Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutu cari ili uğurla başa vurur
25.11.2020 15:26
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutu cari ili uğurla başa vurur

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

İclası müəssisənin direktoru, şuranın sədri, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra Qafqazşünaslıq İnstitutunun 2020-ci ildə aparılmış elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatı dinlənilib.

Hesabatı təqdim edən M.Qasımlı bildirib ki, cari ildə Qafqazşünaslıq İnstitutunda ölkə başçısı tərəfindən imzalanmış sərəncam və fərmanlar, eləcə də Dövlət Proqramları, Nazirlər Kabinetinin, həmçinin AMEA Rəyasət Heyətinin qərarları çərçivəsində tədqiqatlar aparılıb. Hesabat ilində Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”ndan, AMEA-nın Ümumi yığıncağının 28 dekabr 2019-cu il tarixli “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında qərarından irəli gələn vəzifələri rəhbər tutaraq başlıca fəaliyyət və tədqiqat istiqamətləri müəyyənləşdirilib, işlər yerinə yetirilib.

M.Qasımlı diqqətə çatdırıb ki, koronavirus pandemiyasının yaratdığı çətin şəraitə baxmayaraq, müəssisə fəaliyyətini uğurla davam etdirib, 2 elmi istiqamət üzrə 5 mövzuya dair 16 tədqiqat işi aparılıb. Birinci istiqamətə daxil olan mövzularda Qafqaz dövlətlərinin ictimai-siyasi və digər problemlərinin, ikinci istiqamətə daxil olan mövzularda isə böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasətinin araşdırılması qarşıya məqsəd olaraq qoyulub.

Hesabat ilində institut əməkdaşlarının ABŞ-da (1), Türkiyədə (1), Azərbaycanda (6) kitab və 4 tədris-metodiki vəsaiti çap olunub. 52-si xarici ölkələrdə (Çili, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Ukrayna, Avstriya) olmaqla 111 məqalə və tezis, internet saytlarında və qəzetlərdə isə 169 məqalə dərc etdirilib. Ümumilikdə, bir il ərzində institut əməkdaşlarının işıq üzü görən əsərlərinin sayı 293 olub. Bundan əlavə, impakt faktorlu jurnallarda 9 məqalə dərc edilib. Türkiyə, Rusiya, Çili, Ukrayna, Qırğızıstan, Moldova və digər ölkələrin alim və tədqiqatçıları müəssisə alimlərinin əsərlərinə 38 dəfə istinad ediblər.

Diqqətə çatdırılıb ki, həm M.Qasımlının həmmüəllifliyi ilə ABŞ-da çap edilmiş “Postsovet münaqişələri: otuz illik böhranlar” kitabında, həm siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovanın Türkiyədə ingilis dilində nəşr olunan “Regional münaqişələrin həll edilməsi problemləri: BMT-də islahatlar” kitabında, həm də nüfuzlu elmi bazalarda indeksləşən impakt faktorlu jurnallarda institut əməkdaşlarının dərc etdirdiyi məqalələrdə Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması, Ermənistanın ölkəmizə qarşı uzun illər ərzində davam etmiş hərbi təcavüzü və işğalçılıq siyasətinin ifşa olunması əsas məqsəd kimi qarşıya qoyulub.

Hesabat dövründə M.Qasımlının başçılığı altında institutun bir qrup əməkdaşının hazırladığı irihəcmli “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr – XXI əsrin əvvəlləri)” adlı fundamental kitabda isə ermənilərin Gürcüstana qarşı fəaliyyəti mənbələr əsasında araşdırılıb.

2020-ci ildə Azərbaycan, rus və ingilis dillərində “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk sayı işıq üzü görüb və beynəlxalq sertifikatlaşdırma indeksi alıb. Həmçinin 2019-cu ildə keçirilmiş Qafqazşünasların II beynəlxalq forumunun materialları (2 cilddə) nəşr edilib.

Hesabat dövründə institut əməkdaşları 34 beynəlxalq (ölkədə - 10, xaricdə - 24) və 7 respublika elmi konfranslarında 41 məruzə ilə çıxış ediblər. Bildirilib ki, Qafqazşünaslıq İnstitutunun alimləri ABŞ, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən müxtəlif elmi cəmiyyətlərin, beynəlxalq və yerli elmi jurnalların redaksiya heyətlərinin üzvləridirlər.

Kadr hazırlığı məsələlərinə də toxunan M.Qasımlı qeyd edib ki, 2020-ci ildə əməkdaşlardan 1 nəfərin dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib, 2 nəfərin fəlsəfə doktoru dissertasiya işi isə müdafiəyə tövsiyə edilib. Hazırda 3 nəfər elmlər, 1 nəfər fəlsəfə doktoru dissertasiyası üzərində işləyir, 2 mütəxəssis isə magistratura təhsili alır.

Vurğulanıb ki, müəssisənin Qadınlar Şurasının sədri, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva AMEA-nın elmi və ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif olunub. Şimali Qafqaz şöbəsinin elmi işçisi, Gənc  Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva “Web of Science” tərəfindən təşkil edilən 3 vebinarda, Qafqaz siyasi şöbəsinin elmi işçisi Yeganə Baxşıyeva isə Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə “Bridge2ERAEAP” adlı təlim proqramında iştirak edib və sertifikatlar əldə ediblər.

Qeyd olunub ki, Vətən müharibəsi günlərində qurumun əməkdaşları müxtəlif platformalarda ingilis, rus, türk, fars, gürcü, erməni dillərində Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması işində iştirak edib, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə köçürüb, qanvermə aksiyalarına qatılıb, bəzi əməkdaşlar isə müharibədə iştirak etmək üçün könüllü olaraq müvafiq strukturlara müraciət ediblər.

Hesabat ətrafında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və şura üzvləri çıxış edərək institutun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: