Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Kamal Abdullayevin 70 yaşı tamam olur
04.12.2020 10:46
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullayevin 70 yaşı tamam olur

Bu gün görkəmli alim, Xalq yazıçısı, ictimai xadim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin 70 yaşı tamam olur.

Kamal Mehdi oğlu Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakı şəhər 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əyani aspirantı olub.

K.Abdullayev 1977-ci ildə “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) mövzusunda fəlsəfə, 1984-cü ildə isə “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2007-ci ildə AMEA-nın müxbir, 2014-cü ildə həqiqi üzvü seçilib.

O, 1977-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 1983-cü ildən başlayaraq televiziyada “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub.

1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri, 1988-1990-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-ci ildən Fondun İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 1990-cı ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib. 1994-1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölümünün professoru olaraq fəaliyyət göstərib. 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri kimi işləyib. 2000-ci ilin may ayında M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib. 2000-ci ilin iyun ayında ulu öndər Heydər Əliyevin Sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin olunub. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib. Həmçinin 2011-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışıb.

2014-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib. Həmçinin ölkə başçısının 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin olunub. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib.

2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.

Alim türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmaların müəllifidir. Onun dilçiliyə dair “Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Azərbaycanda rus dili” prof. İlyas Həmidovla birgə, “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” dilçi alimlər ilə birlikdə, “Azərbaycanca danışaq” kimi kitabları var.

Akademikin ədəbiyyatşünaslıq, tənqid və esseistikaya dair “Müəllif – əsər – oxucu”, “Əvvəl – axır yazılanlar”, “Yolun əvvəli və axırı”, “300 azərbaycanlı” kimi kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.

O, qorqudşünaslığa dair “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2”, “Тайный Деде Коркут”, “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” adlı kitabların, “Kitabi-dədə Qorqud” dastanının poetikasına giriş”, “Введение в поэтику “Китаби-Деде Коркуд” adlı monoqrafiyaların müəllifidir.

Kamal Abdullayevin bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap edilib. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

Akademik “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…”, “Sirlərin sərgüzəşti”, “Tarixsiz gündəlik” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı - “Unutmağa kimsə yox”, “Ruh”, “Bir, iki, bizimki!”, “Casus”, “Ruh”, “Все мои печали” nəşr olunub. “Gümüş dövrün sirləri” adlı tərcümə kitabçasının müəllifidir. “Qəribədi, deyilmi?!”, “Nar çiçəkləri” kitablarında müəllifin şeirləri cəmlənib. “Kədərli seçmələr” adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanıb.

2009-cu ildə 10 hekayədən ibarət “Hekayələr”, 2012-ci ildə 17 hekayədən ibarət “Labirint”, 2014-cü ildə “Sirri-zəmanə” adlı hekayələr toplusu, 2014-cü ildə Moskvada “Платон, кажется, заболел…”, 2017-ci ildə “Edam vaxtını dəyişmək olmaz” və s. kitabları işıq üzü görüb.

Akademik Kamal Abdullayev 2015-ci ildə (prof. E.Ə.Nəcəfov ilə həmmüəlliflikdə) “Multikulturalizm” fənni üzrə “Multikulturalizmə giriş” (Bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlayıb. O, “Azərbaycan multikulturalizmi” adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E.Ə.Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir. 2015-ci ildə ADA Universitetində “Azərbaycançılıq” fənnini tədris edib.

300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiyanın müəllifidir.

1999-cu ilin dekabr ayında “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə Kamal Abdullayevə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” adı verilib. 2007-ci ildə Rusiya Federasiyasının “Puşkin” medalı, 2007-ci ildə Azərbaycanda “Humay mükafat”ı, 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, 2007-ci ildə Monitorinq qrupunun “İlin ədəbiyyat adamı”, 2009-cu ildə Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı, 2009-cu ildə Polşa Respublikasının Prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən “Böyük Xaç” kavaler ordeni, 2009-cu ildə Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu, 2010-cu ildə Dədə Qorqud Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı”, “Azərbaycan dünyası” beynəlxalq jurnalının “Vətən övladı” qızıl medalı, 2010-cu ildə III Nəsimi Milli Ədəbiyyat müsabiqəsində “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin ədəbi əsəri” mükafatlarına layiq görülüb.

3 dekabr 2015-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni, 2019-cu ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adı, 10 iyul 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və 19 iyul 2019-cu ildə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə “Azərbaycan diplomatik xidmət orqanları – 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, Moskva Şəhər Pedaqoji Universitetinin və Ural Federal Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür.

Görkəmli akademiki 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: