Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir
02.12.2020 15:18
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

AMEA-nın Yüksək Texnologiyalar Parkı yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu olan ərazidir.

Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən və 20 hektardan çox sahəsi olan texnopark ərazisinin genişliyi rezidentlərin sayını artırmağa imkan verir. Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq qurumun əsas məqsədlərindəndir.

Hazırda Yüksək Texnologiyalar Parkının infrastrukturunun gücləndirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Burada innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şərait mövcuddur.

Həmçinin YT Park elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini (ƏDV) ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Yüksək Texnologiyalar Parkının rezidentləri zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xətləri ilə təmin olunurlar. Bu da sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə imkan yaradır.

Texnopark elm və innovasiya yönümlü yerli şirkətləri rezident olmağa, yaradılmış imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edir.

Rezident olmaq istəyən namizədlər üçün Yüksək Texnologiyalar Parkının www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.

Əlaqələndirici şəxs: Zaur Nəhmətov

Əlaqə nömrələri: (+994 12) 376 67 56 (daxili 103), (+994 50) 210 44 65

E-mail: office@ameaytp.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: