Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin müəssisələri hesabat verir
03.12.2020 11:07
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin müəssisələri hesabat verir

AMEA-nın Naxçıvan Bölməsində Təbii Ehtiyatlar və Bioresurslar institutlarının 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq hər iki institutun fəaliyyətlərini yüksək qiymətləndirib və qarşıya qoyulan vəzifələrə nail olunduğunu söyləyib.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək bildirib ki, hesabat ilində müəssisədə 1 istiqamət, 1 problem və 1 mövzu, 7 iş üzrə 20 mərhələdə tədqiqatlar aparılıb. Qeyd edib ki, 2020-ci il ərzində institut əməkdaşları Naxçıvan Muxtar Respublikasının mineral xammalının kompleks emalının elmi və praktik əsaslarının işlənməsi, çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu ilə ayrılmasının nəzəri və praktik əsaslarının işlənib hazırlanması, yerli xammallar əsasında Günəş enerji çeviricilərində istifadə edilən birləşmələrin alınması, onların fiziki parametrlərinin və xassələrinin müəyyən edilməsi, həmçinin təbii sərvətlərin öyrənilməsi istiqamətində araşdırmalar aparıb və bir sıra uğurlu nəticələr ediblər. Həmçinin elmdən-istehsalata tətbiqyönümlü işlərin davam etdirildiyi vurğulanıb.

Alimin sözlərinə görə, Şorsu müalicəvi palçıqdan 350 ədəd “Şorsu palçığı” hazırlanıb və 247 ədəd yaş “Şorsu” palçığı, 30 ədəd quru “Şorsu palçığı” satış üçün AMEA Naxçıvan Bölməsinin Yaşıl aptekinə verilib. Bundan əlavə, zəy və yuyucu toz istehsalı üçün tədqiqat işlərinin davam etdiyi, istehsal prosesi üçün məqsədyönlü addımların atıldığı qeyd olunub.

Məruzəçi Təbii Ehtiyatlar İnstitutunun respublikanın bir sıra elmi qurumları ilə yanaşı, Rusiya və Türkiyənin nüfuzlu tədqiqat mərkəzləri ilə əlaqələri genişləndirdiyini söyləyib.

Hesabat dövründə institut əməkdaşlarının 93 elmi əsəri, о cümlədən 4 kitab, 63 elmi məqalə, 26 konfrans materialı dərc olunub. Əsərlərdən 1 kitab, 22 mə­­qalə, 9 konfrans ma­terialı xaricdə nəşr edilib. Hesabat dövründə 16 əsərə istinad qeydə alınıb.  Məqalələrin 6-sı “Clarivate Analytics” (Thomson Reuters) olmaqla, 13-ü im­pakt faktorlu jurnallarda işıq üzü görüb.

Daha sonra bölmənin Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov təmsil etdiyi müəssisədə cari il ərzində planauyğun olaraq bir istiqamət, bir problem və bir mövzu üzrə 26 mərhələdə 11 işin yerinə yetirildiyini bildirib. Qeyd edib ki, il ərzində Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən 1 monoqrafiya, 2 kitab, 1 metodik vəsait, 95 elmi məqalə və 44 konfrans ma­te­rialı olmaqla, ümumilikdə 143 elmi əsər çapdan çıxıb. Məqalələrdən 29-u, konfrans materiallarından isə 18-i xaricdə nəşr olunub. Elmi məqalələrdən 11-i “Clarivate Analytics” (Thomson Reuters) indeksli jurnallarda olmaqla, 31-i impakt faktor­ludur. Əsərlərin 28-i xaricdə olmaqla, 77-si beynəlxalq kodlu jurnalda çap olunub. İnstitut əməkdaşları tərəfindən, həmçinin bir xəritə və bir buklet tərtib edilib.

Bundan əlavə, AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən seleksiya yolu ilə alınmış 7 üzüm, 2 noxud və 1 arpa sortu, eləcə də “Nərgizi”,” Əlincə”, “Qəhvəyi kişmişi”, “Bənəniyar”, “Oğuz”, “Milax” və “Naxçıvan muskatı” adlı yeni üzüm sortlarının kənd təsərrüfatı məhsulları üzrə istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyatdan keçib.

Tədqiqat dövründə Ümumdünya Təbiəti Mühafizə Fondunun qrant layihələri mü­sa­biqə­sində qalib ol­muş “Naxçıvan Muxtar Respublikasında bəbirin monitorin­qi­nin apa­rıl­ması və onun müh­afizə strategiyası” mövzusu üzrə beynəxalq qrant layihəsinin icrası uğurla davam etdirilib.

Hesabat ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərişi ilə Nəbatat bağı muzeylər siyahısına daxil edilib və Naxçıvan şəhərində yerləşən nazirlik, komitə, idarə müəssisə və təşkilatların qrafik üzrə şənbə günləri Nəbatat bağına gəlişi təşkil olunub.

Həmçinin bu müəssisədə də elmdən-istehsalata tətbiqyönümlü işlərin davam etdirildiyi vurğulanıb. Belə ki, 2020-ci tədqiqat ilində 16 adda dərman qarışıqları paketi, 120 litr gülab istehsal edilib. Bundan başqa, 9 adda dərman bitkilərindən yağ və ekstraktları alınıb. Mövsümü calaq zamanı 100 ədəd göycə, 150 ədəd ərik, 250 ədəd alma, 25 ədəd gilas, 20 ədəd şaftalı tingləri calaq edilib.

Sonda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov çıxış edərək hər iki elmi tədqiqat müəssisəsinin hesabatını yüksək qiymətləndirib və hesabatın qəbul olunmasını təklif ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: