Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elmin İnkişafı Fondu 2014-cü il üçün əsas qrant müsabiqəsini elan etdi
30.12.2014 00:00
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondu 2014-cü il üçün əsas qrant müsabiqəsini elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2014-cü il üçün əsas müsabiqəsini elan edib.

Müsabiqə elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, maddi-texniki təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, həmçinin qısa müddət ərzində modern elmi cihaz, avadanlıq və qurğularla təchiz olunma yolu ilə əhəmiyyətli elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır.

Müsabiqə çərçivəsində kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin və pilot layihələrin böyük maliyə həcmli qrantlar (100 000 - 500 000 manat) və meqa qrantlar (500 000 manatdan yuxarı), fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, kimya elmləri, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental-tətbiqi, həmçinin innovasiya xarakterli layihələrin kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyə həcmli qrantlar vasitəsilə maliyələşdirilməsi, xüsusi layihələr (konfrans təşkili, kitab nəşrinin dəstəklənməsi) üzrə kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyə həcmli qrantların verilməsi nəzərdə tutulur.

Müsabiqə çərçivəsində qrant maliyələşdirilməsinin cəmi həcmi 4 200 000 manatdır.

Beynəlxalq layihələrə, həmçinin gənc alimlərin iştirak etdiyi, regionlardan təqdim olunmuş layihələrə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 27-si saat 17:00-dək qəbul olunacaq.

2014-cü il üçün əsas müsabiqənin elmi ekspertiza işi 2015-ci ilin ikinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Müsabiqə ilə bağlı ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: