Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA prezidenti: “Ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzi AMEA bölmələrinin üzərinə düşəcək”
22.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti: “Ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzi AMEA bölmələrinin üzərinə düşəcək”

Bu fikirləri AMEA prezidenti akademik Akif Əlizadə Azərbaycan alimlərinin I Qurultayında çıxışı zamanı səsləndirib. Elmin koordinasiyası məsələsinə toxunan alim bildirib ki, Azərbaycanda elmi fəaliyyət, əsasən, akademiyanı, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Elmi araşdırmalar zamanı yol verilən təkrarçılıq, qeyri-aktuallıq, dünyada gedən proseslərlə səsləşməyən problemlərin mövcudluğu alim və mütəxəssislərimizin fəaliyyətində rast gəlinən reallıqlardır: “Bu məqsədlə, respublikada elmi əlaqələndirmənin mürəkkəbliyini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasına ehtiyac vardır. Hesab edirəm ki, şuranın tərkibində akademik institutların, universitetlərin, biznes və patent idarələrinin nümayəndələri olmalıdır. Şuranın verəcəyi qərarlar respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır”.

Akademik onu da qeyd edib ki, digər mühüm vəzifələrdən biri də AMEA-nın bölmələri və elmi şuralarına daha çox təşkilati sərbəstlik verməklə onların rolunun və məsuliyyətinin artırılmasıdır.

Eyni zamanda vurğulayıb ki, “Artıq ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzi AMEA bölmələrinin üzərinə düşəcək. Müəssisələrarası elmi əlaqələndirmə şuralarının müxtəlif yönlərdəki işini sürətləndirmək və onların fəaliyyəti barədə elmi şura və bölmələrin Rəyasət Heyətində hesabat verməsini həyata keçirmək, eləcə də bu məsul işdə şəffaflığı təmin etmək olduqca vacibdir”.

Bundan başqa, AMEA rəhbəri Rəyasət Heyətinin nazirliklərin kollegiyaları ilə birgə iclaslarının keçirilməsi və bu iclaslar çərçivəsində elmi məruzələrə müvafiq nazirlik və idarə rəhbərlərini dəvətinin zəruriliyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: