Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Folklor İnstitutunda YUNESKO "Aşıq Şəmşir" kafedrası” yaradılıb
11.01.2021 11:16
  • A-
  • A
  • A+

Folklor İnstitutunda YUNESKO "Aşıq Şəmşir" kafedrası” yaradılıb

AMEA-nın Folklor İnstitutunun nəzdində "Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO "Aşıq Şəmşir" kafedrası"nın açılması üçün 30 aprel 2018-ci il tarixində YUNESKO-ya rəsmi müraciət edilib. Müraciət sənədlərində kafedranın quruluş məqsədləri və fəaliyyət planı ilə yanaşı, Folklor İnstitutunun fəaliyyəti və Aşıq Şəmşir irsi haqqında məlumat verilib, kafedranın açılmasına yerli və beynəlxalq qurumlardan, o cümlədən YUNESKO üzrə Azərbaycan Milli Komissiyasından, Türkiyənin Yunus Əmrə İnstitutundan, Azərbaycan, Türkiyə və Gürcüstanın ali təhsil ocaqlarından və ictimai təşkilatlarından alınmış dəstək məktubları əlavə olunub.

YUNESKO-nun Baş katibliyi, Folklor İnstitutu nəzdində "Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO "Aşıq Şəmşir" kafedrası"nın açılmasına dair müraciət sənədlərinə müsbət rəy verərək, 22 dekabr 2020-ci il tarixində kafedranın təsis edilməsinə dair qərar qəbul edib.

Azərbaycanın görkəmli saz-söz sənətkarı Aşıq Şəmşirin adını daşıyan bu kafedra dastançılıq ənənələri (storytelling) üzrə dünyada ilk YUNESKO kafedrasıdır və sadəcə Azərbaycan üçün deyil, dünya üçün əhəmiyyət kəsb edən YUNESKO kafedrası rolunu oynayacaq. Kafedra Azərbaycanın, o cümlədən Folklor İnstitutunun xalq musiqisi və dastançılıq ənənələri üzrə dünyada beynəlxalq mərkəz kimi tanıdılmasına xidmət edəcək. Kafedra Azərbaycanın zəngin mədəni irsini özündə ehtiva edən xalq musiqilərimizə və dastanlarımıza beynəlxalq tədqiqatçıların diqqətini cəlb etməklə yanaşı, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın şifahi xalq ədəbiyyatı və musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradacaq.

Qeyd edək ki, YUNESKO-nun kafedraları istisna hallarda şəxslərin adını daşıyır. Bu çərçivədə, YUNESKO-da Aşıq Şəmşir irsinin tanıdılması ilə bağlı 2014-cü ildən etibarən Azərbaycanın "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən məqsədyönlü işlər görülüb. Belə ki, 2014-cü ildə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin YUNESKO-da akkreditasiya edilməsi üçün müraciət edilib, 2016-cı ilin iyunun 1-də YUNESKO-nun "Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya"ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin YUNESKO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birlik YUNESKO QHT Forumuna üzv qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: