Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli alim, təvazökar insan
23.11.2020 15:17
  • A-
  • A
  • A+

Görkəmli alim, təvazökar insan

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin 70 yaşı tamam olur.

Ə.Hacıyev respublikada biofizika sahəsində tanınmış alimlərdəndir, elmi-tədqiqat fəaliyyətinə SSRİ Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində başlamış, sonra isə Azərbaycan Elmlər Akademiyasında davam etdirmişdir. Səmimi, xeyirxah, alicənab və təvazökar alim demək olar ki, bütün ömrünü elmə həsr etmişdir və bir mütəxəssis kimi həmkarları tərəfindən yüksək qiymətləndirilir. O, öz elmi nailiyyətləri haqda danışmağı sevmir, hesab edir ki, kimə lazımdırsa, seminarlarda, konfranslarda eşidir, elmi əsərləri ilə tanış olur.

Əhməd Hacıyev 20 noyabr 1950-ci ildə Cəbrayıl rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1968-ci ildə rayon mərkəzindəki Maksim Qorki adına orta məktəbi qızıl medalla bitirir. Dəqiq elmlərə böyük marağı onu həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə gətirib çıxarır, medalçılar üçün nəzərdə tutulan yalnız bir imtahanı – fizika fənnindən imtahanı - “əla” qiymətlə verərək bu elm və təhsil ocağının tələbəsi adını qazanır.

1973-cü ildə ali təhsilini Molekulyar fizika kafedrası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla həmin kafedrada laborant vəzifəsində əmək fəaliyyətinə başlayır.

Elmi-tədqiqat seçimini bu dövrdə fizika və biologiya elmlərinin kəsişməsində yaranan yeni perspektivli elm sahəsi ilə, bioloji fizika ilə bağlayır və bu sahədə ixtisaslaşmaq üçün Moskva Vilayətinin Puşşino şəhərində yerləşən SSRİ EA-nın Biofizika İnstitutunda əvvəl diplom işini yerinə yetirir, sonra isə aspirantura təhsili alır. Görkəmli sovet biofiziki, akademik Q.M.Frankın təkidi ilə gənc alim onun rəhbərlik etdiyi Biofizika İnstitutunda qalıb elmi fəaliyyətini davam etdirir. 

1990-cı ilin iyul ayından Bakı şəhərinə köçür və direktorlar arasında razılaşma əsasında Azərbaycan EA Botanika İnstitutuna işə təyin olunur. 1996-cı ilə qədər həmin institutun Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri laboratoriyasında əvvəl baş elmi işçi, sonra aparıcı elmi işçi vəzifəsində çalışır. 1996-cı ildən Azərbaycan EA Rəyasət Heyətinin qərarı əsasında keçmiş Molekulyar Biologiya və Biotexnologiya İnstitutuna keçir və orada 1998-ci ilə qədər əvvəl müəssisənin elmi katibi vəzifəsini, sonra direktoru vəzifəsini icra edir. AMEA Rəyasət Heyətinin qərarı əsasında institutların birləşməsi ilə əlaqədar olaraq 1998-ci ildən akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutuna keçir və orada yeni yaranan Hüceyrə metabolizminin biofizikası laboratoriyasına rəhbər təyin olunur və bu gün də həmin vəzifəni ictimai əsaslarla daşıyır. 2016-cı ildən Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavinidir.  

1985-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsində “Miozin körpücüklərinin əzələ təqəllüsü prosesində dinamikasının yüksək zaman ayırdedici rentgenoqrafik tədqiqi” mövzusunda “Biofizika” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edir, Rusiyanın ən görkəmli biofiziklərindən biri Andrey Rubinin sədrliyi altında dissertasiya şurasının bütün üzvləri ona fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinin verilməsi qərarını təsdiqləyir.

1996-cı ildə artıq Bakıda elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsində onu daha böyük bir imtahan gözləyir. Azərbaycanın böyük alimi, o dövrdə Ali Attestasiya Komissiyasına sədrlik edən akademik Azad Mirzəcanzadə ölkədə sırf biofiziklərin “qıtlığı” ilə bağlı Azərbaycan EA Fotoelektronika İnstitutunda respublikanın ən tanınmış fizikləri və bioloqlarından ibarət birdəfəlik dissertasiya şurasını görkəmli fizik, akademik Eldar Salayevin rəhbərliyi altında yaradır. Canlı aləmin fizikası olan biofizika sahəsində yüksək elmi dərəcəni almaq üçün Əhməd müəllimə o vaxtı iki barışmaz cəbhənin çox ciddi, tələbkar suallarına barışdırıcı cavablar vermək lazım gəlir. O, bu imtahandan da şərəflə çıxaraq  müdafiəyə təqdim etdiyi “Miozintərkibli tellərin əzələ təqəllüsü prosesində struktur dəyişiklikləri dinamikası. Sinxrotron şüalanması vasitəsi ilə rentgenoqrafik tədqiqatlar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülür.

2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası biofizika, fiziologiya və biokimya sahələrində əldə etdiyi elmi nailiyyətlərini və kadr hazırlığında müvəffəqiyətlərini nəzərə alaraq ona “Fiziologiya” ixtisası üzrə professor elmi adını verir.   

Professor Hacıyev təhsil sahəsində də müvəffəqiyətlə çalışır. 1995-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman biokimyası və biomexanika fənlərindən mühazirə oxuyur.

Elmi tədqiqat fəaliyyətinin ilk dövründə biopolimerlərin struktur analizi sahəsində çalışmışdır. Subvahidli fibrilyar zülalların üzərində apardığı nəzəri və eksperimental tədqiqatlar mühüm nəticələrə gətirmiş və onların nəticələri Rusiyanın “Molekulyar biologiya” və “Biofizika” jurnallarında dərc edilmişdir.

Biostruktur tədqiqatlarında, əsasən də dinamik tədqiqatlarda, sinxrotron şüalanmasının istifadəsi üzrə keçmiş SSRİ-də aparılan ilk işlərin müəlliflərindən biridir. Rusiyalı alimlərlə birgə o, in situ bioloji funksiyanın yerinə yetirilməsi zamanı molekulyar səviyyədə quruluş dəyişikliklərin dinamikasını izləyə bilən “Difraksiya kinosu” metodunu yaratmış və həmin metodu əzələ təqəllüsü mexanizminin struktur mexanizmlərinin tədqiqinə müvəffəqiyyətlə tətbiq etmişdir. Bu tədqiqatların nəticələri “Nuclear Instruments & Methods in Physics Research”, “Review of Scientific Instruments” kimi xarici jurnallarda seriya məqalələr kimi çap olunmuşdur.

Son 15 ildə elektromaqnit şüalanmalarının bioloji təsirinin öyrənilməsi problemi üzrə çalışır. Fiziologiya İnstitutu ilə bağlı olan bu tədqiqatlarda ciddi ekoloji faktora çevrilmiş qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmaların canlı orqanizmə təsirinin (həm zərərli, həm də stimullaşdırıcı) sərbəst radikal mexanizmi ilə reallaşması konsepsiyasının fundamental bazası inkişaf etdirilmiş və bir sıra orijinal elmi dəlillər əldə edilmişdir. In vitro tədqiqatlarla aşağı intensivlikli desimetr elektromaqnit şüalanmasının göz büllurunda redoks vəziyyətə təsiri yolu ilə kataraktın profilaktikasının həyata keçirilməsi imkanı aşkar edilmişdir.

Avropa Molekulyar Biologiya Laboratoriyasında (Hamburq, 1995), Sibir Sinxrotron Mərkəzində (Novosibirsk, 1976-2004), Kurçatov İnstitutu Rusiya Elmi Mərkəzində (Moskva, 2005) sinxrotron şüalanmasının istifadəsi ilə bioloji obyektlərin struktur analizi üzrə birgə tədqiqatlar aparmışdır.

Rusiya Fundamental Tədqiqatlar Fondunun (1997, 2004, 2005) qrantlarına rus alimlərlə birgə layiq görülmüşdür. 2005-ci ildə Ümumdünya Alimlər Federasiyasının (World Federation of Scientists) National Scholarship proqramı üzrə təqaüd almış PhD tədqiqat işinə rəhbərlik etmişdir. Belarus-Azərbaycan birgə layihəsinin (2008-2009) Azərbaycan tərəfdən həmrəhbəri olmuşdur. 2017-ci ildə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun Rusiya Fundamental Tədqiqatlar Fondu ilə birgə elan etdiyi qrant müsabiqəsində “Bukkal epitelidə siqnal molekulların ekspressiyası: homeostazın stabilliyinin qiymətləndirilməsi və sosial-əhəmiyyətli insan xəstəliklərinin diaqnostikası və proqnozunun optimallaşdırılması üçün markerlər panelinin işlənməsinə yeni yanaşmalar” mövzusunda qalib layihənin rəhbəridir.

Onun rəhbərliyi altında 10 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 2 fəlsəfə və 2 elmlər doktoru işlərinə elmi rəhbər və məsləhətçilik edir. Magistratura təhsili alan bir çox tələbələrin elmi işlərinə rəhbərlik etmişdir.

Alimin elmi maraq dairəsi genişdir, elektromaqnit biologiyası, biotibb, hüceyrə biofizikası və fiziologiyası sahələrini əhatə edir. 175 elmi əsərin müəllifidir, onlardan 80 məqalə xarici nəşrlərdə, o cümlədən 30 məqalə beynəlxalq informasiya bazalarında indeksləşdirilən jurnallarda çap olunub.

2002-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür. 

Əhməd Hacıyevin elmi və elmi-təşkilati uğurları AMEA rəhbərliyi tərəfindən daim qiymətləndirilib. 2010-cu ildə o, AMEA Rəyasət Heyətinin, 2018-ci ildə isə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

Elmin əzablı yollarıyla 50 ilə yaxın müddətdə şərəflə addımlayan Əhməd müəllim hələ yeniyetmə çağlarında atasından eşitdiyi nəsihəti bir an belə unutmamış, ilk növbədə ləyaqətli insan kimi ətrafdakıların hörmətini qazanmışdır. Bu gün keçdiyi yola nəzər salan professor Əhməd  Hacıyev deyir: “İndiyə qədər elmdə hər hansı nailiyyət qazanmışamsa, buna görə müəllimlərimə minnətdaram. Lakin bir insan, bir azərbaycanlı kimi həmişə özümü xalqıma, vətənimə borclu bilmişəm. 1993-cü ildə böyüyüb boya-başa çatdığım Cəbrayıl rayonu erməni faşistlərinin işğalına məruz qalanda həyatımın ən ağrılı-acılı günlərini yaşadım. Lakin ürəyimdə dərin inam da yaşayırdı ki, ulu Tanrının bizə göndərdiyi hünərli xilaskarın rəhbərliyilə təkcə Cəbrayıl rayonu deyil, işğal altında olan bütün torpaqlarımız yağı düşməndən təmizlənəcək, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Xoşbəxt insanam ki, bu günü görmək mənə nəsib olur. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyilə torpaqlarımız işğaldan təmizlənir, ali ədalət öz yerini tutur”.

Bu günlərdə 70 yaşını qeyd edən professor Əhməd Hacıyev elmi fəaliyyətini davam etdirir. Çalışdığı akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işlər  üzrə direktor müavini kimi bu elm ocağının Azərbaycan elminə yeni-yeni töhfələr verməsi yolunda əlindən gələni əsirgəmir.

Əhməd müəllimə bu yorulmaz və gərəkli fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.    

Ulduz HƏŞİMOVA, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: