www.science.az
23.11.2020 17:28

Akademik Rafael Hüseynov “Nəcib söhbətlər” verilişinin qonağı olub

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mədəniyyət kanalında yayımlanan “Nəcib söhbətlər” verilişinin qonağı olub.

Azərbaycanı qələbəyə aparan yoldan bəhs edən akademik Rafael Hüseynov öncə verilişin ərsəyə gəldiyi “Qarabağ” studiyasında qalib ölkənin vətəndaşı kimi iştirak etməkdən məmnunluğunu dilə gətirib.

O, Azərbaycanın görkəmli mütəfəkkir şairi və dramaturqu Hüseyn Cavidin 1918-ci ildə, müharibənin davam etdiyi bir zamanda başına gələn hadisələrdən, əsir düşməsindən və təsadüf nəticəsində sağ qalmasından danışıb. Qeyd edib ki, məhz bu hadisələrdən sonra, həmin ildə H.Cavid “İblis” pyesini yazıb, bir filosof və humanist insan kimi ədalətsiz müharibələrə dair düşüncələrini ifadə edib.

Rafael Hüseynov bu əsərdən ilhamlanaraq ərsəyə gətirdiyi “İblisin etirafı” adlı radiopyesində də dünyada müasir iblisliyin bir çox rəzalətlərindən söhbət açıldığını vurğulayıb.

Akademik Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki tarixi qələbəsindən söz açaraq, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Azərbaycan ordusunun 6 həftəlik döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini deyib: “Azərbaycan dövlətinin gücü 30 il ərzində qırılması mümkünsüz görünən zənciri qıra bildi, bu qələbə Azərbaycan insanının içindəki qürür və fəxarət hissini daha da artırdı, milləti millət edən dəyərlər arasında əsas yer tutan bayrağımızı ən uca zirvələrə yüksəltdi”. 

Verilişdə akademik Rafael Hüseynov, həmçinin ölkəmiz Avropa Şurasına qəbul olunduqdan sonra “Qafqazın konservatoriyası” adlandırılan Qarabağda Azərbaycanın maddi-mədəniyyət nümunələrinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışıb.

Dünyada özünütəsdiqin ən kəsə yollarından birinin mədəniyyət olduğunu vurğulayan direktor məhz bu səbəbdən ermənilərin Dağlıq Qarabağdakı qədim Alban abidələrinin, Azıx mağarasının mənimsənilməsi, onların dağıdılması və qəsb edilməsi ilə məşğul olduqlarını vurğulayıb.

Rafael Hüseynov bu il 80 illiyi qeyd olunacaq Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Qarabağla bağlı yer alan mühüm eksponatlardan da söz açıb. O, Nizami Muzeyinin Qarabağ bölgəsində tarixən mövcud olmuş ədəbi mühiti, həmin bölgədən çıxmış söz ustalarının irsini araşdaran "Natavan" adına Qarabağ filialının vaxtilə Şuşada fəaliyyət göstərdiyini və yaxın zaman ərzində yenidən bərpa olunacağını diqqətə çatdırıb.

“İnanıram ki, bu qələbənin əks-sədası Azərbaycan insanını gələcəyə inamla addımlamağa sövq edəcək. Qələbədən sonra hər birimiz yazıb-yaratmağa daha da həvəs göstərəcəyik. Yaxın gələcəkdə Qarabağın səsi dünyanın hər nöqtəsindən gələcək və bütün dünya ermənilərin xarabalığa çevirdiyi Qarabağda Azərbaycanın yaradacağı gülüstanın şahidi olacaq”, – deyə akademik fikirlərini yekunlaşdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.