www.science.az
24.11.2020 14:19

AMEA Rəyasət Heyətinin bəyanatı

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixində keçirilmiş növbəti iclasının yekdilliklə qəbul edilmiş qərarına əsasən ilk növbədə işində yol verdiyi ciddi nöqsanlara, həmçinin cəmiyyətdə tanınan şəxslərin məqalələrini mənimsəyərək öz imzası ilə təqdim etdiyi də nəzərə alınmaqla AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru tutduğu vəzifəsindən azad edilmişdir. Lakin törətdiyi əməllərdən peşman olmaq, MEK kollektivindən, ona vaxtilə etimad göstərmiş AMEA Rəyasət Heyətinin üzvlərindən, həmçinin yazılarını mənimsədiyi şəxslərdən üzr istəmək əvəzinə Sevil Zülfüqarova “Facebook” sosial şəbəkəsi vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək, özünün guya haqsız yerə işdən kənarlaşdırıldığına dair yalan məlumatlar yayaraq ictimaiyyəti aldatmağa çalışmışdır. Çox təəssüf ki, bəzi KİV-lər sensasiya yaratmaq və özlərinin xəbər lentini doldurmaq məqsədilə heç bir yoxlama və dəqiqləşdirmə aparmadan Sevil Zülfüqarovanın əsassız fikirlərini tirajlamış, ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olmuşlar. Bu səbəbdən də Sevil Zülfüqarovanın MEK-in direktoru vəzifəsindən azad edilməsinə dair Rəyasət Heyətinin göstərilən qərarının səbəbləri haqqında cəmiyyətə ətraflı məlumat verilməsi zərurəti yaranmışdır.

Ölkə ictimaiyyətinin diqqətinə çatdırırıq ki, Sevil Zülfüqarova 2020-ci il mart ayının 5-də AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunmuş, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən ona qurumun inzibati idarəçiliyində, maliyyə-təsərrüfat sistemində və kitab fondlarında əvvəlki dövrlərdən qalan qüsurları aradan qaldırmaq, iş mühitini sağlamlaşdırmaq, kitabxana işini müasir dövrün tələblərinə uyğun yenidən qurmaq vəzifələri tapşırılmışdır. Lakin çox təəssüf ki, Sevil Zülfüqarova AMEA prezidentinin tapşırıqlarını, həmçinin Rəyasət Heyəti üzvlərinin tövsiyələrini qulaqardına vurmuş və direktor vəzifəsinin icrasına başladıqdan qısa müddət sonra sələflərinin vaxtilə yol verdiyi xətaları təkrarlamaq yolunu tutmuşdur. Belə ki, kitabxana personalına qarşı kobud rəftar və əsassız təzyiqlər, mükafatların yazılması zamanı ayrıseçkilik hallarına yol verilməsi səbəbindən əməkdaşların bir qismi şikayətçi olmuş, az sonra onlara məhəl verilmədiyini görərək bu qurumdakı əmək fəaliyyətlərinə xitam vermişlər. Xatırladaq ki, Sevil Zülfüqarovanın MEK-ə rəhbərlik etdiyi 2020-ci ilin mart-noyabr ayları ərzində qurumun ümumilikdə 28 əməkdaşı işdən kənarlaşdırılmışdır. Onların böyük əksəriyyətinin əmək müqaviləsinin bitməsini əsas gətirən S.Zülfüqarova heç bir ciddi səbəb gətirmədən pandemiya dövründə müqavilələri uzatmaqdan imtina etmişdir. Dövlət başıçısının pandemiya dövründə vətəndaşların əsassız şəkildə işdən çıxarılmasının yolverilməzliyi haqqındakı tövsiyə və tapşırıqlarını nəzərə almayan Sevil Zülfüqarova şəxsi kaprizləri səbəbindən bir sıra əməkdaşların fəaliyyətinə xitam vermişdir.   

Əsassız şəkildə işdən kənarlaşdırılan əməkdaşların bir qismi AMEA rəhbərliyinin ünvanına Sevil Zülfüqarovanın dözülməz davranışına dair xeyli sayda şikayət məktubları, müraciətlər ünvanlamışlar. Qeyd edək ki, Sevil Zülfüqarovanın özbaşınalıqlarına dair eyni məzmunlu məktublar Prezident Administrasiyasına və digər dövlət qurumlarına da ünvanlanıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə kitabxana əməkdaşlarının müraciətlərinə baxılmış, şikayətçilərin hüquqlarının qorunması istiqamətində qərarlar qəbul edilmişdir. Nəticədə Sevil Zülfüqarovanın əsassız şəkildə işdən kənarlaşdırmağa çalışdığı əməkdaşlar iş yerlərində saxlanılmış, mükafatları kəsilən əməkdaşların ödənişlərinin verilməsi təmin olunmuşdur. Həmçinin Sevil Zülfüqarovaya öz fəaliyyətində dönüş yaratması, iş şəraitini sağlamlaşdırması üçün AMEA rəhbərliyi tərəfindən şifahi xəbərdarlıq edilmişdir.

Ancaq Sevil Zülfüqarova nəinki baş verənlərdən nəticə çıxarmamış, əksinə, rəhbərlik etdiyi qurumun statusunu və nüfuzunu nəzərə almadan, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq yaxın qohumları – qayınanası 66 yaşlı Zemfira Zamanovanı, qızı ikinci kurs tələbəsi Könül Hüseynovanı, bacısı qızları, müvafiq olaraq ikinci və üçüncü kurs tələbələri Duyğu Məmmədovanı və Həmidə Məmmədovanı, bacısının əri Sabir Məmmədovu, yaxın rəfiqəsi Hicran Məmmədlini işə götürmüşdür. Bu qərarları verərkən çox güman ki, Sevil Zülfüqarova rəhbərlik etdiyi qurumun ailə şirkəti deyil, dövlət büdcəsindən maliyyələşən təşkilat olduğunu unutmuş, öz sələfinin xoşagəlməz addımlarını daha ciddi miqyasda təkrarlamışdır.

19 sentyabr 2020-ci il tarixində Sevil Zülfüqarova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə məktub ünvanlayaraq öz sələfləri dövründə, daha dəqiq desək, 2014-2019-cu illər ərzində Mərkəzi Elmi Kitabxanadan 70 tondan çox kitabın qanunsuz olaraq yoxa çıxdığına, 5 milyon nüsxə olan kitab fondunun 1,5 milyona qədər azaldığına, xeyli sayda kompüterlərin oğurlandığına dair məlumat təqdim edərək, araşdırma aparılmasını xahiş etmişdir. Dərhal AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı əsasında AMEA Rəyasət Heyətinin peşəkar və təcrübəli əməkdaşlarından ibarət komissiya formalaşdırılmış və komissiya üzvlərinə kitabxananın 2014-2020-ci illər ərzindəki maliyyə-təsərrüfat fəaliyyətinin, sənədləşmə və kadr işinin, həmçinin kitabxana fondlarının vəziyyətinin əsaslı şəkildə yoxlanılmasına dair tapşırıq verilmişdir. Qeyd etməliyik ki, Sevil Zülfüqarova komissiyanın onun fəaliyyət dövrünü də yoxlamasına etiraz etmiş, onun üzvlərinin fəaliyyətinə ciddi şəkildə əngəllər törətməyə cəhd göstərmişdir. Nəticədə komissiya üzvləri ilə Sevil Zülfüqarova arasında mübahisə yaranmış və sonuncu AMEA Rəyasət Heyətinin əməkdaşlarını təhqir edərək, onlardan MEK-in binasını tərk etmələrini tələb etmişdir. Təhqir edilmiş komissiya üzvləri Sevil Zülfüqarovanın onları təhqir etmələrinə dair tərtib etdikləri aktı imzalayaraq Akademiya rəhbərliyinə təqdim etmişlər.

Sevil Zülfüqarovanın komissiyanın fəaliyyətinə kobud əngəllər yaratması, onun rəhbərlik etdiyi dövrə dair yoxlamanın aparılmasına etiraz etməsi haqlı narazılığa və şübhələrə səbəb olduğundan məsələ AMEA Rəyasət Heyətinin 5 oktyabr 2020-ci il tarixli növbəti iclasında müzakirəyə çıxarılmışdır. Qəbul edilən qərara əsasən S.Zülfüqarovadan komissiyanın fəaliyyətinə normal şərait yaratması, özünün fəaliyyət dövrünə dair sənədləri komissiya üzvlərinə təqdim etməsi tələb olunmuşdur. Həmçinin komissiyanın bitərəfliyinin təmin edilməsi üçün M.F.Axundov adına Milli Kitabxananın iki peşəkar və təcrübəli kitabxanaçısı da AMEA Rəyasət Heyəti üzvlərinin xahişi ilə yoxlama prosesinə cəlb olunmuşdur.

Bir ay müddətində davam edən yoxlamanın nəticələrinə dair komissiya üzvləri tərəfindən 25 səhifəlik arayış hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunmuşdur. Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixli iclasında yoxlamanın nəticələri geniş müzakirə edilmiş və həqiqətən də 2014-2020-ci illər ərzində Mərkəzi Elmi Kitabxananın fəaliyyətində ciddi nöqsanların olması faktları aşkara çıxarılmışdır. Həmin nöqsanlar arasında bəzi nadir kitabların itməsi, baxımsızlıq və əvvəlki rəhbərliyin etinasızlığı səbəbindən müəyyən sayda kitabın yararsız vəziyyətə salınması, həmçinin kitabxana fonduna daxil olan çoxlu sayda jurnalların, qəzetlərin, avtoreferatların, dissertasiyaların və başqa zəruri nüsxələrin uçotunun aparılmaması, bu günə qədər qeydiyyat işinin yarıtmaz olması, maliyyə-təsərrüfat sahəsində yaranmış pərakəndəlik, kadr və sənədləşmə işində qanun pozuntularına yol verilməsi kimi hallar xüsusilə qeyd olunmalıdır. Bildirmək istəyirik ki, yoxlamanın nəticələrinə əsasən Sevil Zülfüqarovanın guya kitabxanadan 70 ton həcmində 4 milyona yaxın kitabın yoxa çıxdığına dair səsləndirdiyi iddialar öz təsdiqini tapmamış, itmiş kitabların sayının MEK-in direktoru tərəfindən fantastik həcmdə məqsədli şəkildə şişirdildiyi üzə çıxarılmışdır. Belə ki, Komissiya müəyyən etmişdir ki, bütövlükdə Mərkəzi Elmi Kitabxanada və AMEA-nın 40-dan çox elmi-tədqiqat institutunun kitabxanalarında olan ümumi fondun cəmisi 4 milyona çatmır. Belə olduğu halda guya kitabxanada 4 milyon kitabın yoxa çıxması haqqındakı fikirlər absurd iddiadan başqa bir şey deyildir. Yoxlama ilə, həmçinin MEK-də müasir elektron kitabxananın yaradılması istiqamətində 2014-2019-cu illər ərzində hər hansı əhəmiyyətli işin görülmədiyi aşkar edilmiş, bu istiqamətdə ayrılan vəsaitlərin səmərəsiz olaraq xərcləndiyi aydınlaşdırılmış, həmin sahədə hüquq-mühafizə orqanlarının apardıqları iş barədə məlumat nəzərə çatdırılmışdır.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, yoxlama komissiyası tərəfindən Sevil Zülfüqarovanın MEK-ə rəhbərlik etdiyi 8 ay ərzində əvvəlki dövrlərdə kadr, sənədləşmə və maliyyə-təsərrüfat sahələrindəki qüsurların nəinki aradan qaldırılmadığı, əksinə, daha da artdığı inkaredilməz faktlarla sübuta yetirilmişdir. Həmin faktların hamısı komissiyanın arayışında öz əksini tapmış və Sevil Zülfüqarova komissiyanın iradlarına aydınlıq gətirə biləcək hər hansı izahat təqdim edə bilməmişdir.

Deyilənlər nəzərə alınaraq, AMEA Rəyasət Heyəti Sevil Zülfüqarovanın öz işində yol verdiyi ciddi nöqsanları, həmçinin cəmiyyətdə tanınan şəxslərin yazılarını öz adına çıxaraq mənimsəməsi faktlarını əsas tutaraq, onun işdən azad olunmasına dair qərar vermişdir. Sevil Zülfüqarovanın yol verdiyi intellektual plagiata dair ətraflı məlumat 23 noyabr 2020-ci il tarixində AMEA-nın rəsmi saytında dərc edilmişdir. Maraqlıdır ki, S.Zülfüqarova öz adına çıxdığı yazıları 20 gündən artıq bir müddətdə MEK-in veb-səhifəsində yerləşdirmiş, həmçinin “Elm” qəzetinə müraciət edərək onların nəşr edilməsini də istəmişdir. Yalnız plagiat hadisəsi üzə çıxdıqdan və buna dair ölkənin bir sıra informasiya agentlikləri və qəzetləri məlumatlar yaydıqdan sonra Sevil Zülfüqarova yazıların MEK saytından çıxarılmasına tapşırıq vermişdir. Vəziyyətdən çıxış yolu kimi o, başqalarına böhtan atmaq yolunu tutmuş, guya bu yazıların məqsədli şəkildə sabiq MEK direktoru Leyla İmanovanın qohumları tərəfindən sayta yerləşdirildiyinə dair gülünc iddialar səsləndirmişdir.

Sevil Zülfüqarovanın özünə gəlincə isə, Rəyasət Heyətinin üzvləri onu bir daha öz törətdiyi əməllərinə və etdiyi təhqirlərə və böhtanlara görə hər kəsdən üzr istəməyə çağırır. Öz nöqsanlarını görmək, onları etiraf etmək və üzr istəməyi bacarmaq şəxsin böyüklüyünü və mənəvi yetkinliyini göstərir. Sevil Zülfüqarova bütün bunları dərk etməli, öz günahlarını başqalarının boynuna atmaq, ictimaiyyəti yalan məlumatlarla çaşdırmaq yolundan əl çəkməlidir. Səhvlərdən nəticə çıxarmadan, islah olmadan cəmiyyətdə alnıaçıq yaşamaq, inkişaf etmək mümkün deyildir.

Yekunda biz mətbuat nümayəndələrini də obyektiv olmağa, yoxlanılmamış və əsassız məlumatları yaymamağa və ictimaiyyəti çaşdırmamağa çağırırıq. Bildiririk ki, bundan sonra AMEA-da şəffaflığın və sağlam iş mühitinin təmin edilməsi istiqamətində fəaliyyət davam etdiriləcək. Dövlət başçısı cənab İlham Əliyevin bütün sahələrdə başladığı genişmiqyaslı islahatlar xətti AMEA-da da ciddi şəkildə həyata keçiriləcəkdir. Hər kəs bilməlidir ki, qüsurlarla mübarizədə hər hansı güzəştdən və istisnadan söhbət gedə bilməz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.