Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA alimləri neft yataqlarının istismarı üsulları ilə bağlı müzakirələr aparıb

AMEA alimləri neft yataqlarının istismarı üsulları ilə bağlı müzakirələr aparıb

Yanvarın 8-də AMEA Rəyasət Heyətində Azərbaycanda neft yataqlarının işlənməsi və istismarı üsulları ilə bağlı müzakirələrə həsr olunmuş görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə neftin istismarı ilə bağlı problemin bütün dövrlərdə aktual olduğunu bildirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bu məsələ ilə bağlı mütəmadi olaraq mühüm tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Akademik Xoşbəxt Yusifzadənin Azərbaycan alimlərinin I Qurultayında çıxışı zamanı səsləndirdiyi “köhnə neft yataqları və mədənlərimizdən qalıq neftin çıxarılması aktual məsələdir” fikrini xatırladan alim neft hasilatının yüksəldilməsi, alimlərimizin bu sahədə araşdırmalarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Akademik qeyd edib ki, ARDNŞ ilə əməkdaşlıq əlaqələri genişləndirilməli və alimlərimiz müvafiq sahədə şirkətə köməyini əsirgəməməlidir. A.Əlizadə X.Yusifzadənin ömrünün yarıdan çoxunu neft sahəsində elmi araşdırmaların aparılmasına sərf etdiyini vurğulayaraq alimlər qarşısında aktual bir məsələ qaldırdığına görə ona təşəkkür edib.

AMEA prezidenti bildirib ki, neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün kimya, biologiya və digər elmlərin nailiyyətlərindən yararlanmaq, nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmaq və ARDNŞ-a öz təkliflərimizi irəli sürməliyik. Bu, həm də neft sahəsində fəaliyyət göstərən mütəxəssislərlə alimlərimizin əməkdaşlığının təmini baxımından əhəmiyyətlidir.

A.Əlizadə, həmçinin AMEA-nın Təcrübə-sənaye zavodunun fəaliyyətindən söz açaraq, bu müəssisəni 1 ay ərzində texnoparka çevirməyin mümkün olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd hər bir alimin öz təcrübəsinə əsaslanaraq böyük maliyə sərf etmədən neftin çıxarılması üçün ən səmərəli üsulu təklif etməsidir.

Sonra AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Zöhhak Abbasov çıxış edərək insitutun hər zaman neftin hasilatı və istismarı məsələləri ilə məşğul olduğunu deyib, qurumun bu sahədə əldə etdiyi təcrübədən, həyata keçirdiyi layihələrdən söhbət açıb. O, institutda əldə olunan təcrübə, yeni təkliflər və görülən işlərə dair AMEA prezidenti adından AR Dövlət Neft Şirkətinə məktub hazırlamağın məqsədəuyğun olduğunu bildirib.

Bakı Ali Neft Məktəbinin əməkdaşı, professor Ramiz Hümbətov qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunduğunu vurğulayaraq xüsusi strukturun yaradılmasının vacibliyini önə çəkib. Bakı Ali Neft Məktəbində texnopark yaratmaq təklifini irəli sürüb.

Akademik Hətəm Quliyev isə öz çıxışında bildirib ki, neft hasilatının artırılması bu gün dünya alimləri qarşısında duran əsas problemlərdəndir. Azərbaycanda da alimlərimiz bu sahədə mövcud problemlərin həlli ətrafında birləşməli, elmi-texniki layihə hazırlamalı, onun idarəetmə üsulunu müəyyənləşdirməlidir. Alim bu istiqamətdə ölkəmizdə böyük elmi potensialın olduğunu da nəzərə çatdırıb.

AMEA-nın müxbir üzvü Elmira Ramazanova neftin istismarı sahəsində əldə olunan təcrübə və mövcud imkanlardan danışıb. Qeyd edib ki, həm yeni maddələrin əldə olunması, həm də idarəetmə üsulları və nanotexnologiyaların tətbiqi baxımından Geologiya İnstitutunun böyük imkanları var. Bu günə kimi istifadə olunmamış neft quyularını bərpa etmək və işə salmaq Azərbaycan elmi qarşısında duran mühüm vəzifələrdəndir.

Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edib. O, böyük potensiala malik texnoparkların salınmasının vacibliyini önə çəkərək neft istehsalı prosesinə online nəzarət və onun idarəetmə sisteminin yaradılmalı olduğunu bildirib. Hazırda neft quyularının istismarı ilə bağlı rəhbərlik etdiyi qurumda səmərəli üsulların tətbiq edildiyini dilə gətirib.

Müzakirələrdə, həmçinin akademik İbrahim Quliyev, ARDNŞ-in müşaviri, texnika elmləri doktoru, professor Eldar Şahbazov, AMEA-nın müxbir üzvü Bağır Süleymanov, Bakı Ali Neft Məktəbinin kafedra müdiri, professor Arif Məmmədzadə və başqaları çıxış edərək neft yataqlarında mövcud olan problemlərin həlli istiqamətində təklif və tövsiyələrini səsləndiriblər.

Sonda akademik Akif Əlizadə AMEA Yer Elmləri Bölməsinin tərkibində müzakirə olunan məsələlərlə bağlı Şuranın yaradılması və tərkibinin seçilməsini təklif edib. Bildirib ki, burada imtahanlar təşkil olunmalı, təklif olunan üsullar müzakirə olunmalı və seçim aparılmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: