Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yazılmamış qalacaq 95-ci səhifə
20.11.2020 14:42
  • A-
  • A
  • A+

Yazılmamış qalacaq 95-ci səhifə

Onda 2004-cü il sona yaxınlaşırdı, Əli İldırımoğlu zahirən yuvarlaq yubiley tarixi olmasa da, iki 7-nin yanaşı gəlməsiylə yuvarlaqdan da rəmzi bir yaşına yetişmişdi. Sağlam, gümrah, masasının üstündə yeni yazmağa başladığı roman, düşüncəsində hələ daha neçə yeni əsərini qələmə almaq həvəsi.

Məhz "qələmə almaq". Ona görə yox ki, indi hamımızçün qələmi əvəz edən kompüter ona yad idi. Həmişə müasirlərlə ayaqlaşa bilməyi, günün nəbzindən tutmağı bacarmışdı. Ürəyi istəsəydi, elə bilgisayarda da rahat yazardı. Ancaq Əli müəllim köhnə kişiydi. Yalnız yaşına görə yox. Varlığında köhnə, amma yaşamalı və zaman-zaman sınanmış çox dəyərləri daşıdığına görə.

Belə adamların onillər boyu alışdığı vərdişlərdən əl çəkməsi çətin olur. O, qələmdən ayrılıb kompüterə keçsəydi, bunu da bir növ etibarsızlıq, qələmə-kağıza dönüklük sayardı. Əli müəllimin uzun həyatı isə qələm-kağızla ötmüşdü, yazı-pozu onunçün həm çörək ağacı, həm özünüifadə imkanı, həm də xalqına, yurduna, dövlətinə xidmət vasitəsi olmuşdu.

Əli İldırımoğlu yaxşı yazıçı idi, bizə yadigar qoyduğu əsərlərdə elin-elatın, yurd məişəti və davranışının unudulub gedən çox ayrıntılarını, Azərbaycan insanının nə qədər mərdanə sifətlərini, əxlaqının, daxili dünyasının, mənəvi aləminin incə çalarlarını, zərbülməsəl siqlətli deyişlərini hifz etdi.

İllər ötəcək, oxuduqca ona dönə-dönə minnətdar olacağıq ki, nə yaxşı dünənimizə bu körpünü çəkib, bizi əslimizlə-kökümüzlə, özlüyümüzlə bağlayan belə nadir və cazibəli bir irs yaradıb.

İstedadlı yazıçılarımız, olub, var, gələcəkdə də olacaq. Bəlkə də sabah kimlərsə Əli İldırımoğlunun yazdığı süjetlərə bənzərlərini daha parlaq, daha bədii, sənətkarlıq baxımından daha cazibəli bir şəkildə yaratsın. Fəqət Əli İldırımoğlu yazanlar heç vaxt köhnəlməyəcək. Daha heç vaxt həmin olmuşları heç kəs o tərzdə, o üslubda, o dildə yaza bilməyəcək.

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətini düzəldənlər görən Əli İldırımoğlunun əsərlərini oxuyublarmı? Oxusalar, həmin lüğətdəki sözlər sırasını zənginləşdirən nə qədər yaşamalı, bu gün də işlənməli deyimlər, kəlmələr taparlar ki, işğal illərində Qarabağdakı ünsiyyət mühitini üç onillik boyu itirməyimizlə onların da bir çoxu yaddaşın alt qatına çöküb. Əli İldıromğlu isə qələmi ilə həmin mühiti təcavüzün fəsadlarından həmişəlik xilas edərək ədəbiyyatın əbədi xəzinəsinə qovuşdurub.

Əli İldırımoğlu ötkəm sözlü, iti qələmli jurnalist olmuşdu, sovet onillərində Azərbaycanın birinci və ən mötəbər qəzeti sayılmış "Kommunist"in ən sözükeçər müxbirlərindən biri kimi şöhrətlənmişdi, mətbuat tariximizdəki izi də daim qalacaq.

Lakin bütün bunlardan daha üstdə Əli İldırımoğlu müdrik bir ağsaqqal, bizə çox uzaq xatirələrdən tanış olan əsl köhnə, ağır oturub batman gələn, hər kəlməsinin çəkisi olan Azərbaycan kişisi idi.

Əziz, doğma bir insanımı, dərdləşə biləcəyim, dünyanın çox üzlərini görmüş, o səbəbdən də verəcəyi məsləhətin doğruluğuna irəlicədən inandığım  bir simsarımı itirməklə həyatımda bir anın içində elə boşluq yaranır ki, ürəyimdə onsuz qalan həmin yerin ağrısını bundan sonra hər gün duyacağam.

2004-cü ildə Əli müəllimin 77 yaşına hədiyyə olsun deyə 77 səhifəlik bir kitab hazırladım və həmin kitabın son cümləsi belə idi: "Arzulayıram o gün gəlsin ki, Əli müəllimə belə kitabın 100 səhifəliyini bağışlayaq!"

100 yaş uzaq idi, 95-sə yaxın. Bir neçə ay öncə özünə söyləmişdim ki, söz verdiyim 100 səhifəlik kitab qüvvədədir, o, heç, amma qarşıdakı 95 illiyə də  95 səhifəliyini hazırlayacağam.

Əli müəllim elə bir gündə doğulmuşdu ki, vaxt həmin tarixi millət bayramına çevirdi. Dirçəliş günü - noyabrın 17-sində Əli İldırımoğlunun 93 yaşı tamam oldu. 95-ə 2 il qalırdı.

Son doğum gününü və dirçəliş bayramını yaşadı, adladı 94 yaşına. Ömrün bu təzə ilində də bir neçə saat nəfəsi gedib-gəldi.

Ürəyi sağlam idi, güclü idi, ruhu qüvvətli idi, bu sinnində də qaməti həmişə şax, vüqarlı idi.

Neyləməli, yol bura qədərmiş! 95-ə aparan 2 il yaşanmamış, Əli İldırımoğlunun o 2 ilə yaza biləcəkləri yazılmamış qaldı...

Əli müəllimin son 30 ilə yaxın müddətdə ən ali arzusu torpaqlarımızı azad görmək, uşaqlığının, gəncliyinin keçdiyi Qubadlıya, Qubadlının Əliquluuşağı kəndinə, Şuşaya yenidən ayaq basmaq idi.

Hər halda xoşbəxt imiş ki, o torpaqların azadlığa çıxması xəbərinə sevinmək ona da nəsib oldu.

Həmin doğma yerlərə yenidən gəzib-dolaşmağa gəlincə, onsuz da xəyalən hər gün, hər saat oralarda idi... 

Rafael HÜSEYNOV, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

"525-ci qəzet"

  • Paylaş: