Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Kamil Aydazadənin 70 yaşı tamam olur
23.12.2020 12:29
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Kamil Aydazadənin 70 yaşı tamam olur

Bu gün ölkəmizdə informatika elminin inkişafında mühüm xidmətlər göstərən alim, Əməkdar müəllim, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Kamil Aydazadənin 70 yaşı tamam olur.

Aydazadə Kamil Rəcəb oğlu 1950-ci il dekabrın 23-də Qusar rayonunda anadan olub. 1967-ci ildə Bakı şəhər 189 saylı riyaziyyat təmayüllü məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirib.

1972-ci ildə Azərbaycan EA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) laborant, 1974-1977-ci illərdə BDU-nun Hesablama Mərkəzində kiçik elmi işçi, sektor müdiri, 1977-1979-cu illərdə Kibernetika İnstitutunda sektor müdiri, 1979-1994-cü illərdə Neftqazavtomat ETLİ-də sektor müdiri, şöbə müdiri, elmi işlər üzrə baş direktorun müavini vəzifələrində işləyib. 1995-2004-cü illərdə Kibernetika İnstitutunda şöbə müdiri, 2004-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Tətbiqi riyaziyyat kafedrasının müdiri kimi çalışıb. Hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları laboratoriyasının rəhbəri, həmçinin BDU-nun İnformatika kafedrasının müdiridir.

O, 1978-ci ildə Tbilisidə Musxelişvili adına Hesablama Mərkəzində “Bəzi riyazi proqramlaşdırma üsullarının işlənməsi və tətbiqi” mövzusunda fəlsəfə, 1989-cu ildə isə Kiyevdə Kibernetika İnstitutunda “Şəbəkə strukturlu məsələlərin konstruktiv həll üsullarının işlənməsi və onların tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

1976-1980-ci illərdə alim tərəfindən işlənilmiş mürəkkəb texniki və texnoloji obyektlərin optimallaşdırılması, modelləşdirilməsi və tədqiqinə dekompozisiya yanaşması elm və texnikanın müxtəlif sahələrində real məsələlərin həlli üçün istifadə olunub və bu yanaşma intellektual proqram paket və sistemləri səviyyəsinə çatdırılıb.

K.Aydazadə tərəfindən toplanmış və paylanmış parametrli sistemlərdə çoxlu texnoloji proseslər və texniki obyektlərin (xüsusi halda neftqazçıxarma, xammalın boru-nəqli və s.) idarəetməsi üçün nəzərdə tutulan zona idarəedici təsirlərin sintezinin yeni qoyuluşu və yanaşması təklif olunub. Onun rəhbərliyi ilə Azərbaycan dili üçün çap əlyazma, əlyazma mətnlərinin və nitqin tanınması, nitqin sintezi, mətnin və nitqin anlaması intellektual kompüter sistemləri yaradılıb və bu sistemlərdə alim tərəfindən dekompozisiya, modelləşdirmə, optimallaşdırma və qeyri-səlis nəzəriyyələrin əsasında hazırlanmış riyazi aparatdan istifadə olunub.

Həmçinin qraflar nəzəriyyəsindən istifadə edən riyazi modelə-şəbəkə quruluşuna malik bir sıra vacib praktiki məsələlər həll olunub. Toplanmış və paylanmış parametrli obyektlərin idarəetmə məsələləri, mürəkkəb dairəvi quruluşlu neft-qaz-nəqliyyat boru şəbəkələrində rejim, hesablama və optimallaşdırma məsələləri bu sıradandır.

1978-1988-ci illərdə Kamil Aydazadənin elmi nəticələrinin tətbiqinin vacib obyektlərindən biri “Enerji” EİB (S.P. Korolyov adına KB) olub. Bu obyekt üçün onun iştirakı ilə müxtəlif texniki problemlər üçün optimallaşdırma və hesablama üsulları, alqoritmlər və proqram təminatı işlənib. Xüsusilə, “Soyuz-Apollon” birləşdirmə qovşağının kinematik və dinamik analizi, uçma aparatının trayektoriyasının optimallaşdırılması, aparatda həyat təminedici sistemin hesabatı aparılıb. 

Onun rəhbərliyi altında bir çox dövlət müəssisələrində informatlaşdırma üzrə işlər aparılıb. Alim “Seçkilər” kompüter sisteminin pilot variantının işlənib hazırlanmasında və sistemin UNDP (United Nations Development Proqram) beynəlxalq proqramı çərçivəsi tərkibində inkişaf konsepsiyasının yaradılmasında məsul icraçı kimi fəal iştirak edib. 1993-cü ildən onun tərəfindən alınan çoxlu elmi nəticələr AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatlarına mühüm nəticələr kimi daxil edilib.

Kamil Aydazadə 546, o cümlədən xaricdə nəşr olunmuş 410 elmi əsərin müəllifidir. Onun məqalələrinə yerli və xarici tanınmış alimlərin çox sayda istinadları var. Alimin elmi rəhbərliyi ilə 4 elmlər, 19 fəlsəfə doktoru hazırlanıb.

1985-ci ildə yüksək elmi naliyyətlərinə və 1988-ci ildə “Urenqoyqazçıxarma” və “Yamburqqazçıxarma” İstehsal Birlikləri üçün mədənlər operativ idarəetmə sistemlərinin birinci növbəsinin işlərini müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, 1988-ci ildə SSRİ Cihazqayırma Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub. 2001-ci ildə elmi fəaliyyətindəki nailiyyətlərinə görə, AMEA-nın Fəxri fərmanına layiq görülüb. 2011-ci ildə ölkə başçısının Fərmanı ilə ona Əməkdar müəllim adı verilib.

Tanınmış alimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: