Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Alim və yazıçı yaradıcılığının zirvəsində
27.11.2020 10:21
  • A-
  • A
  • A+

Alim və yazıçı yaradıcılığının zirvəsində

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Xalq yazıçısı, Əməkdar elm xadimi, Azərbaycan Dillər Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Kamal Abdulla çağdaş elmimizin və ədəbiyyatımızın müstəsna simalarındadır.

Dilçilik sahəsində də, ədəbi və ictimai mühitdə də əvəzsiz xidmətləri, mühüm yeri və rolu Kamal Abdullanın çoxşaxəli fəaliyyətinin hansısa istiqamətinə üstünlük vermək, onları fərqləndirmək olmur. Odur ki, mən Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyi ərəfəsində qələmə aldığım bu kiçik məqalədə onun zəngin fəaliyyət yolunun yalnız müəyyən məqamlarına diqqət yetirmək istəyirəm.

Kamal Abdulla hələ 26 yaşında ikən filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. O, aspiranturanı müvəffəqiyyətlə başa vuraraq 1977-ci ilin ilk ayında Moskvada müdafiə edib. Onun “Sintaktik paralelizm (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə)” mövzusunda yazdığı dissertasiya işini dünyada nüfuz qazanan tanınmış türkoloq alimlər yüksək qiymətləndirmişlər.

Kamal müəllim Moskvada - SSRİ Elmlər Akademiyasında qalıb işləmək təklifi alsa da, o, doğma vətəninə - Azərbaycana qayıdıb burada fəaliyyət göstərməyi, milli elmimizin, ədəbiyyatımızın inkişafı üçün çalışmağı üstün tutmuşdu. Və elə həmin ildən Azərbaycan SSR Elmlər Akademiyası Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsinə (indiki Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi) işə qəbul edilmişdi. Burada kiçik elmi işçi vəzifəsindən şöbə müdirliyinədək yüksəldi.

Kamal Abdulla 1984-cü ildə “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Həmin dövrdən Kamal Abdulla fəaliyyətini Azərbaycanın təhsil sisteminə bağlayıb. Üç il Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1990-cı ildən 1993-cü ilədək M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu Ümumi və rus dilçiliyi kafedrasının müdiri olub. Bundan sonra daha 7 il yenidən Dillər Universitetinin həmin kafedrasına rəhbərlik edib.

Ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə Kamal müəllim 2000-ci ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna rektor təyin edilib. Sonra həmin institutun bazasında Bakı Slavyan Universiteti yaradılır və Kamal Abdulla yeni təşkil olunmuş təhsil müəssisəsinin rektoru olur. Akademik Kamal Abdulla uzun illər bu ali məktəbə şərəflə, bacarıqla  rəhbərlik edib. Hazırda isə Azərbaycan Dillər Universiteti onun rektorluğu ilə özünün yüksək inkişaf dövrünü yaşayır.

Kamal müəllim hansı vəzifədə çalışmasından asılı olmayaraq, ilk dəfə əmək fəaliyyətinə başladığı akademiyanın Dilçilik İnstitutunu unutmayıb. Rektor işləyərkən də, Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi olarkən də daim əlaqə saxlayıb, institutun fəaliyyəti ilə maraqlanıb. Elə indinin özündə də bir akademik, beynəlxalq “Türkologiya” jurnalının baş redaktoru kimi, Dilçilik İnstitutu ilə sıx təmasdadır.

Müqəddəs abidələrimizdən sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının tarixinin, dilinin öyrənilməsi barədə ciddi araşdırmalar aparan görkəmli türkoloq alim Kamal Abdullanın “Gizli Dədə Qorqud” (Bakı, Yazıçı, 1991), “Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud” (Bakı, Mütərcim, 2009), “Введение в поэтику «Китаби-Деде Коркуд” (Москва, Художественная литература, 1981) adlı kitabları ədəbiyyatımız, elmimiz üçün son dərəcə dəyərli mənbələrdir.

Ədəbi-bədii yaradıcılığna gəlincə, cəsarətlə deyə bilərəm ki, Kamal Abdulla nəinki Azərbaycan ədəbiyyatına, ümumiyyətlə, dünya ədəbiyyatına yenilik gətirən yazıçılarımızdandır. Onun böyük istedadı, yüksək intellekti, tükənməz enerjisi sayəsində ərsəyə gələn əsərlərinin hər biri haqqında mütəxəssislər geniş rəylər söyləmiş, onları ətraflı təhlil etmişlər. Bu əsərlərin əksəriyyətində yaddaş probleminin fəlsəfəsi açılır. Ənənələr inkar olunmamaqla yeniliklər ön plana çəkilir. Buna görə də Kamal Abdullanın bədii yaradıcılığı Azərbaycandan çox-çox uzaq ölkələrdə rəğbətlə qarşılanır. Ona böyük şöhrət qazandıran “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti” romanları dünya ədəbiyyatının nadir inciləri sırasında layiqli yer tutur. Onun demək olar ki, bütün romanları, hekayələri, esseləri müxtəlif dillərə tərcümə olunaraq, bir sıra xarici ölkələrin nüfuzlu nəşriyyatlarında böyük tirajla çap edilib.

Onun romanları və digər janrlarda qələmə aldığı, müasir dünyanın nəbzini tutan başqa əsərləri şəffaf düşüncə, möhkəm iradə, təmiz şüur və yaddaşın məhsulu olduğu üçün Azərbaycanın hüdudlarını böyük sürətlə adlayıb, ədəbiyyat, kitab qədri bilən, dəyəri qiymətləndirən xarici oxuculara öz dillərində təqdim edilib. Əlbəttə, bu, təkcə müəllifin özünə yox, bütün Azərbaycana, ədəbiyyatımıza başucalığı gətirir.

Onun yaradıcı əməyi, ictimai-siyasi, kulturoloji fəaliyyəti o qədər dolğun və cığıraçandır ki, bunların bütün istiqamətləri indiyədək olduğu kimi, geniş tədqiq edilməlidir: həm elmi cəhətdən, həm də yeni ədəbi təmayül kimi.

Ədəbiyyatımızda yeni mərhələdən xəbər verən, Dədə Qorqud və Şah İsmayıl dövrlərindən bəhs edən “Yarımçıq əlyazma” romanı respublikamızda iki dəfə 2004-cü ildə nəşr edilib. 2013-cü ildə isə təkrar çap olunub. Bu tarixi roman 12-dən çox xarici ölkələrdə kütləvi tirajla işıq üzü görüb. Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya və sair ölkələr onların sırasındadır.

Xalq yazıçısı Kamal Abdullanın müxtəlif illərdə Türkiyə, Rusiya, Litva, Qazaxıstan, Fransa, Yaponiya, İran, ABŞ, İtaliya, Rumıniyada çap olunmuş “Sehrbazlar dərəsi” romanı bu yaxınlarda Almaniyada da nəşr edilib, “Amazon”, “Booklooker” və “Epubli” kimi böyük kitab satışı saytlarında yayımlanıb.

Xalq yazıçısı, akademik Kamal Abdulla şəxsiyyət olaraq ali keyfiyyətlərə sahib, sadə, təvazökar, təmənnasız, xeyirxah insandır. Kamal müəllim akademik-katib olanda da, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışarkən də, rektor kimi də özünəməxsus insani keyfiyyətlərini, xüsusiyyətlərini daima ön planda, ucalıqda saxlayıb.

Kamal müəllim rəhbərlik etdiyi ali məktəbin tələbələrinin də etibarlı dayağıdır, ustad pedaqoqdur. Şahid olan hər kəs tərəddüdsüz təsdiqləyər ki, Kamal müəllim yüksək mədəni davranışı, sadəliyi, mehriban münasibətilə kollektivin və tələbələrin sevimlisidir, daima onları təmkinlə dinləyir, ortaya çıxan məsələlərin çevik və effektli həllinə nail olur.

Akademik Kamal Abdullanın dilçilik, ədəbiyyat, mədəniyyət sahəsindəki uğurları, ictimai-siyasi fəaliyyəti dövlət və hökumətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ali mükafatlar və fəxri adlarla təltif edilib.

1999-cu ildə tarix və mədəniyyət abidələrimizdən olan “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqindəki xidmətlərinə görə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına layiq görülüb. Rusiya Federasiyasının Puşkin medalı, Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafındakı roluna görə “Karl Kramej” medalı, “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin əsəri” mükafatı, həmin əsərə görə İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatı və onlarca bu cür orden və medallarla təltif olunan Kamal Abdulla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeninə, 2019-cu ildə isə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

Böyük ədibimiz, Azərbaycan və dünya elminin görkəmli nümayəndəsi olan Xalq yazıçısı, akademik Kamal Abdullanı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram.

Aynel MƏŞƏDİYEVA AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent

"525-ci qəzet"

  • Paylaş: