid Hacıyevin böyük xidmətləri olmuşdur. O, qeyd etmişdir ki, insanların əməli fəaliyyəti nəticəsində son 60-70 il ərzində bir çox bitki növlərinin (İles hircanica, Quercus araxina, Tulipa karabachensis, Zelcova caspinifolia, Daphne transcaucasica, Quercus macranthera, Acer trautvetteri, Betula pendula, Pyrus elliptica, Ulmus glabra , Padus racemosa, Poaeonia mlokoswitschii, Laurocerasus officinalis, Ammochloa paleastina və s.) arealları daralmış, bəzi növlər isə itmək təhlükəsi ilə üzləşmişdir. Belə ki, Bozdağ, Didrardağ və başqa dağ silsilələrində özlərinin əmələgəlmə və formalaşmasına görə buzlaşma dövrünün sonuna aid olan bitki senozlarında Erysinium, Xeranthemum, Stipa, Melica, Dianthus cinslərinə aid növlər tamamilə sıradan çıxmışdır. Bir sıra kserofit, hemikserofit bitkilər, o cümlədən ardıc (arçan), kitrəli gəvən, qırtıc, qarayonca və s. növlərin arealları qismən daralmış və ya onlar tamamilə məhv olmuşlar. Əslən Şuşadan olan akademik Vahid Hacıyev Qarabağın florasının qorunmasının yalnız elmi və praktiki deyil, eyni zamanda tarixi əhəmiyyətə malik olduğunu dəfələrlə qeyd etmiş, qiymətli növlərin gələcək nəsillərə çatdırılması üçün yeni qoruq və yasaqlıqların təşkil edilməsi təklifini irəli sürmüşdür. Alim yüksək dağ bitkiliyinin, kserofit tipli dağ-çəmən və çəmən-bataqlıq bitkilərinin qorunması üçün Kəlbəcər rayonu Alagöllər sahəsini, nadir meşə bitkilərinin qorunması üçün isə Qarabağın dağlıq ərazilərinin mühafizə edilməsini təklif etmişdir. Lakin mənfur erməni işğalı bu fikirlərin həyata keçirilməsinə imkan verməmişdir. Ümid edirik ki, ərazinin biomüxtəlifliyi öyrənildikdən sonra yeni milli parkın yaradılması ilk təklifimiz olacaq. İşğal altında olan ərazilərin bitki örtüyü şaquli zonallıq üzrə yarımsəhralar və yarımbozqırlar (dəniz səviyyəsindən hündürlüyü 400 m-ə qədər), bozqır bitkiliyi (400-800 m), mezofil meşələr (1000-2000 m), yüksək dağlıq bitkiliyi (2000-2500 m), alp-subalp bitkiliyi (2200-3000 m), qaya bitkiliyi (Murovdağ ərazisi 3000 m-dən yuxarı) tiplərinə bölünməklə tədqiq edilməlidir. Qeyd etmək lazımdır ki, işğaldan öncəki vəziyyət barədə Azərbaycan alimlərinin elmi tədqiqatlarının nəticələri var və bu sahədə çoxlu kitablar yazılmışdır. Lakin erməni botaniklər “Qarabağ bizimdir” deməklərinə rəğmən, mətbuatda oranın florası barədə heç nə yazmamışlar. Lakin ümid edirəm ki, torpaqlarımız işğaldan tam azad olunduqdan sonra bizim alimlər tərəfindən ekspedisiyalar təşkil etməklə ərazinin florası və bitkiliyi barədə yeni əsərlər yazmaq mümkün olacaq. Respublika ərazisində tipik landşaftların yaxşı qalmış ən səciyyəvi kiçik sahələrin, xüsusi gözəlliyi ilə seçilən guşələrin, endemik, relikt və nəsli kəsilməkdə olan növlərin, çoxyaşlı ağacların, bağ-park sənəti nümunələrinin, şəlalələr, mağaralar, nadir göllər, yeraltı su çuxurlarının, digər diqqətəlayiq yerlərin təbiət abidələri kimi mühafizəsi ilə bağlı Azərbaycan alimləri tərəfindən akademik C.Əliyevin rəhbərliyi ilə çoxsaylı təkliflər hazırlanmış və müvafiq orqanlara təqdim edilmişdir. Bu təkliflər əsasında respublikanın ayrı-ayrı rayonları, kəndləri, yaşayış məntəqələri üzrə 2000-dən çox yaşlı bitki təbiət abidələri sırasına daxil edilmişdir. Bunlardan şərq çinarı, şam, şabalıd, armud, fıstıq, palıd, tut, cökə, şümşad və digərlərini göstərmək olar. 1500 yaşlı Şərq çinarının Kolayır kəndində (Ağstafa rayonu), 400 yaşlısının isə Qarayeri sahəsində qorunması vacib hesab edilmişdir. Təəsüf ki, Qarabağ işğala məruz qaldığından, uzun illər düşmən tapdağında qalmış “Çinarlı Zəngilan”ın meşələri və o cümlədən digər meşə sahələrinin təbiət abidələri barədə heç bir məlumat olmamışdı.

1989-cu ildə Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş 140 adda nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin əksəriyəti Qarabağdan təsvir edilmişdir: daş səhləbi (xarı bülbül), Şuşa gəvəni, qaraçöhrə, Qarabağ dağlaləsi, məryəm noxudu, Şuşa xaşası, azad ağacı, ştrenbergiya kimi təbiət incilərimizin son durumu botaniklərə hələ bəlli deyil. 2013-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə AMEA Botanika İnstitutunun əməkdaşları və bir sıra Azərbaycan botanikləri Azərbaycan Respublikasının ”Qırmızı kitabı”nın 2-ci nəşrini hazırlamışlar. Lakin Qarabağın işğal altında olan əraziləri, o cümlədən Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa və s. ərazilərdə yayılan bitkilər barədə heç bir yeni məlumatlar əldə etmək mümkün olmamışdır. İşğal altında olan meşə ərazilərimiz barədə məlumatlar yox dərəcəsindədir, digər tərəfdən 26000 hektar meşə ərazisində (Laçın, Kəlbəcər, Ağdərə rayonlarında) qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq yandırılmış və meşələrimiz məhv edilmişdir. Erməni təcavüzünə məruz qalmış qoruqlar (Qaragöl və Bəsitçay qoruqları) talan edilmiş, dövlət yasaqlıqlarımız (Qubadlı, Arazboyu, Daşaltı və Laçın) antropogen amillərin mənfi təsirinə məruz qalmışdır. Onu da qeyd edim ki, işğala qədər Qarabağın meşə fondu 160000 hektardan çox olmuşdur. Bəsitçay Dövlət Təbiət Qoruğu Zəngilan rayonunda Bəsitçayın dərəsində, 100 hektarını çinar meşəsi tutan bir ərazidədir. Artıq bu torpaqlar işğaldan azad olunmuşdur və yenidən təftiş edilməsinə şərait olacaq. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonunun yüksəkdağlıq ərazilərini əhatə edir. Burada işğaldan öncə 100-dən artıq bitki qorunurdu. Yasaqlıqlardan ən yaddaqalanı qırmızı palıdın mühafizə olunduğu Laçının Hacışamlı meşəsidir. Qubadlı və Laçın ərazisində yaradılmış digər qorunan ərazi isə qızılı palıdın, qoz ağaclarının, vələs, ağcaqayın, yemişan, ardıc və s. olduğu Qubadlı Dövlət Təbiət Yasaqlığıdır. Şuşa və Xocalı ərazisində vaxtilə Daşaltı Dövlət Təbiət Yasaqlığı və Zəngilan rayonunun İranla sərhəddində Arazboyu Dövlət Təbiət Yasaqlığının son durumu barədə heç bir məlumat yoxdur. Hesab edirəm ki, bu qoruq və yasaqlıqlar yeni elmi tədqiqat obyektlərinə çevrilməlidir. Qarabağ ərazisində vaxtilə yaradılan qoruqlar və yasaqlıqlar Qarabağ Milli Parkı statusu qazanmalıdır. İnanıram ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq tədqiqatlar nəticəsində nadir və arealı daralan növlər barədə Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın 3-cü nəşrinə yeni məlumatlar daxil ediləcək və onların qorunması qayğısına qalınacaq.

Səyyarə İBADULLAYEVA, AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru,  professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.    

  • Paylaş: