www.science.az
25.11.2020 14:32

Özünü evindəki kimi hiss etmək

Aristotel fəlsəfi düşüncələrində vurğulayır ki, insan danışan canlıdır. İnsanları bir araya gətirə bilən birinci özəlliyi danışa bilir, düşünə bilir olmasıdır. Sonradan elmül mədəni: əxlaq, etika, siyasət politika (Sayn of politika) öz təşəkkülünü tapır. İnsan zoon loqikon olduğu üçün zoon politikondur. Haydqqer də təsdiqləyərək: insan – zoon-loqon-ekon, insan heyvani natiq – danışan canlıdır (zoon loqicon) deyirdi. Dili, sözü varlığın evi sayırdı.

Ərəbcə nutq (danışmaq deməkdir) iki cürdür. Nutqi daxili (düşünüş), nutqi xarici (danışmaq). Cəmiyyəti danışma (ünsiyyət) əmələ gətirir. Digər canlılar da səs çıxara bilər, amma danışa bilməzlər. Danışmaq insana aiddir. Zoon-loqikon heyvani natiq, heyvani mədəni deməkdir. İnsan toplumsal və siyasaldır. İnsanın danışmasında iki özəllik var: heyvani natiq (xarici danışma), heyvani mədəni (iç danışma, düşünmə). Kəlmələr olmadan insan düşünməz. Bu xüsusiyyəti ilə insan  cəmiyyəti yaradır. Düşünüş vasitəsilə biz keçmişimizi və gələcəyimizi planlaşdıra bilirik. Daxili danışma, yəni düşünüşdə axsamalar olanda tarixi yaddaş zəifləyir.  Tarixi dərsləri anlamadan, düşünmədən etibarlı və firavan gələcək qurmaq mümkün deyil. Nitq təfəkkürdən sonra gəldiyi üçün düşüncə, təfəkkür ön plana çəkilməli, sonra isə sözlə, nitqlə tamamlanmalıdır.

Fəlsəfi biliklərimizdən məlumdur ki, idrak iki pillədən ibarətdir. Hissi idrak, məntiqi-rasional idrak. Hissi idrak duyğu, qavrayış və təsəvvürdən ibarətdir. Məntiqi rasional idrak isə anlayış, mühakimə və əqli nəticədən ibarətdir. Duyğularla başlayan dərketmə tədricən anlayışlara yüksəlir. Alman filosofu F.Hegelə görə adi bilik idrakın birinci pilləsində duyğularda ilişib qalır və anlayışları boş qəbul edir. Adi bilik məkan və zamana bağlı olmaqla duyğuların əsirinə çevrilərək xarici dünyadan yapışır. Burada, indi və s. hansı ki, xarici dünyada məkan və zaman daim dəyişir. Heraklitin “Bir çaydan iki dəfə keçmək olmaz” kəlamını yada salmaq olar. Yəni hər şey axır, dəyişir. Burada olan orada olur, indi artıq keçmişə çevrilir. Məkan və zaman dəyişdiyinə görə duyğuların həqiqəti də dəyişir. İmmanuel Kant yazırdı: “Duyum düşünə bilməz, anlaq duya bilməz”, yəni ağıl hiss edə bilməz, hiss ağıl edə bilməz. Hissin hiss etdiyi xəyal vasitəsilə yuxarıya doğru ağlın ağıl etməsi üçün itələnir. Məsələn, biz Əhməd insandır deyəndə Əhmədi görürük duyğularımızla. İnsanı isə görmürük. İnsanı düşünə bilirəm, ancaq duyğu üzvlərimlə: gözümlə görə, burnumla qoxulaya bilmirəm, çünki o, bir anlayışdır. Əhmədi isə əksinə. Duyğulu olanların əsas şərti tək olmasıdır. Onlar haqda bilgiyə sahib olsaq belə, konkret şəxslər haqda bilgilərə sahib oluruq. İmmanuel Kant duyğulardan uzaq anlayışları boş, duyğularla qurulan əlaqəni isə kor adlandırırdı. Beləliklə, duyğularsız anlayışlar boş, anlayışlarsız duyğular kordur. Həqiqət isə obyektiv gerçəkliyin subyektdə adekvat inikasıdır. Yəni xaricdən alınanla zehində olanın vəhdətidir. Onları bir araya gətirən xəyaldır. İdrakın birinci pilləsindən ikinciyə yüksəlməsi xəyal vasitəsilə həyata keçir. İncəsənət bu baxımdan əhəmiyyətli rola malikdir. Fridrix Hegelin “özünü evində hiss etmək” fikrini bu baxımdan belə izah etmək olar. Duyğulardan əl çəkə bilmərik. Eyni zamanda varlığı anlayışlarda tapmalıyıq. İnsan ağılauyğun (ussal) olduğundan ancaq anlayışlara çatanda özünü evindəki kimi hiss edə bilər, əks halda qürbətdədir. Əslində axtardığımız da budur. Evimizi axtarırıq. Xarici dünyanın duyğularında birliyə çata bilmirik, itib batırıq, xəyalda birləşə bilərik, ancaq bu, bir xəyaldır. Özümüzü evimizdə hiss etmək üçün anlayışlara yüksəlmək məcburiyyətindəyik. Duyğulara bağlı bədənsəl gücləri: arzu və öfkə güclərini basdırıb, usa, ağıla bağlı düşüncə gücünə yaxınlaşmalıyıq. O halda özümüzü evimizdə hiss edə bilərik. Hegelin məşhur “ağılauyğun olanlar gerçəkdir, gerçək olanlar ağılauyğundur” kəlamı məhz bunu nəzərdə tuturdu.

Beləliklə, biz bu güc vasitəsilə “özümüzü evimizdə hiss edə bilərik”. Necə ki, Ali Baş Komandan İlham Əliyevin düşüncə gücünə əsaslanan apardığı uğurlu siyasət bizi evimizə, Qarabağımıza qovuşdurdu. Bax budur düşünülmüş, balanslı siyasət. Son iki yüz ildə itirdiyimiz ərazilərdən bir parçasının geri qaytarılması məhz düşüncə gücünün təntənəsidir. Prezidentin nəyi necə, nə vaxt etmək lazım olduğunu söyləməsi problemin düşünülmüş şəkildə uğurla həllini nəzərdə tuturdu. Emosional, çılğın, duyğusal elementlər bəzi ciddi məsələlərin həllini mümkünsüz edir. Geniş və əhatəli düşüncə gücünə, bilik səviyyəsi və dünyagörüşünə görə Ali Baş Komandan həm meydanda, həm də masada üstünlüyünü saxlayaraq xalqının qamətini dikəltdi, başını uca elədi. Bu, çox mühüm məsələdir. İstər Azərbaycanda, istərsə də kənarda yaşayan soydaşlarımızın ruhu təzələndi, inamı artdı. Gələcək daha böyük uğurlarımızın əsası qoyuldu. Ancaq yenə də duyğusal elementlər, yarımçıq təfəkkür, düşünülməmiş, usa, ağıla yetişməyən fikirləri də sezməmək olmur. Bu, bir patologiyadır. Zəif təfəkkürə malik, hər zaman duyğularda ilişib qalan, anlayışlara yüksələ bilməyən bəzi insanlar evini tapa bilmirlər, vurnuxurlar, əl-ayağa ilişirlər. Ona görə Hegelin təbirincə: “qürəba”dırlar. Konfutsinin dəyərli bir kəlamı yada düşür: “Qulluqda olmadığın vaxt dövlət işlərinə qarışma”.    

Səbir sözünün iki anlamı var: itaət və dirəniş. 27 il xalqımız itaət yox, dirəniş göstərdi. Bu illər ərzində bütün mövcud vasitələrdən istifadə edilərək torpaqlarımızı mənimsəmək istədilər. Ancaq ümummilli lider Heydər Əliyev ilk günlərdən bu dirənişin əsasını qoymuşdu. Düşünülmüş siyasət Azərbaycan xalqının gələcək uğurlu qələbəsinin sarsılmaz özülləri üzərində yürüdülürdü. Daxili sabitlik, iqtisadi layihələrlə həm daxili iqtisadi dirçəliş, həm də xarici əlaqələr – bütün bunlar düşüncə gücünün təntənəsi idi. Ümummilli liderin dirənişi,  zamanı qabaqlayaraq işıqlı gələcəyə istiqamətlənən siyasəti bu gün öz bəhrəsini verdi. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inamla davam etdirərək, ata vəsiyyətini ləyaqətli şəkildə yerinə yetirdi. Düşüncə tarixində xalqımızın mənəviyyatının əsasını təşkil edən, keçmişinə hörmət, sayğı, gələcəyə inam kimi müqəddəs varislik prinsipləri bir lider timsalında xalqın mənəvi saflığının simvoluna çevrildi.

Bəli, indi xalqımız özünü evində hiss edir. Elin bu başı, o başı olmur. Qarabağdan didərgin salınmış soydaşlarımızın ağrı-acısını bütün xalqımız çəkirdi. Hər kəs özünü didərgin hesab edirdi. Yaradılan hər cür şərait mənəvi boşluqda itib-batırdı. Qələbə sevincini eşidən gündən “həsrət nə qədər uzun olarsa, vüsal bir o qədər şirin olar” el kəlamının həqiqətini içimizdə hiss edirik. Bununla da xalqımızın hər zaman toparlanma potensialının şahidi olduq. Bu xalq hər zaman öz liderini yetişdirmək qabiliyyətini növbəti dəfə göstərdi. İndi düşüncə insanlarının fikirlərinə əsaslanaraq əmin ola bilərik ki, duyğularımızı anlayışlara yüksəltmək qüdrətindəyik. Belə olan halda həmişə özümüzü evimizdə hiss edəcəyik. 

Namiq ABBASOV, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.