Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əsrə bərabər bir ay
29.10.2020 12:38
  • A-
  • A
  • A+

Əsrə bərabər bir ay

Durmadan irəliyə doğru axan zamanın arxada qoyduğu hansı məqamın, hadisənin tarixin yaddaşına həkk olunacağını müəyyən etmək çətin məsələdir. Bu amil ixtiyari bir insandan başlayaraq geniş mənada, qlobal miqyasda baxış bucağından asılı olaraq dəyişir. Amma tarix bir fərdin və ya bir xalqın öz iradəsi ilə bəşəriyyətin hərəkət istiqamətini dəyişdirə bildiyinə də şahidlik edib. Çingiz Aytmatov yüz ili bir günə sığışdırmağın mümkünlüyünü, günün əsrdən uzun sürə biləcəyi haqqında düşüncələrini özünün “Gün var əsrə bərabər” romanında yazıb. Azərbaycan xalqının taleyindəki son bir ayı Çingiz Aytmatovun romanın mahiyyəti ilə ekvivalent hesab etmək olar. Qarabağın işğalı kontekstində 30 ildən uzun bir ay və ya Azərbaycan üçün əsrə bərabər bir ay...

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayının 27-dən şanlı Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda başladığı mübarizə və ard-arda gələn qələbələr bizə məhz bir gündə əsri yaşadır, otuz ilə yaxındır davam edən qara ləkə xalqımızın üzərindən götürülür. Hər birimizin məktəbdə əzbərlədiyimiz rayonlarımızın işğal günlərinin statusu dəyişir. Təqvimimizin rəngləri ilə birlikdə xalqımız da yenilənir, sanki bir daha doğulur.

2016-cı ildə Aprel döyüşlərindən sonra azad olunan Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlıya qayıdış xalqımızda geri dönüş üçün inam yaratdı. Buna baxmayaraq, bir çox məqamlarda bir-birinə qarşı kəskin, barışmaz mövqelərinin olduğu supergüclərin bəlkə də yeganə maraqlarının birləşdiyi nöqtənin Qarabağ məsələsi olduğunu və bu birləşmə məqamının Azərbaycana qarşı olmasını nəzərə aldıqda vəziyyətin bizim üçün heç də ürəkaçan olmadığını da dərk edirdik. Dərk edirdik  ki, Qarabağın işğaldan azad olunması uğrunda mübarizə heç də təkcə işğalçı dövlətlə olmayacaq. Bir ay ərzində həmin dövlətlərin hüququ heçə sayaraq sərgilədiyi mövqe bunu bir daha göstərdi. Amma hər birimiz inanırdıq ki, güclənən Azərbaycan qarşısında bütün sipərlər bir gün yıxılacaq. Elə də oldu.

Sentyabrın 27-də Murov dağının yüksəkliyi və bir neçə kəndimizin azad olunması ilə başlanan bu şanlı mübarizə yolu bir ay ərzində hər birimizə böyük sevinclər yaşatdı və yaşatmaqda davam edir. Doğrudur, cəbhədə şəhidlərimiz var və bu bizi ağrıtmaya bilməz. Mənfur düşmənin tarix boyu olduğu kimi döyüş meydanında deyil, mülki əhalini hədəfə alması onların dəyişməz xislətini bir daha ortaya qoyur. Döyüş meydanında məğlub olan düşmənin cəbhədən dəfələrlə uzaqda olan və dinc əhalinin yaşadığı Gəncəni iki dəfə raket atəşinə məruz qoyması onların vəhşi mahiyyətini bütün çılpaqlığı ilə göz önündə canlandırır. Dünya güclərinə yalvararaq əldə etdiyi humanitar atəşkəsi barbarcasına pozan ermənilər dinc əhalinin yaşadığı Tərtər, Ağdam, Füzuli, Bərdə, Goranboy və digər rayonlarımızı ağır artileriya silahları ilə atəşə tutur. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan isə bütün bu mənfur, insanlığa sığmayan, barbar cinayətlərin cavabını döyüş meydanında verir. Cəbrayıl, Füzuli, Tərtər, Xocavənd, Zəngilan, Qubadlı rayonlarının böyük şücaət və qəhrəmanlıqla geri qaytarılan şəhər, kənd və qəsəbələri Azərbaycanın qüdrətindən xəbər verir.

Bu gün Azərbaycan xalqı, xüsusilə də gənclər bir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib. Ali Baş Komandan əsl sərkərdə, strateq kimi döyüş meydanında qələbələr qazanan ordumuzu idarə edir. Həmçinin ondan heç da asan olmayan siyasət cəbhəsində, beynəlxalq təzyiqlərə duruş gətirərək demək olar ki, hər gün müxtəlif nüfuzlu media qurumları vasitəsilə Azərbaycanın haqlı mübarizəsini dünyaya çatdırır. Cənab prezidentin hər bir müsahibəsi böyük siyasət dərsləridir, gələcək böyük tədqiqatların mövzusudur. Azərbaycan xalqı həmin müsahibələri, prezidentin xalqa müraciətlərini və Tvitter  paylaşımlarını böyük həyəcan və maraqla gözləyir. Hər bir Azərbaycan gənci əmindir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu hələlik işğal altında qalan Qarabağ torpaqlarını son metrinə qədər düşmən tapdağından azad edəcək. Azərbaycanın üçrəngli bayrağı 27 ildən sonra Şuşada dalğalanacaq.

Eşq olsun Ali Baş Komandan İlham Əliyevə!

Yaşasın şanlı Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Mehman HƏSƏNLİ, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: